“Surət Hüseynov Leyla Yunusu güllələyəcəkdi” – YAP-çı deputatdan ŞOK AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Surət Hüseynov Leyla Yunusu güllələyəcəkdi” – YAP-çı deputatdan ŞOK AÇIQLAMA

“Milli Şura üzvləri Azərbaycanda gedən bu qədər böyük inkişafı görmürsə, deməli, onlar ermənilərlə həmfikirdir. Çünki ermənilər də bu inkişafı görmək istəmir. Azərbaycanın inkişafını həm ermənilər, həm də daxili düşmənlərimiz inkar edirlər”.

Bu sözləri Publika.az-a müsahibəsində Milli Məclisin Yeni Azərbaycan Partiyasından seçilən deputatı Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda gedən inkişafı inkar etmək düşmən olmaqla eynidir: “Azərbaycan daxilində yaşayan bu şəxslər doğrudan da Azərbaycanın inkişafını görmək istəmirlər, görülən işləri inkar edirlər. Onlar düşmənin dəyirmanına su tökməklə məşğul olur. Ermənilər kimi bu adamlar da Leyla Yunusun müdafiəsinə qalxıblar. Mən bir neçə dəfə demişəm ki, Leyla Yunus hələ 90-cı illərdə Vətənə xəyanət etdiyinə və milli ayrı-seçkilik saldığı üçün həbs olunmalı idi. Çox təəssüf ki, ona müəyyən güzəştlərin olmasına baxmayaraq, Leyla Yunus öz məkrli əməllərindən vaz keçmədi və 24 ildən sonra həbs olundu. Əslində, Leyla Yunus 90-cı illərin əvvəllərində öz cəzasını almalı idi. Mən o dövrdə Ağcabədidə çox olurdum. Leyla Yunusun bütün hərəkətlərini yaxşı görürdüm. Ona görə də o dövrdəki iqtidara müraciət etmişdim ki, Leyla Yunusun və digər bir neçə şəxslərin bu əməlləri qanuna ziddir.

Amma ovaxtkı iqtidar nümayəndələri deyirdi ki, Leyla Yunus rayonlarda ictimai-siyasi sabitlik yaratmaqla məşğul olur, ona dəymək olmaz və sairə. Axı onları Ağcabədidə kim idi tanıyan? Leyla Yunus, Rəhim Qazıyev və digərləri gedib Ağcabədidə nə ictimai-siyasi sabitlik yarada bilərdi? Onları heç kəs tanımırdı. Onların əsl məqsədi ara qarışdırmaq və camaatı bir-birinə qarşı qoymaq idi. Bu torpaqlar düşmən tərəfindən işğal olundu. Yəni, ermənilər bu torpaqları onların hesabına işğal etdilər. Çünki həmin dövrdə hökumətin başı daxili çəkişmələrə və mübarizələrə qarışmışdı. Hakimiyyətdə olan rəhbər şəxslər bu cür daxili çəkişmələri aradan qaldıra, sərhədləri qoruyub saxlaya bilmədilər. Leyla Yunus Qarabağ zonasının rayonlarının bir çoxunda gedib təxribatçı çıxışlar edirdi. Mən 1989-cu ilin oktyabr-noyabr aylarında baş verən bu hadisələrdən danışıram. O zaman Leyla Yunus ermənilərə silah verməsə də, gedib rayonlarda adamları qarşı-qarşıya qoyurdu və deyirdi ki, Azərbaycanda hakimiyyət çevrilməlidir, rayonda filan işlər görülməlidir və sairə. Sonra həmin adamlar da bir yerə toplaşıb hakimiyyətə qarşı çevrilirdilər. Bununla da ovaxtkı hakimiyyətin başı daxili qarşıdurmalara qarışırdı. Elə bütün bunların hamısı bir xəyanət və təxribat idi. Rəhmətlik Heydər Əliyev Azərbaycana rəhbər gəlməsəydi, indi ölkəmiz dilənçi kökündə idi. Ulu öndər Azərbaycanda dinc yolla hakimiyyətə gəlib ölkədə sabitliyi yaratdı. Daha sonra isə ölkə bütün sahələrdə inkişaf etməyə başladı. Bu gün dünyada baş verən hadisələrə baxın. Gürcüstanda, Ukraynada və digər ölkələrdə vəziyyət qarışdı, ancaq Heydər Əliyev Azərbaycanda buna imkan vermədi. Üstəlik də mərhum Heydər Əliyev hakimiyyətə gələrək, bütün bu adamları da ölümdən xilas etdi.

Heydər Əliyev olmasaydı, Surət Hüseynov o zaman hakimiyyətdə olanların hamısını, o cümlədən Leyla Yunusu güllələyəcəkdi. Yadıma gəlir, Surət Hüseynov hələ Nəvahini keçməmişdi, ancaq hakimiyyətdə olan bu adamların hamısı qaçmışdı. Bu gün Leyla Yunusu Avropa İttifaqı və digər kiminsə müdafiə etməsindən asılı olmayaraq, Azərbaycan xalqı onu müdafiə etmir. Çünki bu cür adamları Azərbaycan xalqı yaxşı görüb və tanıyır. Ona görə də Leyla Yunus və digər bu kimi şəxslər nə desələr də, sözləri xalqın beyninə girmir. Yəni, onlar Azərbaycan xalqını yolundan döndərə bilmir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm