Nida.az
Elxan Süleymanovdan Şultsa: “Azərbaycana qarşı olan neqativ yalanlar sizə o qədər xoş gəlir ki...”
Milli Məclisin deputatı, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin Prezidenti Martin Şultsa müraciət ünvanlayıb.
Publika.az xəbər verir ki, E. Süleymanov
müraciətində M. Şultsa İraq, Suriya və dünyanın digər hissələrində
baş verən terror aktlarının, müxtəlif zorakılıq və vandalizm
əməllərinin törədilməsinin qarşısının alınması üçün dünya
ictimaiyyətini təcili siyasi, diplomatik, hərbi və digər tədbirlər
görmək çağırışı ilə ona ünvanlandığı 02 sentyabr 2014-cü il tarixli
müraciətini cavablandırdığına görə əvvəlcə minnətdarlığını
bildirib.
“Eyni zamanda, fürsətdən istifadə edərək vurğulamaq istərdim ki,
mən son bir neçə ay ərzində sizə müxtəlif məsələlərlə bağlı 3
müraciət ünvanlamışam və həmin məsələlərə dair mövqeyinizi
bildirməyi xahiş etmişəm. Siz bu müraciətlərdən yalnız İraq və
Suriyada baş verənlərlə bağlı müraciətimi cavablandırmısınız. Lakin
digər çox vacib 2 məsələ ilə bağlı müraciətlərimi
cavablandırmamısınız. Bunlar Almaniyalı deputat Aleksandr Graf
Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi təcili qətnamə
layihəsində ehtiva edilən bəzi məlumatlarla bağlı 16 sentyabr
2014-cü il tarixli və Azərbaycanın Avronest PA-da üzvlüyünün nə
üçün davam etdirməli olması ilə bağlı 23 sentyabr 2014-cü il
tarixli müraciətlərdir. Zənnimcə, baş vermiş son hadisələr mənim
qeyd edilən müraciətlərimin təsadüfi olmadığını sübuta yetirir.
Sizin sükutunuz yalnız Azərbaycana qarşı qərəzli münasibətinizi
göstərir, əsassız ittihamlarınız isə vəzifənizin obyektivliyinə
kölgə salır. Sizin bu təqdimat mərasimində dediklərinizdən sitat
gətirirəm: “Avropa Parlamenti Azərbaycan rejimini səhhəti
gündən-günə pisləşən bu günahsız xanımı dərhal azad etməyə
çağırır”. Göründüyü kimi, müstəqil dövlət olan Azərbaycanın məhkəmə
sisteminin müstəqilliyini və kompetentliyini şübhə altına alaraq,
bu “günahsız xanımın” həbsinin qanuniliyini şübhə altına alırsınız.
Bu azmış kimi, siz onu dərhal azad etməyə çağırırsınız və bu zaman
siz hər hansı hüquqi mexanizmlərdən istifadə edilməsini diqqətə
belə çatdırmırsınız. Beləliklə, sizin üçün Azərbaycan timsalında
məhkəmələrin qərarına hörmətsizlik normaya çevrilib, bu ölkəyə
gəldikdə hüququn aliliyi prinsipinə əməl edilməsi əhəmiyyət kəsb
etmir. Bu isə son nəticədə tək bəyan edilmiş Avropa dəyərlərinə
deyil, başlıca olaraq Azərbaycan Respublikasına hörmətsizliyin
nümayişi anlamına gəlir”, - deyə deputat müraciətində
vurğulayıb.
E. Süleymanov daha sonra Şultsa “Avropa Parlamenti kimi mühüm bir
siyasi qurumun prezidenti vətənə xəyanət və korrupsiya
cinayətlərinin törədilməsində təqsirli bilinən şəxsi necə “günahsız
xanım” adlandıra bilər!?” sual ünvanlayıb: “Siz, Avropa
Parlamentinin prezidenti kimi, belə məsuliyyətsiz ittihamlarınızla
beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini zədələyirsiniz. Siz
öz çıxışınızda Leyla Yunusu dərhal azad etməyə çağırırsınız. Onun
qanunsuz və günahsız həbs edilməsi ilə bağlı hansı hüquqi
arqumentləriniz vardır? Leyla Yunus hazırda istintaq
altındadır…
Digər tərəfdən, hər hansı bir tanınmış ictimai-siyasi xadim Avropa məkanında istintaqda olan bir şəxsin azad olunmasını tələb edə bilərmi? Siz və sizin ölkəniz buna necə reaksiya verər? Əlbəttə, pis. Bəs onda niyə bunu Azərbaycana model kimi tətbiq edirsiniz? Görünür, sizin antiazərbaycan çıxışınızdan qidalanan və ruhlanan tərəfdaşlarınız və əməkdaşlarınız Azərbaycanın dünyada mənfi imicinin formalaşdırılması üçün sizə yalan məlumatlar ötürürlər. Azərbaycana qarşı olan neqativ yalanlar sizə o qədər xoş gəlir ki, bu yalanları yoxlamaq üçün heç bir səy göstərmirsiniz. Azərbaycan ictimaiyyəti sizin statusunuza, imzanıza hörmət etməməyinizə çox təəssüflənir. Siz Azərbaycanın haqlı tələblərinə və şəxsən mənim Avronest PA-nın vitse-prezidenti və Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi sizə ünvanladığım müraciətlərimə cavab vermirsiniz, hətta bir çox hallarda oxumadan cavablandırırsınız. Misal olaraq, 17 oktyabr 2012-ci il tarixli cavabınızı göstərə bilərəm. Cavabınızdan sitatı qeyd edirəm: “Ümid edirəm ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağa dair mürəkkəb münaqişələrini aradan qaldıracaq”. Siz bu fikirləri ifadə edərkən Azərbaycan ərazilərinin Ermənistanın hərbi işğalından mövcud beynəlxalq hüquq normaları çərçivəsində azad edilməsinin vacibliyini sadəcə olaraq unutmusunuz və ya unutmaq istəmisiniz. Siz işğalın aradan qaldırılmasından ümumiyyətlə danışmaq belə istəməmisiniz, bu problemin həllinin məsuliyyətini təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycan tərəflərinin üzərinə atmısınız, bununla da beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin bu məsələyə biganə yanaşdığını bir daha təsdiq etmisiniz.
Vurğulamaq istərdim ki, Azərbaycan cəmiyyəti Ukrayna hadisələrini və beynəlxalq qurumların, o cümlədən Avropa Parlamentinin Ukrayna ilə bağlı fəaliyyətini diqqətlə izləyir. Azərbaycan cəmiyyəti Avropa İttifaqının ərazi bütövlüyünün pozulması ilə bağlı Ukraynaya göstərilən dəstəyin eyni səviyyədə 20 faiz ərazisi 23 ildən artıq müddət ərzində işğal altında qalmış Azərbaycana da göstərilməsini tələb edir. Seçicilərim, Avronest nümayəndə heyətimin 17 üzvü, eyni zamanda onların hər birinin seçicisi bizə sual edir: Martin Şultsun azadlıq və vəhdət evi hesab edilən Avropa Parlamentinin prezidenti kimi bu cür antiazərbaycan təbliğatından sonra Azərbaycan Avropa Parlamentindən həqiqi bərabər münasibət gözləyə bilərmi? Sonda bir daha xatırladıram ki, aizə ünvanladığım 16.09.2014, 23.09. 2014-ci il tarixli və digər məktublarım hələ də cavabsızdır”.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!