Nida.az
Ruhaninin çantasındakı ən vacib məsələ: Bakı Tehranı Qərbə aparır – TƏHLİL
İran prezidenti Həsən Ruhani dövlət başçısı kimi Azərbaycana ilk səfərini sabah reallaşdıracaq. Bu səfər iki yaxın və tarixi bağlılığı olan ölkə arasında qarşılıqlı münasibətləri daha yüksək məqamlara daşımaq baxımından önəmlidir. Eyni zamanda, Ruhani son 10 ilə yaxın bir müddətdə Bakıya gələn ilk iranlı prezidentdir. 2006-cı ildən sonra Bakı ilə Tehran arasındakı yollar, demək olar, qapanmışdı. Tehran Bakını İsraillə əməkdaşlıqda ittiham edir, ən pisi isə Qərblə qarşıdurmada İrana endiriləcək zərbənin müstəvisi ola biləcəyini iddia edirdi. Rəsmi Bakı bütün bu iddiaları inkar edirdi, öz ərazisindən heç bir qonşusuna qarşı istifadəyə icazə verməyəcəyini bildirdi.
Buzların əridiyi dövr: Bakı və Tehran öz çıxarlarını
düşünür
Nəhayət, bu il Bakı-Tehran münasibətlərindəki gərginlik yumşaldı.
Tehranda rəhbər dəyişikliyi, Əhmədinejatdan daha praqmatik olan
Ruhaninin prezident seçilməsi, həmçinin İranın Qərblə
münasibətlərdəki buzların əriməsi qonşu ölkələrin münasibətlərinə
də təsirsiz ötüşmədi.
İllərdir Tehrana getməyən Azərbaycan dövlət başçısı bu ilin
aprelində İrana rəsmi səfər etdi. Bundan sonra bir sıra yüksək
vəzifəli Azərbaycan rəsmiləri ilə İran rəsmiləri qarşılıqlı
səfərlər etdilər. Bunun məntiqi davamı olaraq İran prezidenti Həsən
Ruhaninin Bakıya gəlməsinə bir gün qalıb.
Regional təhlükəsizlik, Xəzər amili, İŞİD... masada ola
biləcək məsələlər
Ruhaninin Bakı səfərində masaya yatırılacaq ilk məsələ, güman ki,
Bakı-Tehran münasibətlərinin yüksək templə irəliləməsi olacaq. Bu,
Qərblə İran arasında buzların əriməsi baxımından Tehranın
marağındadır.
Bununla yanaşı, regional təhlükəsizlik, Xəzərin statusu məsələləri
də aktualdır. Eyni zamanda, dini ekstremizm, xüsusilə İran və
Azərbaycan üçün yaxın, yaxud uzaq perspektivdə təhlükə mənbəyi olan
İŞİD müzakirə edilə biləcək mövzular sırasında ilk
yerlərdədir.
Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Həsən
Ruhaninin qarşılıqlı müzakirə edəcəyi bir çox önəmli məsələ olacaq.
Bu, uzun illər yüksək gərginlik altında olan münasibətlərə yenidən
baxmaq, ölkələrin öz çıxarları prizmasından yanaşmaq üçün vacib
məqamdır.
Çıxış yolları axtarılır... Ruhaninin Bakı səfərində ən
vacib məqam
Ruhaninin səfərinin fonunda ən vacib və masada ön sırada dayanan
məsələ olaraq enerji amili var. Söhbət Ukrayna hadisələrindən sonra
Avropa üçün hava-su kimi lazımlı olan təbii qazdan gedir. “Köhnə
Qitə” Rusiya qazından tamamilə qurtulmağın yollarını axtarır. Bu,
yaxın bir neçə il ərzində mümkünsüz görünsə də, Avropa üçün
Azərbaycan qazı və dəhlizi ən əlverişli versiyadır. Ötən ay “Cənub
qaz dəhlizi”nin Bakıda təməlinin atılması təsadüfi deyildi. Bakı
qazını Türkiyəyə daşıyacaq TANAP kəməri TAP-a qoşularaq enerji
daşıyıcılarını Avropanın cənubuna qədər aparacaq. Avropa buna ən
sərfəli xilas yolu olaraq baxır. Lakin Azərbaycanın ilk vaxtlar hər
il 10 milyard kubmetr qaz verəcəyi kəmər avropalıların dərdini tam
sağaltmır. Bu baxımdan, faktiki ən real və sərfəli dəhlizə əlavə
mənbələr tapmaq üzərində iş aparılır. İlkin versiya türkmən
qazıdır. Xəzərin dibi ilə çəkiləcək Transxəzər kəməri türkmən
qazının TANAP-a qoşacaq, burdan da Avropaya daşınacaq. Aşqabad buna
razıdır və ilkin variant kimi 10 milyard kubmetr qazı Qərb üçün
saxlayır. Lakin Rusiya amili bu variantı çətinləşdirir. Xəzərin
statusu hələ də müəyyənləşməyib və Türkmənistan üçün nə qədər
əhəmiyyətli layihə olsa belə Aşqabad yaxın qonşusu Rusiyanı
tapdalayaraq onun razılığı olmadan qaz vermək istəmir. Hazırda
Aşqabadın razı salınması yolunda iş aparılır. Ötən həftə
Türkmənistana səfər edən Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan da
türkmənbaşını bu layihəyə razı salmağa çalışıb. Bu variant mümkün
çıxış yolu olaraq qalmaqdadır.
İkinci ən mühüm variant İran təbii qazıdır. Bunun üçünsə ən
əlverişli yol Bakı dəhlizidir. Təbii ki, İran qazının Avropaya
çıxarılması dəhlizinə göz dikənlər də var. Söhbət Ermənistandan
gedir. Amma...
İran və Qərb arasında nüvə məsələsində yekun razılaşma
imzalandıqdan sonra gündəlikdə duran birinci məsələ İran təbii
qazının Avropa bazarına çıxarılması olacaq. Önə çıxan marşrutlardan
biri və bəlkə də, ən əlverişlisi Azərbaycan vasitəsilə İran qazının
Avropaya daşınmasıdır.
Bu məsələ Azərbaycan prezidentinin Tehran səfərində müzakirə
mövzularından biri olub.
Erməni politoloqları isə İran qazının bu ölkə marşrutu ilə çıxarılmasını əlverişli variant kimi təqdim edirlər. Onların fikrincə, regionda təsir imkanları üzərində İranla Türkiyə arasında qarşıdurma var, Azərbaycansa Ankaranın ayrılmaz dostudur. Bundan başqa, Bakı ilə Tehran arasında Xəzərin dib sularının bölünməsində fikir ayrılığı var. İran-İraq-Suriya marşrutunun təhlükəli olduğunu diqqətə çatdıran ermənilər, ən əlverişli yol kimi Ermənistan üzərindən təbii qazın daşınmasını təqdim edirlər. Lakin erməni başbilənlərin unutduğu bir neçə məqam var.
Tehran təbii qazın satıcısı olaraq bir sıra məqamlara görə Ermənistan marşrutuna üstünlük verə bilər. Amma Qərb alıcı olaraq buna nə dərəcədə razı olacaq?
İrəvan 3 illik danışıqdan sonra Avropa ilə Assosiativ Sazişdən
imtina edərək bir növ Qərbə “atdı” və Moskvanın layihəsinə -
Avrasiya İttifaqına qoşuldu. İrəvan Qərb qarşısında işlətdiyi bu
“günah”ı az da olsa BMT Baş Assambleyasında Ukrayna qətnaməsinin
müzakirəsi zamanı yuya bilərdi. Amma bunu etmək də onun özü əlində
deyildi. Ermənistan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən
qətnamənin əleyhinə səs verməklə birmənalı olaraq Rusiya cəbhəsində
yer aldığını və beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik
etdiyini göstərdi.
Beləliklə, İrəvan Qərbin yaddaşında ən etibarsız və yalançı
tərəf olaraq qaldı. Digər tərəfdən, Qərbin Rusiya qazından qurtuluş
yolunu Rusiyanın nəzarət etdiyi torpaqlar vasitəsilə etməsi gülünc
olardı. İran bəlkə də təbii qazının Ermənistan ərazisindən
daşınmasına razı olar, amma burda hər şey Tehrandan asılı deyil.
Qərb əsas söz sahibidir. Azərbaycan Gömrük Şurası ətrafında baş
verən proseslər və Ukrayna hadisələrindən sonra daha etibarlı
tərəfdaş olduğunu göstərdi.
Burda Rusiya amili də unudulmamalıdır. Moskva Ermənistanın təbii
qaz tranzitindən əlavə qazanc əldə etməsinə və iqtisadi
müstəqilliyə nail olmasına razı olmaz. Çünki bu, İrəvanın Qərb
cəbhəsinə keçməsini reallaşdıra bilər.
Göründüyü kimi, bütün tərəflərin maraqları kontekstində İran qazının Ermənistandan daşınması mümkün deyil. Bununla yanaşı, Qərbin Azərbaycan və Türkiyənin öz maliyyəsi hesabına hazırda inşa edilən dəhlizi bir kənara qoyub, kasıb Ermənistandan reallaşması sual altında olan hansısa qeyri-müəyyən kəmərə pul yatırması və buna ümid etməsi yalnız xəyal ola bilər.
Bakı və Tehranın öz marağı
İran qazının “Cənub qaz dəhlizi” ilə Avropaya çıxarılmasında
Bakı və Tehranın da öz marağı var.
Azərbaycan üçün İran qazının daşınmasında tranzit olmaq öz cibinin
pulu ilə inşa etdiyi kəmərin Qərb üçün aktuallığını daim saxlaması
və gələcəkdə ölkənin siyasi və iqtisadi divident əldə etməsi
deməkdir. Yəni, Bakı uzaq gələcəyi indidən hesablayıb və buna uyğun
addım atır.
Digər tərəfdən, bu, Tehranın Ermənistana dəstəyinin aradan
qalxması və Bakının yürütdüyü təcrid siyasətinin güclənməsi
deməkdir. Bu isə dolayısı yolla Dağlıq Qarabağın ədalətli şəkildə
Azərbaycanın ərazi bütövlüyü xeyrinə həllini sürətləndirə bilər.
Ermənistan Rusiyadan sonra arxalandığı ikinci gücü – İranı
itirəcək.
İran üçün öz qazının Azərbaycan vasitəsilə Avropaya çıxarmaq ilk
növbədə iqtisadi dividentdir. Yəni Ermənistandan çəkiləcək boru
kəmərinə pul xərcləməkdənsə, daha az kapitala daha çox pul qazanmaq
şansı itirilməyəcək.
Tehran Qərblə münasibətlərin yoluna qoyulmasında maraqlıdır və
bunun üçün addımlar atılır. Bakı Qərb-İran münasibətlərinin yoluna
qoyulmasında da əlverişli dialoq müstəvisi ola bilər.
Bunun fonunda Tehran İran-Ermənistan münasibətlərinin yaxınlığı ilə bağlı rəsmi Bakının narahatlığını qəbul edir. Belə bir vəziyyətdə İranın Ermənistanı çox da yaxına buraxması inandırıcı görünmür.
Deməli, Azərbaycan siyasi maraqlar baxımından İran üçün daha əlverişli ölkədir. Güman ki, bu məsələlər Ruhaninin səfəri çərçivəsində masa üzərində olacaq ən önəmli mövzular sırasında olacaq.
Asif Nərimanlı
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu