Ekspert: “Bu, iki ölkənin münasibətlərində çox önəmli faktordur“
Bizi izləyin

Nida.az

Ekspert: “Bu, iki ölkənin münasibətlərində çox önəmli faktordur“

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu iyunun 26-da İstanbulda Azərbaycanla Türkiyə arasında imzalanmış Trans Anadolu Qaz Kəməri (TANAP) layihəsinin əhəmiyyətini Publika.Az-a şərh edib.

Eksert deyib ki, bu layihə iki il öncəyədək o qədər də populyar deyildi. Layihə qəfil meydana gəldi və çox qısa surətdə imzalandı:

"TANAP hər iki ölkə üçün çox gərəkli layihədir. Layihə həm Türkiyə ilə Azərbaycanı bir-birinə yaxınlaşdıracaq, strateji müttəfiqliyi gücləndirəcək, həm də iki ölkənin bölgədəki siyasi çəkisini artacaq. Eyni zamanda bununla Dövlət Neft Şirkəti Türkiyədə ən böyük yatırımçı şirkət, Azərbaycan isə ən böyük yatırımçı ölkə statusu qazanacaq. Bu, iki qardaş ölkənin münasibətlərində çox önəmli faktordur".

Elxan Şahinoğlu layihənin rəqiblərinin, ona qısqanclıqla yanaşan ölkələrin olduğunu vurğulayıb:

"Bunlar da bəlli ölkələrdir: Yəni Rusiya, İran və Ermənistan... Rusiya və İran ona görə qıcıqlanırlar ki, Azərbaycan qazı bu ölkələrdən yan keçməklə Avropaya daşınacaq. Bununla onların enerji bazarındakı çəkiləri azalacaq. Ermənistanın itkiləri lap böyükdür.

Çünki Ermənistan torpaqları vaxtında boşaltsaydı, boru kəməri bu gün bəlkə də Gürcüstandan deyil, Ermənistandan keçərdi. Beləliklə də tranzit haqqına görə Gürcüstana çatası qazanclar Ermənistana çatardı. Bu baxımdan Ermənistanın itkiləri daha böyükdür".

Mərkəz rəhbəri TANAP işə düşdükdən "Nabucco" layihəsinin bir qədər də gündəmdən çıxacağını vurğulayıb:

"Bu layihə əslində "Nabucco" layihəsini üstələdi. "Nabucco" haqqında illərdir danışılır, amma ortada real bir iş yoxdur. Nə bu boru xəttini kimin tikəcəyi, nə də kimin maliyyə ayıracağı bəllidir. Məlumatlara görə, bu boru xətti ilə Türkmənistan qazı daşınacaq. Amma nə qədər türkmən qazının ötürüləcəyi, boru xəttinin necə inşa ediləcəyi bəlli deyil.

Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya daşınması üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Bunun necə reallaşacağı da naməlumdur. Amma TANAP-ın inşası ilə bağlı bütün bu kimi məsələlər həll olunub. Bundan başqa, Azərbaycanın o qədər çox qaz rezervi yoxdur ki, həm TANAP-la, həm də "Nabucco" ilə qaz ixrac etsin. TANAP işə düşəndən sonra "Nabucco" xeyli dərəcədə arxa plana keçəcək".

Səxavət Həmid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm