Siyavuş Novruzov: “Bank faizləri ədalətli və doğru deyil” - ÖZƏL
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Bank faizləri ədalətli və doğru deyil” - ÖZƏL

“Özəl banklarda kredit faizlərinin aşağı salınması ilə bağlı, yəqin ki, hökumət tədbirlər görəcək”.

Bunu Publika.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, hökumət bu məsələlərlə bağlı müzakirələr aparır.

S.Novruzov deyib ki, ayın 28-də keçiriləcək müzakirələrdə, yəqin ki, bu məsələ ilə bağlı də müvafiq fikirlər söyləniləcək: “Kredit faizlərinin aşağı salınması bu gün Azərbaycanda fermer, orta və kiçik sahibkar üçün vacib əhəmiyyət kəsb edir. Dövlət tərəfindən bununla bağlı kifayət qədər işlər görülür. Cənab Prezident sahibkarlığın inkişafı üçün 12 qanuna dəyişiklik edib ki, heç kəs sahibkarların işinə müdaxilə etməsin. Dövlət tərəfindən sahibkarlara yardım və kreditlərin verilməsi işləri də həyata keçirilir. Mərkəzi Bank özəl banklara 3 faizlə dövlətin pulunu kredit verir ki, özəl bankalar da həmin vəsaitləri vətəndaşlara ədalətlə bölüb versin. Ancaq özəl banklar həmin vəsaitləri vətəndaşlara 20 faizdən yuxarı faizlə verirlər. Özü də bunu çox qısa müddətdə verirlər. Təbii ki, bu da doğru deyil və insanlara çox çətinlik yaradır. Digər tərəfdən isə bu, kənd təsərrüfatının inkişafına əngəllər törədir. Kredit faizlərinin və şərtlərinin özəl banklar tərəfindən bu qədər ağırlaşdırılması fermerlər üçün böyük çətinliklər yaradır. Hesab edirik ki, bununla bağlı özəl bankların kredit faizləri aşağı salınmalıdır.

Digər bir məsələ isə vətəndaşların əmanətlərinin sığortalanması ilə bağlıdır. Hansısa vətəndaş öz əmanətini gətirib özəl banka depozitə qoyur. Bank həmin vəsaiti vətəndaşdan 9 faizlə qəbul edir və bu zaman cəmi 30 min manatı sığortalayır. Bu da o deməkdir ki, əgər kimsə banka 100 min pul qoyubsa, bank bunun cəmi 30 minini qaytaracaq, 70 mini isə getdi fələyin güdazına. Təsəvvür edin ki, bank pulu səndən 9 faizə alır, ancaq digər vətəndaşa 22 faizlə verir. İndi əgər bank burada vasitəçidirsə, o zaman özünə 5 faiz götürsün. Bank pul verəndən də, alandan da 2 dəfə artıq faiz götürür. Üstəlik də, bank vətəndaşa verdiyi həmin vəsaiti 200 faiz sığortalayır. Yəni bank vətəndaşa 100 min kredit verirsə. O zaman 200 minlik girov tələb edir. Halbuki mənim 100 minimi alıb, digərinin cəmi 30 minini sığortalayır. Bu isə ədalətli və doğru deyil. Biz bu halları aradan qaldırmaq istəyirik.

Digər bir məsələ isə ipoteka kreditləri ilə bağlıdır. Burada söhbət ipoteka kreditləri ilə bağlı dövlətin ayırdığı vəsaitdən getmir. Dövlət bu sahəyə 50 milyondan çox pul ayırıb. Ancaq ipoteka kreditlərinin alınması prosesində yenə də çətinliklər qalmaqdadır. Biz elə etməliyik ki, hər bir vətəndaş ipoteka kreditləri ala bilsin. Bunun müxtəlif formasını etmək olar. Elə adam var ki, əmək haqqı 300 manatdır, ancaq o şəxs də ipoteka krediti almaq istəyir və bu, onun hüququdur. Bunun üçün də faizləri aşağı salınmalıdır. Amma çox təəssüf ki, Azərbaycanda gənclərin böyük əksəriyyəti 400-500 manat əmək haqqı ilə ipoteka kreditləri almaq üçün banka müraciət etsə də, bunu ala bilmirlər. Elə etmək lazımdır ki, hər bir vətəndaş dövlətin və prezidentin ayırdığı bu vəsaitdən bəhrələnsin. Prezidentimiz hər bir vətəndaş üçün yaxşı şərait yaratmaq istəyir, amma bu cür vəziyyətlər imkan vermir ki, hər bir vətəndaş bunun faydasını görsün”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm