Nida.az
Heydər Əliyevin "Saşa"sı danışdı - - FOTOLAR
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir. Ümummilli lider Heydər Əliyevin aramızdan getməsi Vətənini sevən hər bir azərbaycanlı üçün son dərəcə böyük itkidir. Azərbaycan xalqı bu müddətdə bütün mənalı ömrünü respublikanın tərəqqisinə həsr etmiş böyük oğlunu heç zaman unutmayıb.
Təbii ki, bu dahi tarixi şəxsiyyətin fəaliyyətinin hər dövrü Azərbaycanın XX əsrinin son 50 illik tarixinin inkişaf mərhələsinin əsasını təşkil edir. Ulu öndərin hakimiyyətinin ilk dövründə xalqın gələcəyi üçün çalışan şəxsiyyətin şəxsi təhlükəsizliyinin qorunması mühüm şərtdir. Ömrünün üst-üstə 30 ilini bu işə sərf edən insanların yada salınması, onların o dövrə aid xatirələri indiki və gələcək nəsillərə çatdırmaq ən azından mənəvi borcumuzdur.
Publika.az Ans-press-in 2014-cü ildə Heydər Əliyevin şəxsi mühafizəsinin sabiq rəisi, “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru, əslən bakılı Aleksandr Alekseyeviç İvanovdan aldığı müsahibəni təqdim edir:
- Sizinlə görüşmək çox xoşdur. Çox xoşbəxtsiniz ki,
Azərbaycan xalqının lideri Heydər Əliyevlə çalışmısınız, onun
təhlükəsizliyinin qorunmasında əməyiniz olub. O günləri necə
xatırlayırsınız?
- Tale uzun illər boyu belə bir dahi şəxsiyyətin yanında olmağa
imkan verdiyi üçün özümü xoşbəxt hiss edirəm. Bu, mənim üçün çox
böyük uğurdur. Ən əsası, bu illər ərzində mən onun yanında həyat və
müdriklik məktəbi keçdim. Nə hər hansı ali təhsil, nə magistratura
təhsili, nə də hazırda insanların aldığı çoxsaylı ad və dərəcələr
bununla müqayisə oluna bilər. Cəmi 28 yaşında mən belə bir böyük
insanın yaxın əhatəsinə daxil oldum. Bu insanın və onun gözəl
ailəsinin mənim və ailəmin həyatında hansısa iz qoyduğunu həm bu
illər ərzində, həm də indi – necə deyərlər, yaşımın ən yüksək
nöqtəsində, böyük məmnuniyyətlə qeyd edirəm.
Xüsusilə 1982-87-ci illər arasında, Siyasi Büronun üzvü, SSRİ
Nazirlər Soveti sədrinin birinci müavininin şəxsi mühafizəsinin
rəhbəri olduğum dövr haqqında danışarkən məmnuniyyətlə qeyd edirəm
ki, mənim peşə borcum belə bir böyük, özümə yaxın saydığım bir
insanın həyatını qorumaq olub. Dövlət Təhlükəsizlik Komitəsinin ən
aşağı vəzifəsindən başlayaraq, Azərbaycan SSR DTK sədrinin birinci
katibi vəzifəsinə qədər yüksəlmiş və bu vəzifəni tutmuş ilk
azərbaycanlı olan Heydər Əliyev peşəmizin bütün xüsusiyyətləri və
bacarıqları haqqında hər şeyi bilirdi və bu səbəbdən öz
təhlükəsizliyinin təmin edilməsi işinə bəzən özü başçılıq
edirdi.
Dəfələrlə qeyd etmişəm ki, hər hansı kiçik səhv, yaxud peşə
öhdəliklərinə qeyri-peşəkar yanaşma Heydər Əliyevin gözündən
yayınmırdı. Onun yanında olduğum bütün dövr ərzində başa düşürdüm
ki, onun özünə və iş fəaliyyətinə qarşı tələbkarlığı onun
meyarlarından aşağı ola bilməz.
- Məlumdur ki, ulu öndərin dünyasını dəyişməsindən 11 il
ötür. Təbii ki, bu, hər birimiz, həmçinin xalqımız üçün böyük itki
oldu, hamını kədərləndirdi. Siz bu itkini necə
dəyərləndirərdiniz?
- Təbii ki, 2003-cü il dekabrın 12-də mən də çox yaxın bir insanı
itirmiş oldum. Tale elə gətirib ki, 12 dekabr tarixi mənim üçün
ikiqat matəmdir. Talenin acı istehzası elə gətirib ki, bu il
dekabrın 12-si anamın da vəfat etməsinin 3 ili tamam olur. İtki
haqqında danışdıqda, hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı,
hər bir Azərbaycan sakini, hər bir azərbaycanlı və Heydər Əliyevi
tanıyan hər bir şəxs üçün, bu, sözlə ifadə olunmaz bir itkidir. Bu,
heç kim üçün sirr deyil.
Xalq onu həmişə sevib, dəyərləndirib, onun ölkə iqtisadiyyatı,
insanların maddi rifahının və həyat şəraitinin yaxşılaşdırılması
üçün verdiyi töhfələri daim qiymətləndirib. Heydər Əliyev müstəqil
Azərbaycan Respublikasının prezidenti olub. Məsələn, mən Moskvada
tez-tez oluram. Orada da Heydər Əliyevi xatırlayır və yüksək
qiymətləndirirlər. Məhz Heydər Əliyevin köməyi və diqqəti sayəsində
Moskvanın prestijli rayonunda mənə mənzil verilib.
Moskvada gəzərkən və həmin dövrlərin şahidi olmuş insanlarla
ünsiyyətdə olarkən, onların çoxunun Heydər Əliyevin fəaliyyəti
barədə ürəkağrısı ilə danışdıqlarının şahidi oluram. Təbii ki,
Moskva sakinlərinin onun əhəmiyyəti, şəxsiyyəti və talantı haqqında
təsəvvürləri dəyişib. Çünki insanlar hələ də 1987-ci ili
xatırlayırlar. Həmin vaxt Heydər Əliyev Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin ovaxtkı rəhbərliyi, ilk növbədə,
Mixail Qorbaçov tərəfindən əsassız olaraq vəzifəsindən
uzaqlaşdırılmışdı. Bu hadisə onun gündəlik həyatına da təsirsiz
ötüşməmişdi.
Mən 12 dekabr tarixini hər bir kəsin Heydər Əliyev şəxsiyyətinin
əhəmiyyəti barədə Düşünmə Günü hesab edirəm. Onun 1969-cu ildən
etibarən Azərbaycana rəhbərlik etməsi, sonradan Sovet hökümətinin
rəhbər vəzifələrində çalışaraq Moskvada keçirdiyi illər və sovet
rəhbərliyi tərəfindən ona qarşı edilmiş ədalətsizlikdən sonra
siyasi fəaliyyətə qayıdışı hər bir Azərbaycan vətəndaşına 12 dekabr
tarixinə fərqli baxması üçün əsas verir. Bu həm matəm günü, həm də
insanların Heydər Əliyevin Sovet İttifaqı və xüsusilə də, müstəqil
Azərbaycanın inkişafı üçün verdiyi töhfələri dərk etdiyi gündür. O,
ölkəmizin çiçəklənməsi və rifahının yüksəlməsi üçün çox işlər
görüb. Böyük iradə tələb edən “Əsrin müqaviləsi" və onun
Azərbaycanda reallaşdırılması yalnız Heydər Əliyev sayəsində mümkün
olub.
- Təbii ki, sizin çalışdığınız dövrdə Heydər Əliyevlə
bağlı maraqlı anlar yaşanıb. Sizin yaddaşınızda qalan, heç yerdə
deyilməyən xatirəniz varmı?
- Heydər Əliyevin iş həyatı ilə bağlı çoxlu məqamlar mövcuddur ki,
onlar haqqında saatlarla danışmaq olar. Onun hər bir hadisəyə
yanaşmada nümayiş etdirdiyi qeyri-adi düşünmə bacarığına heyranam.
1986-cı ildə Heydər Əliyev Novorossiyskdə “Admiral Naximov”
teploxodunun batması və nəticədə, 460 nəfərin həlak olması ilə
bağlı fövqəladə hadisəni araşdıran komissiyaya başçılıq edirdi.
Onun rəhbərliyi altında çoxlu insanlar – nazirlər, nazir müavinləri
çalışırdılar. Bu zaman son dərəcə heyrətamiz hadisə baş verdi. O,
iclasların birində ölüm səbəbi xanasında “suda batmışdır” yazılmış
ölüm haqqında şəhadətnamə blankı gördü.
Heydər Əliyev nazir müavinini yanına çağıraraq dedi: “Yazmısız ki,
suda batmışdır. İndi bütün insanlar bilir ki, “Admiral Naximov”
teploxodu batıb. 10 il sonra hər hansı sosial məsələni həll edərkən
ölənlərin qohumlarına deyəcəklər ki, qohumunuz sərxoş olduğu üçün
batıb”. Buna görə də hadisə nəticəsində vəfat etmiş şəxslərin hər
birinin ölüm şəhadətnaməsində ölüm səbəbi kimi, “Admiral Naximov”
teploxodunda baş vermiş faciəvi hadisə ilə suda batmışdır” qeyd
olundu.
İnsanlara qayğı hər bir halda özünü göstərirdi. Milis, yaxud DTK
əməkdaşlarının onun insanlarla ünsiyyətinə mane olması Heydər
Əliyevi çox qıcıqlandırırdı. Onun gülümsəyərək insanlarla
ünsiyyətdə olması xronikası hər birinizə yaxşı məlumdur. O ilk
növbədə milislərin kənara çəkilməsinə göstəriş verirdi. DİN
rəhbərliyi bundan narahat olurdu, bu səbəbdən mühafizəçilər bir çox
hallarda gündəlik geyimdə olurdular.
O, insanlarla ünsiyyətdə olması çox istəyirdi, bu səbəbdən,
əvvəlcədən müəyyən edilməmiş insan kütlələrindən yan qaçmırdı.
Səfərlər zamanı o maşını saxlatdırır, insanlarla söhbət edir, onun
həyat və iş şəraitləri barədə soruşurdu. Bu, Heydər Əliyevin əsas
iş meyarı idi. Vəzifəsi onun mağazalara getməsinə və alış-veriş
etməsinə imkan vermirdi. Bununla belə, onun sanki sual-cavab
axşamları olurdu. Məsələn, Kremldən bağa gedirdisə, həmin 30-40
dəqiqə ərzində məhsullar və əmək haqqı barədə soruşub
öyrənirdi.
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən
20-dək nazirliyə rəhbərlik edirdi və bu nazirliklərin hər birində
onu özünkü kimi qəbul edirdilər. Nəqliyyat, Dəmir Yol Nazirliyində
onu dəmiryolçu, Dövlət Teleradiosunda jurnalist hesab edirdilər. O,
üzərinə düşən hər bir işi xırdalıqlarına qədər öyrənirdi. Onun iş
günü heç vaxt norma üzrə olmayıb. O, Kremlə ən tez gələn
rəhbərlərdən biri idi.
Bundan başqa, Heydər Əliyev SSRİ Nazirlər Sovetinin yerləşdiyi
Kremlin birinci korpusunda işləyən rəhbərlərdən yeganə şəxs idi ki,
nahardan sonra yuxusunu almırdı. Halbuki ondan əvvəlki rəhbərlər
üçün bu, bir qayda idi. O həmçinin Kremli tərk edən ən sonuncu
şəxslərdən biri, bəlkə də, birincisi idi. “Vremya” verilişinə işdə
baxırdı.
Buna uyğun bir misal da gətirə bilərəm. Bir gün axşam saat 10-dan
sonra evə qayıdırdıq. Heydər Əliyev işdən çıxarkən Kremlin
çıxışında dayanan növbətçi hərbi salam verir və gülümsəyir.
Soruşdum ki, nəyə gülümsəyirsən? Cavab verdi ki, Heydər Əliyev
Stalindən sonra ilk rəhbər vəzifə tutan şəxsdir ki, işdən belə gec
çıxır.
Ətrafdakı bütün insanlar onun işə necə can yandırdığını
görürdülər.
- Deyilənə görə, o vaxt Heydər Əliyev Sabirabad rayonuna
səfərdən qayıdanda sürücüdən su istəyib. Sürücü isə deyib ki, 2
qarpız götürüb maşına qoymuşam. Ulu öndər onu tənbeh edib və deyib
ki, belə etmə. Sonra deyəcəklər ki, Heydər Əliyev buradan 2 maşın
qarpız aparır. Belə əhvalat olubmu?
- Azərbaycan regionlarına turne zamanı biz Sabirabad rayonunda da
olduq. O, bütün rayonlardan çıxanda maşının qabağında otururdu.
İnsanların onu görməsi üçün və onu yola salanların hamısı ilə
sağollaşmaq üçün şüşəni də aşağı salırdı. Sabirabaddan çıxanda
maşını saxlatdırdı və mənimlə yerini dəyişdi. Mən qabağa keçdim, o
isə arxada əyləşdi. Maşından düşəndə Heydər Əliyev su içmək istədi.
Sürücü baqajı açanda orada iki qarpız var idi. Heydər Əliyev məndən
soruşdu: “Bu qarpız sənindir?” Mən təəccüblə baxdım, çünki onun
yanından heç ayrılmamışdım. Sürücü bildirdi ki, qarpızlar ona
aiddir. Heydər Əliyev onları haradan götürdüyünü soruşduqda sürücü
bazardan aldığını dedi. Heydər Əliyev kəskin və qəti olaraq ona
müraciət edir: “Sən indi məni aldadacaqsan? Sən necə onları
götürdün, hansı cürətlə bunu etdin? Bu iki qarpıza görə Əliyevin
adına hədiyyə kimi iki maşın qarpız yazacaqlar”.
Bax o, belə həssas adam idi. Heydər Əliyev sürücünün
dəyişdirilməsini tələb etsə də, həmin vaxt bunu etməyə imkan yox
idi. İki saatlıq yolu Heydər Əliyev israrla və qəti surətdə
sürücünün hərəkətini pislədi.
Mən 28 yaşından Heydər Əliyevin yanında olmuşam. Onu deyə bilərəm
ki, hansısa təqdimatlar və ya hədiyyələr barədə danışıqlar ona aid
deyil. O, yalnız əmək kollektivinin hədiyyələrinə qiymət verirdi və
bu hədiyyələrin hamısını evə gətirirdi. Bunun üçün ayrıca yer
ayrılmışdı.
- Lev Tolstoyun belə bir kəlamı var: "Güclü insanlar həmişə sadə olurlar." Bu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, o dövrdə indiki prezidentimizlə bağlı maraqlı məqamlar xatirənizdə varmı?
- Həqiqətən də, o, hər bir məsələdə sadə adam idi. O, bütün
xırdalıqları başa düşürdü. Vəziyyətə və gələcəyə uzaqgörən baxış
Heydər Əliyevin elə bil təbii xüsusiyyəti idi ki, bunun nəticəsində
biz bu gün İlham Heydər oğlu Əliyev kimi rəhbərə malikik. Yenə də
Azərbaycan regionlarına səfərlərə əsasən,- xronikadan olan bir çox
fotolarda və televiziya materiallarında Heydər Əliyevə oxşayan
cavan simanı görürük. Siz də bunu təsdiq edərsiniz. O, həmişə atası
ilə birgə bu səfərlərə gedirdi. Bu səfərlər fiziki baxımdan çox
ağır olurdu. İlham Heydər oğlu Əliyev atasının ZİL-ində yox, onun
dalınca gedən Dövlət Təhlükəsizlik Komitəsinin qoruma maşınında
olurdu. O vaxtı isə yollar indiki kimi deyildi. Toz, çirkli,
bataqlıq idi. O, bu toz və çirkdə bütün operativ əməkdaşlar kimi
çıxırdı. Regioanl və rayon yığıncaqlarında indiki kimi kondisioner
olmurdu. Ən yaxşı halda hava üçün pəncərələr açılırdı. İlham Heydər
oğlu bunlar baş verən zaman orda olurdu. Heydər Əliyevin işi zamanı
o, həmişə yaxından iştrak edirdi.
Beləliklə, Heydər Əliyevin öz oğluna təlqin etdiklərini mən onun
uzaqgörənliyi kimi qiymətləndirirəm. Bu gün bizim sahib olduğumuz
rəhbərin hansı gücdə olduğu isə bütün dünyaya və hər bir Azərbaycan
vətəndaşına bəllidir.
- Bu gün ölkəmizin inkişafı göz qabağındadır. Təbii ki,
bu, öz-özünə yaranmayıb. Bu, məhz ulu öndərin oğlu, onun davamçısı,
ölkənin indiki lideri İlham Əliyevin fəaliyyəti sayəsində baş
verir. Bunu necə qiymətləndirirsiniz?
- İndi ölkəyə gələn hər bir kəs şəhər və regionlarda gedən inkişafı
heyrətlə qarşılayır. Bu gün Azərbaycan dünyada iqtisadiyyatı və
sosial məsələlər üzrə dünyada ilk pillələrdən birini tutur. Belə
qısa müddət ərzində belə bir inkişaf tempi, bu cür qlobal
obyektlərin tikintisi, hava limanında ucaldılmış 2 gözəl bina,
şəhərə aparan gözəl yollar, Olimpiya stadionunun tikintisi,
baxmayaraq ki onun tikintisinə heç 2 il deyil başlanılıb, artıq
işıqlanma üzrə sınaq işləri aparılır. Dərnəgül yolu və hava limanı
istiqamətində uzanan yol inrastrukturu - bütün bu işlər Heydər
Əliyev siyasətinin bəhrəsidir. Çox sevindiricidir ki, bütün bunlar
həm də ulu öndərin oğlu, onun davamçısı, ölkənin indiki lideri
İlham Əliyevin fəaliyyəti sayəsində baş verir. Bu, ilk növbədə,
insanlara göstərilən qayığının nəticəsidir.
Xatırladım ki, Heydər Əliyevin "Saşa"sının (Aleksandr İvanovun) ulu öndər haqqında ürək dolusu ilə danışarkən vaxtaşırı kövrəlməsi diqqətdən yayına bilməzdi. Çünki bu insani keyfiyyət ancaq və ancaq sədaqətli, qəlbi, vicdanı təmiz olan şəxslərə aid olan nümunədir və təqdirəlayiqdir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!