Mühacirətə gedənlər nədən Əli Kərimlini seçir? – Pərdəarxası sirr
Bizi izləyin

Nida.az

Mühacirətə gedənlər nədən Əli Kərimlini seçir? – Pərdəarxası sirr

Son dövrlər Azərbaycan siyasi arenasında qəribə tendensiya yaranıb. Ölkədən mühacir edən tanınmış şəxslərin əksəriyyəti mühacirətdə yaşamağa başladıqdan sonra Bakıya ünvanlanan bəyanat yayır. Bu bəyanatlarda AXCP sədri Əli Kərimli tərif edilir və ondan partiyasına üzv qəbul edilmək xahişi edilir. Ehtiyatda olan zabitlər birliyinin sədri, tanınmış hərbi ekspert Yaşar Cəfərlinin də AXCP sıralarına üzv olmaq üçün Əli Kərimliyə göndərdiyi müraciəti bu sıradandır və ilk hadisə deyil.


Y. Cəfərli ötən il təxminən bu vaxtlar Avropaya mühacirət etdi. Ona bu işdə bir müddət öncə mühacirətə gedən, əsgər ölümlərini araşdıran hüquq müdafiəçisi Ələkbər Məmmədovun kömək etdiyi haqda xəbərlər yayıldı. Hər iki şəxsi müəyyən mənada hərbiyə yaxın olduğunu nəzərə alsaq, bu köməkləşməni normal qəbul etmək olar.

Mühacirətinin bir ili tamam olanda hərbi ekspert Əli Kərimliyə məlum müraciət etdi. Ona Azərbaycan üçün etdiyi xidmətlərindən danışan Y. Cəfərli AXCP-ni ölkənin əsas partiya adlandırıb və partiya sıralarına qəbul edilmək üçün ondan xahiş edib. Y. Cəfərli özü dediyi kimi bu günə qədər heç bir siyasi partiyanın üzvü olmayıb.

Maraqlıdır, o, mühacirətə gedir və bir il sonra AXCP-yə üzv olmaq istəyi peyda olur. Eyni addımı bir müddət əvvəl mühacirətdə yaşayan istefada olan polkovnik İsa Sadıqov da atdı və AXCP-ə üzv oldu.


Mühacirətə gedənlərin Əli Kərimlini seçməsi suallar yaradır. Misal üçün, İsa Sadıqov Müsavata daha yaxın şəxs hesab olunurdu, amma nədən Əli Kərimlini seçdi? Digər tərəfdən, bu şəxslər həyatları boyu heç bir partiyanın üzvü olmadıqları halda, ölkəni tərk edən kimi nə üçün AXCP-yə üzv olmaq üçün şanlı müraciətlər edirlər?


Əli Kərimlinin adının açıqlanmasının istəməyən keçmiş silahdaşı Publika.az-a mühacirlərin AXCP-ni seçməsinin əsl səbəblərindən danışıb.

“Təxminən 2010-cu il olardı. O zaman mən AXCP sədrinin yanında idim və onun bir çox işlərini görürdüm. Əli bəyin yanına Avropadan bir qonaq gəlmişdi. Adını bilmirəm. Amma söhbətlərindən təxminən anladım ki, Əli Kərimli avropalı qonaqdan bir neçə şəxsin Avropada siyasi mühacir statusu almasını xahiş edir. Aralarında xeyli söhbətləşmələr oldu”, – deyə mənbə bildirib.

Onun iddialarına görə, Y. Cəfərlinin Avropada mühacirət etməsində Ə. Kərimlinin köməyi olub: “AXCP sədri bir çoxlarına bu köməkliyi göstərib. Hətta insanlar Avropada bəzi yüksək səviyyəli master dərslərinə qəbul olunmaq üçün AXCP-yə üzv olur, yaxud onun adından gedir. Bəzi jurnalistlər AXCP-yə yaxın “Azadlıq” qəzetində işə başlayaraq mühacirət edə bilirlər. Avropada buna xüsusi fikir verilir”.

Mənbənin sözlərinə görə, bu işdə Əli Kərimlinin Avropada əməkdaşlıq etdiyi QHT rəhbərləri, hüquq müdafiəçiləri əsas lobbiçilik rolunu oynayırlar: “Misal üçün mən İsveçə, yaxud Norveçə, ümumiyyətlə Avropanın hansısa ölkəsinə mühacirət etmişəm. Yaşamaq statusu almaq üçün bu ölkənin dövlət orqanlarına müraciət edəndə Əli Kərimliyə yaxınlığım varsa, yaxud onun adından müraciət aparmışamsa, həmin hüquq müdafiəçiləri mənə dəstək verəcək. Bir çox insanlar Avropaya belə gedib”.

Ə. Kərimlinin keçmiş silahdaşı AXCP sədrinə bu işdə köməklik göstərən şəxslərdən birinin adını açıqlayıb. Onun iddiasına görə, Norveç İnsan Hüquqları Evinin rəhbəri Maria Dahledir: “Başqaları da var, amma mənim bildiyim bu xanımdır. O, “Azadlıq” qəzetinin neçə əməkdaşına, yaxud bu qəzetin adı ilə getmiş neçə insana status almaqda yardımçı olub”.

Mənbənin iddialarına inansaq, o zaman bu prosesdə xanım jurnalist Xədicə İsmayılın da rolunun olduğunu ehtimal etmək olar. Çünki xanım Dahel Xanım İsmayılovanın Avropada əsas himayəçilərindən biridir. Keçmiş “Yurd”çu olduğu deyilən X. İsmayılovanın Əli Kərimliyə yaxınlığı detalını nəzərə alsaq, xanım Dahellə münasibətlərin qurulmasında onun rolunun olduğunu söyləmək mümkündür.

Mənbə X. İsmayılovanın bu prosesdə hansı dərəcədə əlinin olduğu haqda informasiyaya malik olmadığını qeyd edib.

Qeyd edək ki, İnsan Hüquqları Evi Şəbəkəsi (İHEŞ) Qərbi Balkanlarda, Şərqi Avropa və Cənubi Qafqazda, Afrikanın Şərqində və Qərbi Avropada yerləşən 13 ölkədən olan 18 müstəqil İnsan Hüquqları Evlərində 90 insan hüquqları QHT-lərinin birləşmiş qüvvələrini özündə cəmləşdirir. İHEŞ-in məqsədi yerli insan hüquqları təşkilatlarını gücləndirmək və dəstəkləmək və onları İnsan Hüquqları Evlərinin beynəlxalq şəbəkəsində birləşdirməkdir.

Azərbaycan İnsan Hüquqları Evi İHEŞ-in üzvlərindən biridir və müstəqil görüş yeri, resurs mərkəzi və Azərbaycanda insan hüquqları təşkilatları üçün koordinator kimi xidmət göstəribr. Ev Ədliyyə Nazirliyinin 10 mart 2011-ci il tarixli əmri ilə fəaliyyətlərini dayandırıbr. Buna səbəb insan haqları adı altında ölkənin daxili işlərinə qarışmaq olub.

Digər səbəblərdən biri isə təşkilatın ona əks fikir göstərənlərə qarşı sərt mövqe tutmasıdır.

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov xanım Maria Dahlenin Bakıda olanda onları qeyri-konstruktiv mövqedə günahlandıraraq Evi dağıtdığını açıqlayıb: “Hətta iş o yerə çatıb ki, tənqidlərimizə dözməyən iki norveçli xanım bizi beynəlxalq tədbirlərdə görüb danışdırmırlar”.

Eyni aqibəti Sankt-Peterburq və Serbiyada olan insan haqları evləri də yaşayıb. Məlumatlara görə, onların mövqeyini tənqid edən insan haqları evlərinin hamısını intriqalar yolu ilə dağıdıblar.

Xanım Dahle daim Azərbaycana qarşı sərt tənqidləri ilə yadda qalır. Misal üçün o, sonuncu məqaləsində Azərbaycanı repressiyalar ölkəsi adlandırıb. Dövlətə xəyanət və maliyyə gizlinləri ilə bağlı həbs edilən Leyla və Arif Yunusları, eləcə də digər QHT rəhbərlərini müdafiə edərək beynəlxalq təşkilatlara Azərbaycana təzyiq etmələri üçün çağırış edib.

Publika.az-ın əldə etdiyi məlumata görə, hökuməti tənqid etmək üçün bəzi materialları jurnalist İsmayılovaya xanım Dahle ötürüb.


M. Dahlenin Bakıda xüsusi seminarları keçirdiyi və hökumətə qarşı kampaniyanı necə aparmağı öyrətdiyi deyilir. Evin Bakıda fəaliyyəti dayandırılandan sonra eyni formatlı seminarlar X. İsmayıl tərəfindən keçirilib.


Bu məlumatlardan mühacirətə gedənlərin nədən Əli Kərimli tərəfdarına çevrildiyi və Qərbdə AXCP-nin nə üçün əsas müxalifət hesab edildiyi müəyyən mənada aydınlaşır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm