Nida.az
“AK” yuyulub “Kara” sərilənlər...
"Kurtlar vadisi" - serial, yoxsa şantaj aləti
Elçin Mirzəbəyli
Qardaş Türkiyədə istehsal olunan və yayımlanan seriallarda, TV
proqramlarında Azərbaycanın və azərbaycanlıların aşağılanması adi
hala çevrilib. Elə bil hansısa gizli əl iki qardaş ölkənin
vətəndaşlarını qarşı-qarşıya qoymağa, münasibətləri
kəskinləşdirməyə, Azərbaycan dövlətini, Azərbaycan türklərini
gözdən salmağa çalışır. Yaxud hansısa siyasi qruplar, biznes
dairələri dünyanın aparıcı güclərinin qarşısındakı natamamlıq
komplekslərinin acığını Azərbaycandan çıxmağa cəhd göstərirlər.
Yaxşı xatırlayıram, "Kurtlar vadisi"nin yenicə populyarlaşdığı
dönəmdə serial qəhrəmanlarından birinin mənşəyi şübhəli olan
"atalar sözü"nü dilə gətirməsi Azərbaycanda ciddi etiraza səbəb
olmuşdu. "Türkdən qarını (xanımını), çeçendən canını, azəridən
malını qoru"... Hələ həmin dövrdə ruslara aid olduğu bildirilən bu
deyimin serial müəllifləri tərəfindən təhrif edildiyi qənaətinə
gəlmişdim və qənaətimdə də haqlı çıxmışdım. Çünki rus Osmanlı
Türkiyəsində və çağdaş Türkiyədə yaşayan türkləri döyüş meydanından
başqa harda görmüşdü ki, hələ bir qarısını (xanımını) da ondan
qorumaq barədə düşünsün...
Tarixdə Osmanlı Türkiyəsi ilə Rusiya arasında 12 müharibə baş verib və bu müharibənin 8-də ruslar, 2-də həmin dövrdə özlərini osmanlı adlandıran türklər qalib gəliblər. Digər 2 müharibə isə tərəflərdən heç birinə qalibiyyət bəxş etməyib.
Digər tərəfdən Azərbaycan türklərinin "azərbaycanlı"
adlandırılmasının tarixi 1940-cı ildən başlayır. Daha dəqiq desək,
1936-cı il dekabrın 5-də "Stalin Konstitusiyası" qəbul olunduqdan
sonra Azərbaycan tüklərinin doğum şəhadətnamələrində və
pasportlarında yer alan "türk" milli kimliyi tədricən
"azərbaycanlı" sözü ilə əvəz olunmağa başladı və bu proses 1940-cı
ildən etibarən kütləvi hal aldı. Yəni, 1940-cı ilə kimi ruslar
Azərbaycan türklərini öz adı ilə çağırırdılar, "azərbaycanlı"
demirdilər, "azəri" isə heç demirdilər və bu gün də demirlər.
"Kurtlar vadisi" serialında Azərbaycan türklərinin aşağılanması
niyyəti ilə istifadə olunan rus "atalar sözü"nün isə təxminən
1240-1480-ci illər arasında yarandığı ehtimal olunur. Həm də serial
müəlliflərinin və ideoloqlarının interpretasiyasında təqdim
olunduğu kimi yox... Monqol-tatarların işğalı altında olan ruslar
öz varislərinə "canını, malını və karını (xanımını) tatardan qoru"
deyiblər və buna da kifayət qədər əsasları olub.
Ruslar qonşuluqlarında, sonradan isə zülm üzərində qurduqları
imperiyalarının tərkibində yaşayan türkləri, o cümlədən Azərbaycan
türklərini tarix boyu "tatar" deyə çağırıblar. 1905-1917-ci ilə
qədərki dövrdə isə bu deyim qismən də olsa "müsəlman türklər"
deyimi ilə əvəz olunub.
"Kurtlar vadisi" adlanan siyasi-iqtisadi şantaj serialının savadsız
və qərəzli ssenari müəlliflərinə isə məsləhət görərdim, tarixi
yaxşı oxusunlar. Tolstoyun, Bestujev-Marlinskinin, Qriboyedovun...
əsərlərinə və xatirələrinə gözucu nəzər salsınlar.
"Bizdən olmayan"lar
...Daha öncə də qeyd etdiyim kimi, Azərbaycan türklərini aşağılamaq
xaricdən idarə olunan bəzi Türkiyə "siyasətçi"ləri və onların media
sektorunda olan qulbeçələri üçün az qala ənənəyə çevrilib.
"Min bir gecə" serialında Azərbaycan qadını xidmətçi obrazında,
"Yaxşı Cazibə"də yalançı və əxlaqsız kimi təqdim olunur...
"Möhtəşəm yüz il" serialında Azərbaycanın görkəmli tarixi
şəxsiyyətləri təhqir edilir. Hələ utanmadan Güney və Qüzey
Azərbaycanı "əcəm diyarı" adlandırırlar. Bizdən törəyənlərin
yaratdığı dövlətdə yaşayan soysuzlar bizə "əcəm" - "bizdən olmayan"
deyirlər!
Vaxtilə və elə indinin özündə də İslam dinini "dədələrinin malı"
sayan dar düşüncəli ərəblərin türkləri və ərəb olmayan digər
müsəlmanları aşağılamaq məqsədilə yararlandıqları "əcəm" deyimi
türkün türkü aşağılanması üçün istifadə olunur... Gör hardan hara
gəldin, Türkiyə! Türkü öz vətənində əcəmə çevirənlər bunun hesabını
mütləq verəcəklər!
Teleserial reketçiliyi
..."Kurtlar vadisi" Azərbaycanda yenicə yayımlanmağa başlayanda bu
serialın siyasi sifarişlə çəkildiyini yazmışdım. Amma nədənsə bu
serialın son 3 bölümündə siyasi sifariş daha qabarıq və aydın
şəkildə görünməyə başlayıb. Türkiyədə baş verən son hadisələrdən
sonra bəzi böyük şirkətlər öz sərmayələrini ölkədən çıxarmağa
başlayıblar ki, bu da qardaş ölkənin iqtisadiyyatında olduqca
neqativ təsir göstərib. Türk lirəsi dünyanın aparıcı valyutalarına
nisbətdə xeyli dəyərdən düşüb.
Serialda isə baş verənlər Türkiyə iqtisadiyyatına qarşı həyata
keçirilən təxribat kimi təqdim olunur. Ay oğul, ya qardaş nə
təxribat? Sən vaxtilə əməkdaşlıq etdiyin, dəstək verdiyin və dəstək
aldığın şantajçı bir təriqətlə apardığın savaşdan dolayı ölkənin
hüquq-mühafizə sistemini darmadağın elə, xoşuna gələn və gəlməyən
hər kəsi işdən çıxar, yerini dəyişdir, hədələ, təzyiq göstər,
qanunlardan yüksəkdə dayandığını sərgilə..., bütün bunların
qarşılığında ölkədə qanunun aliliyi qara qəpik dəyərinə düşsün və
sonra da başqalarını təxribatda günahlandır... AKP-nin 100 il
geriyə çəkdiyi Türkiyəni deyə bilmərəm, amma Azərbaycanda bu
nağıllara kimsəni inandıra bilməzsən...
...Hansısa siyasi-iqtisadi "əl" seriallar, TV proqramları və media
vasitəsilə xeyli müddətdir ki, Azərbaycanı təhdid edir. "Kurtlar
vadisi"nin son bir neçə bölümündə açıq şəkildə şantaj xarakterli
mesajlar verilir: "Karanı Azərbaycana göndəririk". Bir həftə keçir:
"Kara Azərbaycana gedib". Və daha bir həftə sonra Karanın
Azərbaycandakı ağlasığmaz məcaraları yayımlanır... Məni qınamayın,
bütün bunlar Azərbaycandakı bəzi reket qəzetlərin anonslarına
bənzəyir... Yəni, "maraqlarımı təmin edin, yoxsa... yazaram
ha...".
Amma unudurlar ki, Azərbaycana Kara (qara) gələ bilməz...
"AK" (ağ) gələ bilər, amma onu da "AK" yuyub "Kara" sərərlər...
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO