Parlamentdə ön cəbhə kəndləri ilə bağlı təklif
Bizi izləyin

Nida.az

Parlamentdə ön cəbhə kəndləri ilə bağlı təklif

Milli Məclisdə 2015-ci ilin büdcəsi ilə bağlı müzakirələr zamanı çıxışında millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən kəndlərdən və rayonlardan danışıb və bir sıra təkliflərlə çıxış edib.

Cənab Prezidentin hər zaman ön cəbhə kəndlərinə, bölgələrinə böyük diqqət göstərdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva ön cəbhə kəndlərinə müəyyən dövlət güzəştlərini və təşviqini özündə ehtiva edən xüsusi dövlət proqramına ehtiyac olduğunu deyib. Özünün də Ermənistanla ön cəbhə rayonlarından biri, Tovuz rayonundan millət vəkili seçildiyini deyən millət vəkili Qənirə Paşayeva Tovuzun ön cəbhə kəndlərinin bəzilərinin məktəblərində ciddi problemlər olmasına toxunaraq hökuməti bu kəndlərdə yeni məktəb binasının tikintisinə və ya mövcud məktəblərin yüksək səviyyədə təmir-bərpasına çağırıb.

O deyib ki, ilk öncə ən yaxşı məktəblər elə ön cəbhə kəndlərində qurulmalıdır, çünki o insanlar ölkəmizin ön cəbhəsində bir çox hallarda çətin vəziyyətdə yaşayırlar. Millət vəkili hökumətə və Səhiyyə nazirinə müraciət edərək ön cəbhə kəndlərində kiçik də olsa normal səviyyədə həkim, tibb məntəqələrinə ciddi ehtiyac olduğunu deyib: "Mən Tovuzun ön cəbhə kəndlərində normal səviyyədə həkim, tibb məntəqələrinin olması ilə bağlı ölkəmizin Səhiyyə naziri Oqtay müəllimlə də görüşmüşəm. Sağ olsun, Oqtay müəllim bu məsələyə çox həssas yanaşdı və ümid edirəm ki, artıq bu məsələ yaxın zamanlarda öz həllini tapacaq. Biz demirik ki, ön cəbhə kəndlərində xəstəxanalar tikilsin, biz və o kəndlərin sakinləri xahiş edir ki, ən azı normal səviyyədə olan və fəaliyyət göstərən həkim, tibb məntəqələri qurulsun və onlar günün istənilən saatında tibbi xidmətdən yararlana bilsinlər.

O kəndlərin bəzilərində atəşkəs sıx-sıx pozulur, bəziləri rayon mərkəzindən uzaqdır və eyni zamanda o kəndlərdə insanların sağlamlıq problemləri başqalarından daha çoxdur. Ona görə də tezliklə Tovuzun ön cəbhə kəndlərində normal səviyyədə həkim, tibb məntəqələrinin qurulmasına və fəaliyyət göstərməsini həyata keçirmək lazımdır və mən hökumətdən və Səhiyyə Nazirliyindən bu məsələni qısa zamanda həll etməyi xahiş edirəm."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm