Vəfa Quluzadə: “Gərginlik nə Bakıya, nə də Tehrana sərf edir”
Bizi izləyin

Nida.az

Vəfa Quluzadə: “Gərginlik nə Bakıya, nə də Tehrana sərf edir”

“Azərbaycanla İran arasında münasibətlərin dərinləşməsi regional sabitlik üçün vacibdir”.


Bunu Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə İran prezidenti Həsən Ruhaninin Bakı səfərini şərh edərkən deyib.


Onun sözlərinə görə, Azərbaycan və İranı bir sıra ümumi amillər birləşdirir: “Buna görə də ikitərəfli münasibətlərin inkişafı vacibdir. Gərginlik nə Bakıya, nə də Tehrana sərf edir. Bunu hər iki ölkənin rəhbərliyində anlayırlar”.


Politoloqa görə, prezidentlərin müzakirə edə biləcəyi məsələlər genişliyi ilə seçilir: “Ən vacib məsələlərdən biri energetika sferasındakı əməkdaşlıqdır. Bu hər iki ölkənin milli maraqlarına xidmət edir. Xüsusilə, Ukrayna hadisələrindən sonra Qərb-Rusiya qarşıdurması fonunda bu vacibdir və Bakı ilə Tehran münasibətlərini yüksək səviyyədə saxlamağa məcburdurlar. Bununla yanaşı, Ruhaninin Azərbaycan-İsrail münasibətləri haqqında narahatlığını dilə gətirəcəyi mümkündür. Rəsmi Bakı bu münasibətlərlərin İran üçün təhlükə vəd etmədiyini dilə gətirəcək”.


V. Quluzadə prezidentlərin görüşündə Qarabağ məsələsinin də aktual olacağını qeyd edib. Onun fikrincə, bu məsələ erməni-İran münasibətləri kontekstində müzakirə oluna bilər.

“Tərəflər Xəzər dənizində razılaşdırılmayan məqamları da müzakirə edə bilərlər. Müzakirə ediləcək məsələlər çoxdur. Amma bütün hallarda Ruhaninin Bakı səfəri müsbət haldır. Çünki regionun sabitliyi baxımından ikitərəfli əlaqələr vacibdir və bu səfərin stabilliyə töhfə verəcəyini düşünürəm”, - deyə politoloq bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm