Polad Bülbüloğlu: “Həmin helikopter orada niyə uçmalı idi?”
Bizi izləyin

Nida.az

Polad Bülbüloğlu: “Həmin helikopter orada niyə uçmalı idi?”

Azərbaycan ərazi bütövlüyünü bütün mümkün yollarla, o cümlədən hərbi yolla qoruyub və qorumaqda davam edəcək. Azərbaycan bu barədə dəfələrlə bəyan edib və bu, heç kəs üçün sirr deyil. Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Kommersant" radiostansiyasına Azərbaycanın hava məkanında Ermənistana məxsus helikopterin vurulması ilə bağlı insidenti şərh edərkən deyib.

Səfirin sözlərinə görə, Azərbaycan öz ərazisində digər dövlətin hərbi təlimlər keçirməsindən hiddətlənib: "Azərbaycan XİN bu məsələ ilə bağlı müvafiq bəyanat verərək öz narazılığını ifadə edib. Digər dövlətin hərbi helikopterinin Rusiyanın dövlət sərhədini keçməsini necə təsəvvür edirsiniz? Rusiyanın qoşunları və digər strukturları necə hərəkət edərdilər? Koreya "Boing"i ilə bağlı vəziyyəti xatırlada bilərəm. Hər bir dövlət öz sərhədlərini qoruyur. Üstəlik bu, sərnişin deyil, hərbi helikopterdir. Ümumiyyətlə, həmin helikopter orada niyə uçmalı idi?"

P. Bülbüloğlu deyib ki, Azərbaycan işğalçı qoşunlar ölkə ərazisini tərk etməyənədək aqressiyaya qarşı mübarizə aparacaq: "Biz Ermənistanın heç bir hədəsindən qorxmuruq, qoy, Ermənistan öz vəziyyəti barədə düşünsün, onun vəziyyətində çətin ki, kimisə hədələmək olar".

ATƏT-in fəaliyyətdə olan sədrinin insidentlə bağlı bəyanatına dair suala cavab verən səfir vurğulayıb ki, ATƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma evlərindən qovulmuş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyəti barədə daha çox düşünməlidir: "ATƏT-i onların hüquqlarının pozulması daha çox narahat etməlidir. Təxminən 200 min azərbaycanlı Ermənistandan deportasiya edilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm