Novruz Məmmədov: Ermənistan rəhbərliyi başa düşməlidir ki, xalqı bu cür fəlakətə aparmaq lazım deyil
Bizi izləyin

Nida.az

Novruz Məmmədov: Ermənistan rəhbərliyi başa düşməlidir ki, xalqı bu cür fəlakətə aparmaq lazım deyil

Helikopterin vurulması zamanı həlak olanlar da insan idilər, əsgər idilər. Onlar sadəcə Ermənistan rəhbərlərinin avantürist təcavüzkar siyasətinin qurbanlarıdırlar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə bildirib.


PA rəsmisinin sözlərinə görə, sadəcə olaraq Ermənistan rəhbərliyi başa düşməlidir ki, xalqı bu cür fəlakətə aparmaq lazım deyil.


N.Məmmədov deyib ki, burada çox böyük mürəkkəb proseslər gedir: "Birincisi, bu bir neçə ay ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir aktivləşmə müşahidə olunub. Yəni uzun müddət fasilədən sonra beynəlxalq birlik, xüsusilə də həmsədr dövlətlər və onların rəhbərləri bu münaqişənin həllinə diqqəti artırmaq qərarını verdilər və bu istiqamətdə müəyyən addımlar atıldı. Azərbaycan Prezidenti Rusiya Prezidentinin təşəbbüsü ilə və onun iştirakı ilə Soçidə Ermənistan Prezidenti ilə görüşdü. Bu, münaqişənin həlli istiqamətində atılan bir addım idi. Bundan sonra belə bir görüş ABŞ dövlət katibinin iştirakı və təşəbbüsü ilə keçirildi və iki ölkənin rəhbərləri arasında danışıqlar aparıldı. Nəhayət, bir qədər bundan əvvəl belə bir təşəbbüslə Fransa Prezidenti çıxış etdi, Paris görüşü keçirildi. Görüşdə münaqişənin həlli ilə bağlı proseslərə bir baxış oldu, fikir mübadiləsi aparıldı".


O, təəssüflə qeyd edib ki, bütün bu səylərə baxmayaraq, Ermənistan tərəfi hansı yolla olursa-olsun, indiki status-kvonu qoruyub saxlamağa çalışır və bunun üçün də müxtəlif bəhanələrə, yalanlara, böhtanlara əl atır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm