Bakı-Tehran yaxınlaşması regiona nə vəd edir? - TƏHLİL
Bizi izləyin

Nida.az

Bakı-Tehran yaxınlaşması regiona nə vəd edir? - TƏHLİL

İran prezidenti Həsən Ruhaninin Bakı səfəri maraqlı məqamlarla yadda qaldı. Tərəflərin münasibətləri müsbət məcraya daşımaq və əməkdaşlığı genişləndirmək kontekstindən yanaşdığı bu səfər bir sıra mühüm sənədlərin imzalanması ilə müşahidə olundu. Dövlət başçıları bundan sonrakı münasibətlər və əməkdaşlıqla bağlı birgə bəyannamə imzaladı.

Uzun fasilədən sonra İran prezidentinin Bakı səfəri dünyanın diqqətində idi. Həsən Ruhani öz doğum günündə Azərbaycana gəlmişdi və bunun arxasında Bakıya xüsusi müsbət jestin olduğu görünürdü.


66 yaşlı Ruhaninin Bakıda qeyd etdiyi doğum günü


Ruhani doğum gününü xüsusi qeyd etmirdi. Əslində rəsmi səfər gələn İran prezidentinin Bakı səfərində iki ölkə münasibətləri və regional məsələlərdə birgə əməkdaşlığın önəmi daha vacib idi. Lakin Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarının doğum gününü unutmadı və mətbuat qarşısında çıxışı zamanı Ruhani təbrik etdi.


Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlamasında Ruhaninin doğum günündə Bakıya səfər etməsinin arxasında incə məqamların olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan və İran arasında keçmişdə olmuş problemlər fonunda bu səfər diqqət çəkən idi: “Ruhani Azərbaycana bununla xüsusi jest etdi. Bu jestin arxasında Azərbaycanın önəmi və İranın bunu yaxşı dərk etdiyi dayanır. O, Azərbaycana öz səmimi hörmətini nümayiş etdirdi. Azərbaycan və İran tarix baxımından çox oxşardır. Bəzən münasibətlərdə kənar müdaxilələr, gərginlik ola bilər. Lakin hər iki paytaxtda münasibətlərin önəmini yaxşı anlayırlar. Ruhaninin bu səfərindən sonra münasibətlərin daha yüksək səviyyədə inkişaf edəcəyinə ümid edirəm”.


A. Mirzəzadə prezidentlərin görüşünü, imzalanan bəyannaməni, biznes forumunun keçirilməsini önəmli hal olaraq qəbul edir. Onun sözlərinə görə, iki yaxın ölkə müxtəlif səviyyələrdə bərabər səviyyəli əməkdaşlığa önəm verir.


“Bu səfər bütün hallarda iki ölkə arasındakı münasibətləri möhkəmləndirdi. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsində İranın mövqeyi və Xəzəri statusunun həll edilməsindəki yanaşma bu səfərdən sonra müsbətə doğru dəyişə bilər”, - deyə o bildirib.


“Bakı ilə yaxınlaşma Tehranın münaqişənin həllində Azərbaycana yardım edə biləcəyi ehtimalını yüksəldir”


Zaman-zaman İranın Ermənistanla yaxın münasibətlər qurduğu haqda informasiyalar yayılır və bunun mənzərəsi açıq şəkildə görünür. Yerli politoloqlar İranın Dağlıq Qarabağ münaqişəsində Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinə yardım etdiyini hesab edirlər. Lakin Ruhaninin Bakı səfərində verdiyi Qarabağ açıqlaması diqqətdən yayınmadı.

“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə öz həllini tapmalıdır”, - deyə İran prezidenti bildirdi.

Bunu İran prezidentinin diplomatik yanaşması da hesab etmək olar. Lakin Azərbaycan və İranın yüksələn münasibətlərində belə bir açıqlama müsbət qarşılanmalıdır. Tehran İrəvanla münasibətlərini obyektiv və ya subyektiv səbəblərdən pozmaqda maraqlı olmaya bilər. Amma münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinin tərəfdarı olduqlarını dilə gətirməsi Ruhanidən Bakıya dəstək idi. Çünki münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir və bunu bütün dünya qəbul edib.

Rusiyanın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Vladimir Sajin Rusiya mediasına Ruhaninin Bakı səfərini şərh edərkən İranın Dağlıq Qarabağ münaqişəsində vasitəçi qismində rol almaq niyyətlərindən danışıb: “Bakı ilə yaxınlaşma Tehranın münaqişənin həllində Azərbaycana yardım edə biləcəyi ehtimalını yüksəldir”.

Rusiyalı şərqşünas eyni zamanda bir sıra problemlərin həllinə yaşıl işıq yandırıldığını da düşünür.


“Azərbaycan və İran arasında münasibətlər yaxınlığı və səmimiliyi ilə seçilməyib. Ortada bir sıra ideolji və siyasi əngəllər var idi. Amma hər iki ölkə coğrafi və etnik baxımından tarixi yaxınlığa malikdir. Bakı və Tehran arasında ümumi maraqlar mövcuddur. İran prezidentinin Bakı səfəri ikitərəfli münasibətlərin inkişafında vacib dövrü başladacaq. Son zamanlar hər iki ölkədə münasibətlərin yaxşılaşması haqda danışılır. İki ölkənin iqtisadi və siyasi sahədə əməkdaşlığı sərfəlidir. Digər tərəfdən Tehran Qafqaza diqqəti artırıb. Bu həm Azərbaycana, həm də digər Cənubi Qafqaz ölkələrinə aiddir. Geostrateji baxımdan bu təbiidir. Ruhaninin Bakı səfərinə bu kontekstdən də yanaşmaq olar. Həmçinin, bu səfər iki ölkə arasındakı fikir ayrılıqlarının aradan qalxmasına da təsirsiz ötüşməyəcək. Xəzərdə Bakı ilə Tehranın maraqlarının toqquşduğu məqamlar mövcuddur. Yüksək səviyyədə görüş bu məsələni ölü nöqtəsindən tərpədə bilər. Amma ön planda iqtisadi və siyasi əməkdaşlıq dayanır”, - deyə rusiyalı şərqşünas qeyd edib.


Avropaya gedən yol Bakıdan keçir


İran prezidentinin Bakıda verdiyi açıqlamalar arasında ən önəmli məsələlərdən biri də Azərbaycanın Tehranın Avropaya çıxışında tranzit ola bilməsi faktoru idi.


“Azərbaycan Respublikası, o cümlədən İran elə bir coğrafi mövqedə yerləşir ki, onlar bir-biri üçün keçid-körpü ola bilər və biz Oman dənizindən, Hind okeanından tutmuş Asiyadan Avropaya qədər körpülərimizi birləşdirə bilərik. Biz Azərbaycan və Qafqaz vasitəsilə Avropa ilə birləşə bilərik. Azərbaycan da İran vasitəsilə cənub dənizləri ilə, okeanlarla birləşmiş olar”.


İran prezidentinin uzun fasilədən sonra Bakıda səsləndirdiyi bu fikir təsadüfi deyildi. Ukrayna böhranından sonra Avropanın enerji təhlükəsizliyi sual altında düşüb. Bu prosesdə əsas oyunçu olan Bakının “Cənub qaz dəhlizi”nə əlavə enerji mənbəyi lazımdır. Türkmən qazının Xəzərin dibi ilə gətirilməsi planı mövcuddur, lakin Rusiya faktoruna görə bunun reallaşmasına əngəllər var. Alternativ mənbə kimi İran qazı nəzərdə tutulur. Xüsusilə Qərb-İran münasibətlərinin yaxşılaşması fonunda bu mümkündür. Ruhaninin Bakını Tehran üçün Avropa qapısı adlandırması da bu kontekstdə təsadüfi deyil.


“Azərbaycanın İranla əlaqələrinin yenidən qurulması bizə qazanc gətirəcək”


Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc Publika.az-a açıqlamasında Həsən Ruhaninin İranın dünyadakı yeni bir imicini formalaşdırmaqda olduğunu deyib: “Artıq nüvə qalmaqalı və sanksiyalarla bağlı təsirlər də arxa plana keçib. Ən azından Barak Obamanın yazdığı üçüncü məktub da onların İranla bir çox məsələlərin müzakirəsində maraqlı olduqlarını göstərir. Bu da Azərbaycanın yeni statusda çıxış etməyinə imkan verir. Azərbaycan iki cəbhə arasında ötürücü naqil rolunu oynamağa başlayıb”.


Z. Oruca görə, Rusiya ilə yaranan problemlər fonunda Qərb İranla bağlı tabularını aradan qaldıracaq.


“Bu da ilk olaraq bölgənin inkişafı üçün yeni iqtisadi imkanlar vəd edir. İran qaz resurslarına malik ölkələrin ilk üçlüyündədir. Ona olan ehtiyac artır. Sırf Rusiyanı cəzalandırmaq üçün İrana bu imkanı tanıya bilərlər. Bunun fonunda Azərbaycanın İranla əlaqələrinin yenidən qurulması bizə qazanc gətirəcək. Bunu Avropa da arzulayır. Hadisələrin belə inkişafı Ermənistanı yenə iqtisadi imkanlardan kənarda saxlaya bilər. Faktiki olaraq, bu istəklər var. Avropaya da bəllidir ki, Qromıkonun qaz diplomatiyasını indi “Qazprom” həyata keçirir. Avropanın 6 ölkəsi 100 faiz, 7-si 80 faiz Rusiyadan enerji asılılığındadır. Aİ ilə Rusiyanın ticarət dövriyyəsi isə 420 milyard dollardır. Onlar bu rəqəmi azaltmaqla Rusiyanı çökdürmək istəyirlər. Buna görə də keçmişdə aralarında problem olan dövlətlərlə münasibətləri yeniləyirlər. Amma İranla Rusiyanın yeni enerji anlaşması imzalaması da unudulmamalıdır. İki ölkə bu məsələdə bir-birinə qarşı manevr etməyəcəklərinə dair razılığa gəliblər. İndi Türkiyənin, Türkmənistanın, İranın da cəlb edilməsi bölgənin qazanılması uğrunda mübarizənin yeni bir mərhələsidir. Azərbaycan TAP və TANAP-ı seçməklə Rusiya ilə toqquşmaqdan yan keçdi. Rusiya-Ukrayna konfliktini bir il qabaqladı. Əgər NABUCCO seçilsəydi, koalisiyanın önündə dayanan Azərbaycan birbaşa Rusiyanın hədəfinə düşəcəkdi. Amma TAP layihəsinin önündə Türkiyənin olması koalisiyanı daha güclü edir. İranla Türkiyə isə son günlər ərəb dünyasına görə fikir ayrılığı yaşamaqdadırlar. Buna görə də Azərbaycan çoxvektorlu siyasətdə öz maraqlarını güdməlidir”, - deyə millət vəkili vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm