Nida.az
Mehriban Əliyeva: "Birinci Avropa oyunları sağlam rəqabət, dostluq şəraitində keçiriləcək" - FOTOLAR
Kann, Afina və Berlindən sonra “Bakı-2015” ilk Avropa
oyunlarının növbəti təqdimatı noyabrın 18-də İstanbulun “Çırağan”
sarayında keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva
təqdimat mərasimində iştirak edib.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın
Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə qardaş
ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və
idman xadimləri iştirak ediblər. Qonaqlar əvvəlcə “Baku-2015”-ə
həsr olunmuş bürünc heykəllərindən ibarət sərgiyə baxdılar. “Biz
birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltaraşımızın əsərləri
nümayiş etdirilib. Onların hər biri müxtəlif cərayanları nümayiş
etdirməklə özlərində ilk Avropa Oyunlarının həyəcanını sənətin dili
ilə dolğun əks etdirirdi.
Sonra qonaqlar Azərbaycanın mənzərələrindən ibarət fotoşəkillərə
də baxıblar. Burada da ölkəmizin regionları ilə yanaşı, Bakının
müxtəlif mənzərələri, o cümlədən Azərbaycanın mədəniyyətinin şah
əsərləri fotolar vasitəsilə yüksək səviyyədə təmsil
olunurdu.
Tədbirin aparıcısı vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda
keçirilməsi ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuza
söykənir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqət çəkən bu
hadisə həm də Azərbaycanın idman sahəsində son illərdə qazandığı
uğurlara dəstək xarakteri daşıyır. Təsadüfi deyil ki, 2002-ci ildən
36 beynəlxalq yarışa ev sahibliyi edən Azərbaycanda ən son 2014-cü
ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı keçirilib. 22 illik
müstəqilliyi dövründə 200-dən artıq atletlə yay və qış olimpiya
oyunlarında təmsil olunan ölkəmiz bu günə qədər olimpiadalarda 26,
Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal
qazanıb.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdağanın və xanımı
Əminə Ərdoğanın mərasimə ünvanladıqları məktub oxunub. Məktubda
qədim və müasir Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə
keçəcəyinə əminlik, qardaş ölkələrimiz arasındakı əlaqələrin bütün
sahələrdə inkişaf etməsindən məmnunluq ifadə olunur və bu
təqdimatın əhəmiyyəti vurğulanır.
Azərbaycanın birinci xanımı, birinci Avropa oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etmişdir.
Birinci xanım Mehriban Əliyevanın çıxışı
Hörmətli Xanımlar və cənablar!
Əziz dostlar.
Əziz qonaqlar.
Qardaş Türkiyədə yenidən olmağımdan çox mutluyam. Minillik tarixə
malik və dünyanın ən gözəl şəhərlərindən biri olan İstanbulda bu
gecə sizləri görmək və salamlamaq mənim üçün çox xoşdur. Çox sağ
olun ki, bu axşam bizimlə birlikdəsiniz. Birlik kəlməsi türk və
Azərbaycan xalqlarının xislətini əks etdirir. Birlik və qardaşlıq
dövlətlərarası əlaqələrin də əsasıdır. Biz əsrlər boyu
bir-birimizin yanında olmuşuq, xalqlarımızı möhkəm tellər
birləşdirir. Baxmayaraq ki, keçmiş sovet dövründə, 70 il ərzində
əlaqələr süni şəkildə kəsilmişdir, xalqlarımızın qəlbində
qarşılıqlı məhəbbət və hörmət daim yaşamışdır.
Biz hər zaman bir-birimizi dəstəkləyirik. Zənnimcə dünyada ən
yaxın və ən qardaş iki dövlət məhz Azərbaycan və
Türkiyədir.
Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ölkələrimiz
arasında əlaqələr də bərpa olundu və tamamilə yeni səviyyəyə
qaldırıldı. Bu gün demək olar ki, bizim əməkdaşlığımız bütün
sahələri əhatə edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir.
İqtisadi əlaqələr ildən-ilə artmaqdadır. Azərbaycan tərəfindən
xarici ölkələrə qoyulan investisiyaların ən böyük payı Türkiyəyə
düşür. Bizim əlaqələrimiz mədəni, təhsil sahəsini də əhatə edir.
Yüzlərlə azərbaycanlı tələbə Türkiyənin ali məktəblərində,
universitetlərində təhsil alır. Azərbaycan ilə Türkiyə beynəlxalq
təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qurublar.
Azərbaycan-Türkiyə birliyi yaşadığımız bölgədə sabitləşdirici
amildir. Bizim birgə həyata keçirdiyimiz irimiqyaslı layihələr,
istər enerji sektorunda, istər nəqliyyat sektorunda nəinki bölgə
üçün, dünya üçün böyük önəm daşıyır. Türkiyə ilə Azərbaycan TANAP
layihəsinin aparıcı qüvvəsidir. Gələn il istifadəyə verilən Bakı -
Tbilisi – Qars dəmir yolu Avropa ilə Asiyanı bağlayacaq. Bütün bu
uğurlu layihələrin, uğurlu proqramların təməlində xalqlarımızın
qardaşlığı, dövlətlərimizin iradəsi durur. Biz Azərbaycanda
Türkiyənin uğurlarına öz uğurlarımız kimi sevinirik. Sevinirik ki,
Türkiyə son on il ərzində sürətli inkişaf və tərəqqi yolu ilə
gedir. Türkiyə böyük iyirmilərin üzvü olaraq dünya problemlərinin
həllinə öz töhfəsini verir.
Azərbaycan da son on il ərzində dünyanın ən yüksək sürətlə
inkişaf edən ölkəsinə çevrilib. Son on il ərzində iqtisadi artım 3
dəfədən çox olub, büdcə xərcləri 20 dəfə artıb, yoxsulluğun və
işsızlıyin səviyyəsi beş faizə enib. Ölkədə on il ərzində 3000 –dən
çox yeni məktəb binası inşa olunub və təmir edilib. Tarixi və
mədəni abidələr bərpa olunur, eyni zamanda, yeni mədəniyyət
ocaqları, muzeylər, sərgi salonları qurulur. Azərbaycanın
beynəlxalq mövqeyi ildən ilə möhkəmlənir və bu gün Azərbaycan
dünyada etibarlı tərəfdaş kimi tanınır. Heç də təsadüfi deyil ki,
Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk Avropa oyunları
Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Bu qərar
Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə və böyük dəstəklə
qarşılanıb.
Əziz dostlar, ona baxmayaraq ki, olimpiya hərəkatı Avropada
doğulub və sonradan Avropada bərpa olunub, bu vaxta qədər Avropa
oyunları keçirilməyib. Tarixə ilk Avropa oyunları kimi daxil olan
belə iri miqyaslı yarışmaları qəbul etmək, hazırlamaq və keçirtmək
əlbəttə bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir.
Bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdmana,
olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas
istiqamətlərindən biridir. Biz müstəqilliyimizi bərpa etdikdən
sonra olimpiya oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir
zamanda idmançılarımız böyük nailiyyətlər əldə ediblər. Oyunlardan
oyuna qazanılan medalların sayı artmaqdadır. Son yay olimpiya
oyunlarında bizim yığma komandamız ikisi qızıl olmaqla on medal
qazanaraq, bu nəticə ilə Avropa ölkələri arasında 15-ci yerdə,
ümumi iştirakçılar arasında isə 30-cu yerdə olublar. Ölkədə idman
infrastrukturunun inşasına, müasirləşməsinə də böyük diqqətlə
yanaşılır. Son on il ərazində Azərbaycanda, Azərbaycanın
bölgələrində 50-dən çox yeni müasir olimpiya mərkəzləri tikilib.
İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı ildən
ilə artır və onların qarşısında yeni perispektivlər, yeni imkanlar
açılır. Bu il Çində keçirilən yeniyetmələrin olimpiya oyunlarında
bizim gənc atletlərimiz 5-i qızıl olmaqla, 12 medal qazanaraq iki
yüzə yaxın ölkənin arasında onuncu yeri tutublar. Ölkəmiz müxtəlif
beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə
edib. Azərbaycanda müxtəlif idman növlərindən olan dünya və Avropa
çempionatları keçirilir və həm idmançılar tərəfindən, həm də idman
ictimaiyyəti tərəfindən bütün bu tədbirlərin ən yüksək səviyyədə
hazırlığı qeyd olunur. Bir sözlə, bütün bu faktorları nəzərə alaraq
idmançılarımızın, atletlərimizin nailiyyətləri, dövlət tərəfindən
idmanın inkişafına möhkəm dəstək, mövcud olan idman infrastrukturu
və əlbəttə ölkənin ümumi sürətli inkişafını nəzərə alaraq Avropa
Olimpiya Komitəsi bu oyunların məhz Azərbaycanda keçirilməsini
nəzərdə tutub. Oyunlarda 6 mindən çox atlet iştirak edəcək, iyirmi
idman növündə yarışmalar keçiriləcək. Birinci Avropa Oyunları
Avropanın idman tarixində yeni bir səhifə açacaq. Əlbəttə, ilk
oyunlar gələcək oyunların səviyyəsini, standartlarını müəyyən
edəcək. Ona baxmayaraq ki, hazırlığa cəmi iki il yarım vaxt
ayrılıb, Azərbaycan bu oyunları yay olimpiya oyunları səviyyəsində
keçirtmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata
keçirilir və zəruri addımlar atılır. Biz güclü Təşkilat Komitəsi
yaratmışıq. Beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə
beynəlxalq idman federasiyaları ilə çox uğurlu əməkdaşlıq qurmuşuq,
çoxsaylı könüllülərin köməyindən istifadə edirik. Və ümidvaram ki,
birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və
həmrəylik şəraitində keçiriləcək.
Sonda əziz qonaqlar, mən fürsətdən istifadə edərək sizi birinci
Avropa Oyunlarını izləmək üçün Azərbaycana - Bakıya dəvət etmək
istəyirəm.
Bir daha bu axşam bizimlə olduğunuza görə sizə dərin
minnətdarlığımı bildirirəm. İstanbul şəhəri mənim üçün çox doğma və
əziz şəhərdir. Və bu şəhərin təkrarolunmaz ab-havasını, onun gözəl
təbiəti, onun unudulmaz tarixi və mədəni abidələri ilə yanaşı
sizlər, bu şəhərdə yaşayan insanlar yaradıb və ona görə sizə, isti
qonaqpərvərliyinizə görə sizə təşəkkür edirəm.
Qardaş Türkiyəyə sülh, əmin- əmanlıq və gələcək uğurlar arzu
edirəm.
X X X
Daha sonra mərasim iştirakçıları “Bakı-2015”-ə həsr olunan filmə
baxıblar. Filmdə ilk Avropa oyunlarına hazırlıq işləri, Bakıda
yaradılan idman infrastrukturu və digər tədbirlər barədə geniş
məlumat verildi.
Türkiyənin gənclik və idman naziri Akif Çağatay Kılıç qardaş
ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən idman sahəsində
böyük inkişafa nail olduğunu qeyd edib. Bildirilib ki, Türkiyə ilə
Azərbaycanın daim bir-birilərinə dəstək verməsi ölkələrimizin
qardaşlıq bağlarını daha da möhkəmləndirib və bu gün hər iki ölkə
bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər.
“Bakı-2015”- in təqdim olunduğu şəhərlər sırasına İstanbulun da
daxil olmasını yüksək qiymətləndirən Akif Çağatay Kılıç qısa vaxtda
oyunlara hazırlıq işlərinin sürətlə davam etməsinin sevindrici hal
olduğunu diqqətə çatdırıb. Əmin olduğunu bildirib ki, ilk Avropa
Oyunları qitənin tarixinə parlaq hadisə kimi düşəcək.
Tədbirin sonunda Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupu öz
ifaları ilə qonaqlara xoş anlar yaşatdılar.
Qeyd edək ki, Avropa Oyunları 2012-ci il dekabrın 8-də Romada
Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısında təsis
olunub və Avropa Olimpiya komitələrinin yekdil qərarı ilə
yaradılıb. Baş Assambleyanın yığıncağında oyunlara ev sahibliyi
hüququ Azərbaycanın paytaxtı Bakıya verilib. Avropa Oyunlarının
Bakıda keçirilməsinə məsul olan Təşkilat Komitəsi Azərbaycan
Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılıb.
Türkiyə mediası Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işlərinə geniş yer ayırıb. Ölkə mətbuatı ilk dəfə keçiriləcək Avropa Oyunları və ona ev sahibliyi edəcək Azərbaycanda görülən tədbirlər barədə geniş məqalələr dərc edib.
Artıq indidən demək olar ki, Bakıda keçiriləcək ilk Avropa
Oyunları qitənin həyatında xoş bir həyacan yaradıb. 2016-cı il
Rio-de-Janeyro Yay Olimpiya Oyunları ərəfəsində idmançılara
özlərini sınamaq fürsəti yaradan “Bakı-2015”in İstanbul təqdimatı
da bu fikri bir daha təsdiqləyir. Və bir maraqlı faktı da gündəmə
gətirir ki, ilk dəfə baş tutacaq bu oyunların həyəcanı Avropanın
həyatına məhz Bakıdan daxil olur.
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO