"Haaretz": "Ermənilər Xocalıda kütləvi etnik qırğın törədiblər"
Bizi izləyin

Nida.az

"Haaretz": "Ermənilər Xocalıda kütləvi etnik qırğın törədiblər"

İki həftə öncə İsrailin nüfuzlu "Haaretz" qəzetində israilli sosioloq Yair Oronun "Soyqırımın təkrarlanmasına yol verməmək üçün Azərbaycana silah satmaq olmaz" başlıqlı təxribat xarakterli məqaləsi dərc olunub.

Bu məqaləyə cavab olaraq "Haaretz" qəzetində Azərbaycan-İsrail əməkdaşlığı və Azərbaycanın Cənubu Qafqazda rolu ilə bağlı iki məqalə dərc edilib. Bu gün isə "Haaretz" qəzetində "Azərbaycan İsrail üçün çox vacib ölkədir" (http://www.haaretz.co.il/opinions/.premium-1.2481975) adlı üçüncü məqalə çap olunub.

Publika.az-ın verdiyi xəbərə görə, məqalənin müəllifləri Hayfa Universitetinin Cənubi Qafqaz üzrə aparıcı mütəxəssisləri, beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut və israilli tarixçi, doktor Emil Abramovdur.

Məqalə müəllifləri qeyd edirlər ki, sosioloq Oronla mübahisə etmək fikrində deyillər, fəqət azərbaycanlılarla ermənilər arasında münaqişə haqqında bəzi faktlar təqdim etmək istəyirlər. "Əsrlər boyu Cənubi Qafqaz münaqişələr və ziddiyyətlər regionu olub. Birinci dünya müharibəsinin başlanması ilə ermənilər Osmanlı imperiyasında öz hüquqlarının genişləndirilməsini tələb etməyə başladılar və bu məqsədlə Rusiyanın türklərə qarşı vuruşmasına yardım etdilər. Burada qondarma erməni soyqırımı məsələsini müzakirə etmək yeri deyil, sadəcə xatırlatmaq lazımdır ki, 1915-ci il Osmanlı imperiyasında baş verən hadisələrin azərbaycanlılarla heç bir əlaqəsi yoxdur", - deyə məqalə müəllifləri qeyd edirlər.

Arye Qutun və Emil Abramovun sözlərinə görə, Rusiya imperiyasının xarabalıqları üzərində üç müstəqil dövlət - Azərbaycan, Ermənistan və Gürcüstan yaradılıb. "Həmin dövrdə Azərbaycanın paytaxtı olan Bakı bolşeviklər və onun müttəfiqləri olan erməni daşnakları tərəfindən işğal edilmişdi. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda dinc azərbaycanlılara qarşı etnik qırğınlar və soyqırım törədiblər. Həmin ilin sentyabrında Bakı Türkiyənin dəstəyilə azad edildi. Azərbaycanın və Ermənistanın müstəqil mövcud olduğu iki il ərzində müharibələr nəticəsində həm ermənilər, həm də azərbaycanlılar həlak oldular. Region Qırmızı Ordu tərəfindən tamamilə işğal ediləndən sonra münaqişə 1920-ci ildə sona yetdi. Artıq XX əsrin 80-cı illərində Sovet İttifaqının dağılması dövründə xalqlar arasında köhnə ədavət qızışdı. Erməni separatçıları Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağda Ermənistana birləşmək tələbi ilə çıxışlar etməyə başladı. Bu dövrdə ermənilər Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlını öz dədə-baba torpaqlarından didərgin saldılar. Bu azərbaycanlılar Ermənistandan Azərbaycana deportasiya ediliblər", - deyə məqalə müəllifləri vurğulayırlar.

Sosiologiya professoru olan Oron üz məqaləsində iddia edir ki, Ermənistanda daxili gərginlik mövcuddur və Azərbaycanın hərbi qüdrətinin artması fonunda ermənilər ziyan çəkəcək, növbəti Azərbaycan-Ermənistan münaqişəsi başlasa, azərbaycanlılar ermənilərə qarşı etnik təmizləmə siyasəti aparacaqlar.

Arye Qut və Emil Abramov fikrincə, israilli sosioloqun Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğını haqqında heç vaxt eşitmədiyi tamamilə aydındır: “20 il bundan öncə Dağlıq Qarabağda məhz ermənilər tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bir milyon azərbaycanlı min illərlə yaşadıqları torpaqlarından qovulub və didərgin düşüb. Biz əminik ki, ermənilər Orona Azərbaycanın Xocalı şəhəri haqqında heç bir şey söyləməyiblər. Xocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılıb. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış xocalılara aman verməyiblər. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 adam qətlə yetirilib, 487 adam əlil olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıb. Mindən artıq yerli sakin girov götürülüb, daha 150 nəfərin taleyi indiyədək məlum deyil".

Arye Qut və Emil Abramov qeyd edirlər ki, ermənilər İsraillə Azərbaycan arasında olan təhlükəsizlik və hərbi münasibətlərdən qorxur və yeni müharibənin başlanmasından çəkinirlər: "Biz israilli kimi fəxr edirik ki, Azərbaycanda heç zaman antisemitizm olmayıb. İki il əvvəl Bakıda Cənubi Qafqazın ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olsa da, dünyəvi ölkədir. Burada multikulturalizm həyat tərzidir, orada dini etiqad azadlığı mövcuddur. Azərbaycanda yaşayan 20 min yəhudi fəxr edir ki, onlar müstəqil Azərbaycanın vətəndaşlarıdır. Maraqlıdır bu gün Ermənistanda nə qədər yəhudi yaşayır?"

Arye Qut və və Emil Abramovun sözlərinə görə 22 il ərzində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır, eyni zamanda ölkə rəhbərliyi vətəndaşlarının ümumi rifahını və inkişafını yaxşılaşdırmaq məqsədi ilə lazım olan bütün tədbirləri görür: "Bu gün Azərbaycanda qərb, o cümlədən İsrail şirkətlərinin neft və qaz, kənd təsərrüfatı, müdafiə, turizm, tibb və xay-tek sahələrində sabit və rahat çalışması üçün hər cür şərait var. Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyinə görə Cənubi Qafqaz regionunda təcrid edilmiş Ermənistan Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən praktik olaraq kənarda qalıb. Məhz buna görə də, Ermənistanda xarici investisiyaların yatırımı yox dərəcəsindədir. Bu səbəbdən Ermənistan əhalisi ölkəni tərk edib Türkiyəyə, İrana və Rusiyaya qaçır".

"Azərbaycan ordusunun modernləşdirilməsinə qoyulan maliyyə investisiyaları Cənubi Qafqaz regionu lideri olan Azərbaycanın taktikasıdır. Azərbaycan dövləti hərbi aspektdə özünü möhkəmlətmək üçün bunu həyata keçirir. Azərbaycan rəhbərliyi dəfələrlə Ermənistana münaqişənin sülh yolu ilə həllini təklif edib. Azərbaycan müharibə istəmir. Lakin o, indiki statusu-kvo ilə heç vaxt razılaşmayacaq".

Sonda məqalə müəllifləri vurğulayırlar ki, Azərbaycan İsrail dövlətinin Cənubi Qafqaz regionunda çox mühüm və strateji partnyorudur: "Azərbaycan İsrailin əsas neft və qaz tədarükçülərindən biridir, bir çox İsrail şirkətləri Azərbaycanda fəal və səmərəli işləyir, İsrail iqtisadiyyatına öz töhfələrini verirlər. Biz öz milli maraqlarımız haqqında düşünməliyik. Vaxtilə Böyük Britaniyanın xarici işlər naziri Lord Palmerston deyib: Bizim dostlarımız yoxdur, yalnız maraqlarımız var. Biz isə deyirik: Azərbaycanda bizim həm dostlarımız, həm də maraqlarımız var".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm