Aydın Mirzəzadə: “İctimai Palatanın bəyanatları çox qeyri-ciddidir“
Bizi izləyin

Nida.az

Aydın Mirzəzadə: “İctimai Palatanın bəyanatları çox qeyri-ciddidir“

"Onların bugünkü fikri ilə sabahkı fikri əksər hallarda bir-biri ilə uyğun gəlmir"

"Azərbaycan demokratik və hüquqi dövlətdir. Onun 1995-ci ildə qəbul edilmiş, sonradan iki dəfə əlavə və düzəlişlər edilmiş, dünya standartlarına cavab verən konstitusiyası var. Hər bir seçkidə olduğu kimi 2013-cü ilin prezident seçkiləri də demokratik, ədalətli və şəffaf keçiriləcək".

Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Qeyd edək ki, bu günlərdə İctimai Palatanın təşkilatçılığı ilə "Seçki dinləmələri" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada bildirilib ki, hazırkı seçki mühiti və qanunvericiliyi seçkilərin demokratik keçirilməsinə imkan vermir. Dinləmələrdə təklif olunub ki, yeni xalq hərəkatı yaradaraq hakimiyyət demokratik seçki keçirməyə vadar edilsin.

Aydın Mirzəzadə sözügedən tədbirə münasibət bildirərkən deyib ki, cəmiyyətin müəyyən siyasi qüvvələrinin böyük ambisiyasına baxmayaraq seçkilərdə qələbə qazanmaq üçün elə böyük bir resursları yoxdur:

"Ona görə də hay-küy qaldıraraq seçkini gözdən salmağa, onun haqqında ədalətsiz xəbər yaymağa çalışırlar. Seçkilər kiminsə ambisiyası və yaxud istəyi ilə deyil, qanunun tələblərinə uyğun keçirilir və buna da hər hansı şübhə yoxdur".

Bununla belə, Aydın Mirzəzadə Seçki Məcəlləsinə müəyyən texniki düzəlişlərin ola biləcəyini istisna etməyib:

"Amma məcəllənin mahiyyətinin dəyişilməsinə, yenidən yazılmasına və kəskin dəyişilməsinə heç bir ehtiyac yoxdur. İndiki seçki qanunvericiliyi demokratik seçki keçirilməsinin bütün tələblərinə cavab verir".

Aydın Mirzəzadə "belə olan təqdirdə müxalifətin İctimai Palatada toplaşan hissəsi nəyə görə seçki qanunvericiliyini şübhə altına alır?" sualına cavab olaraq deyib:

"Məsələ ondadır ki, müxalifətin həmin qanadının bəyanatları ümumilikdə çox qeyri-ciddidir. Əgər bu gün onlar seçkinin demokratik keçirilməyəcəyini və seçkiyə getməyin əhəmiyyəti olmadığını bildirirlərsə, gələn il həmin seçkidə iştirak edəcəklər, seçki tribunasından yararlanacaqlar, bəyanatlar verəcəklər, özlərinin təqdim və təbliğ edəcəklər. Bir sözlə onların bugünkü fikri ilə sabahkı fikri əksər hallarda bir-biri ilə uyğun gəlmir. Qeyri-ciddi söhbətlər artıq cəmiyyətin diqqətini cəlb etmir. Müxalifətin hansısa bir qanadının özü haqqında ambisiyalı bəyanatlar verməsinin seçki prosesinə heç bir aidiyyəti yoxdur".

Səxavət Həmid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm