Nida.az
Arif Hacılı başqan seçilsə, Müsavatda nələr dəyişəcək? – İddialı namizəd
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Publika.Az –a müsahibəsi
-Müsavatın qurultayının vaxtı elan edildi. Nizamnaməyə görə, başqan dəyişikliyi olmalıdır, lakin məlum müddəanın dəyişdirilməsini istəyənlər də var. Nizamnamə dəyişikliyi ola bilərmi?
-Partiyanın qurultayı nizamnaməni qəbul edib. Nizamnaməni olduğu kimi saxlamaq, yoxsa dəyişdirmək qurultayın səlahiyyətinə aid olan bir məsələdir. Yəqin ki, istənilən halda qurultayda bu məsələlər ətrafında müzakirələr aparılacaq.
“Kimlərinsə partiyadan getməsinin heç bir əsası yoxdur”
-İsa Qəmbərin getməsini istəməyənlər hesab edirlər ki, bu olarsa partiyadan qopmalar olacaq. Belə bir gözlənti varmı?
-Müsavat üzvlərinin əksəriyyəti ayrı-ayrı şəxsiyyətlərə görə yox, müsavatçılıq ideologiyasına, partiyanın apardığı ideoloji-siyasi xəttə uyğun olaraq öz məsləklərinə görə partiyaya daxil olmuş adamlardır. Bu baxımdan partiyada hansısa ciddi qopmaların olacağını gözləmirəm. Xüsusilə nəzərə alsaq ki, İsa bəy heç bir yerə getmir. O, Müsavat Partiyasının başqanı olmayacaqsa, yenə də partiyada öz fəaliyyətini davam etdirəcək. Müsavatın həm cari, həm strateji siyasi xəttinin formalaşmasında əsas rol oynayanlardan biri kimi qalacaq.
Düşünürəm ki, başqan olmayacağı dövrdə İsa Qəmbərin Müsavatın siyasi xətinin formalaşmasında təsir imkanları əvvəl olduğundan daha artıq olacaq. Kimlərinsə nizamnaməyə uyğun olaraq aparılan fəaliyyətə görə partiyadan getməsinin heç bir əsası yoxdur.
-Başqan dəyişikliyi olacaqsa, partiyanın siyasətində hansısa dəyişikliklər ola bilərmi?
-Müsavat 100 ildən artıq yaşı olan oturuşmuş siyasi partiyadır.
Bu partiya öz prinsiplərinə uyğun olaraq fəaliyyət göstərib və
göstərir. Müsavatın rəhbərliyində kimlərin olmasından asılı
olmayaraq partiyanın siyasəti stabil siyasətdir. Partiyanın
siyasəti istənilən halda partiyanın təməl prinsiplərinə uyğun
olaraq davam etdiriləcək.
“Demokratik qüvvələrinin vahid namizədliyi
statusuna ən layiqli namizəd İsa Qəmbərdir”
-Əgər İsa bəy getsə, onun statusu necə olacaq, lider, yoxsa
fəxri sədr kimi qala bilər?
-Mən dəfələrlə demişəm, indi də təkrara edirəm ki, İsa Qəmbərin siyasi statusu yalnız onun Müsavatın başqanı olması ilə müəyyənləşmir. İsa Qəmbər Müsavatın başqanı da olacaqsa, partiyanın sıravi üzvü də olacaqsa, istər Müsavatın siyasətinə, istərsə də Azərbaycan siyasətinə kifayət qədər təsir imkanları olacaq. Hesab edirəm ki, hansısa xüsusi nizamnamə statusu müəyyənləşdirilə də bilər. Lakin hətta belə status müəyyənləşdirilməsə belə İsa Qəmbər Azərbaycan siyasətində öz sözünü deyəcək və Müsavat Partiyasının bütün seçkilərdə əsas namizədi olaraq qalacaq. İstər parlament seçkilərində Müsavat Partiyasının namizədlərinə başçılıq etmək baxımından, istər prezident seçkilərində Müsavatın və əslində bütövlükdə Azərbaycanın demokratik qüvvələrinin vahid namizədliyi statusuna ən layiqli namizəd İsa Qəmbərdir. Müsavat Partiyasının rəhbərliyinə kimlərin gəlməsindən asılı olmayaraq, bütövlükdə İsa Qəmbərin partiya strukturlarında olan nüfuzu onun statusunu müəyyən edəcək.
“Siyahıya təbii ki, İsa Qəmbər rəhbərlik
edəcək”
-Bir qədər konkretləşdirək. Önümüzdəki parlament seçkilərində qurultayın qərarından asılı olmayaraq İsa Qəmbər namizəd olacaq?
-Parlament seçkilərinə hələ uzun müddət var. Biz proporsional
seçki sisteminin bərpa olunması istiqamətində fəaliyyət göstəririk.
Təbii ki, siyahıya rəhbərlik etmək məsələsi ilk növbədə
proporsional seçki sisteminə aiddir. Hesab edirəm ki, əgər Müsavat
proporsional seçki sisteminin bərpasına nail olaraq bu sistemlə
seçkilərə qatılacaqsa, bu siyahıya təbii ki, İsa Qəmbər rəhbərlik
edəcək.
-Maraqlıdır ki, başqanlığa namizədlər qurultaya qədər irəli
sürüləcək, yoxsa bu proseslər qurultaydan sonra
aparılacaq?
-Bu, Təşkilat Komitəsində aparılan müzakirələrdən asılı olacaq.
Müsavat Partiyasının bir çox strukturlarına namizədlər əvvəlcədən
irəli sürülür. Lakin bu, bir daha deyirəm ki, məcburi tələb deyil.
Təşkilat Komitəsi bu məsələ ilə əlaqədar necə qərar qəbul edəcəksə,
bu qərara uyğun olaraq da məsələlər həll olunacaq.
“Öz namizədliyimi irəli sürəcəyəm”
-Siz başqanlığa ən şanslı namizəd hesab olunursunuz. Namizədliyini vermək fikriniz varmı?
-Mən uzun illərdir ki, Azərbaycan siyasi səhnəsində özümü,
mövqeyimi ifadə etmək imkanına malik olan siyasətçilərdən biriyəm.
Düşünürəm ki, indiki dövrdə də həm Müsavatın, həm bütövlükdə
Azərbaycan müxalifətinin siyasətinə təsir imkanlarım kifayət
qədərdir. Müsavat mənim həyatımın əsas layihəsidir. Mən həyatımı
bütövlükdə bu təşkilatın bərpa olunmasına, onun fəaliyyətinə həsr
etmişəm. Müsavatın ideoloji-siyasi xəttinin həyata keçirilməsi
yolunda dəfələrlə həbsxanada olmuşam, demək olar ki, çox
çətinliklərlə, məhrumiyyətlərlə üzləşmişəm. Mən Müsavatın uğur
qazanmasını, Məmməd Əmin Rəsulzadə-Əbülfəz Elçibəy yolu
adlandırdığımız müsavatçılıq ideoloji-siyasi xəttinin qələbəsi
uğrunda çalışan adamam. Əgər Müsavat Partiyasının başqanı olmağım
bu ideoloji-siyasi xəttin uğuruna daha çox təsir edəcəksə, öz
namizədliyimi irəli sürəcəm. Yox, başqa bir şəxsin bu
ideoloji-siyasi xəttin həyata keçirilməsi üçün başqan olması zəruri
olacaqsa, həmin şəxsin namizədliyini müdafiə edəcəm.
“Sual veriləndə ki, Müsavatda kimi özünüzə rəqib
görürsünüz...”
-Partiyada namizədliyini irəli sürənlər varmı?
-Təbii ki, var. Müsavatda başqan olmağa layiq olan xeyli siyasi
şəxslər var. Bilirəm ki, namizədliyini irəli sürmək barədə düşünən
adamlar da var. Bu məsələlərin hamısı qurultayda bəlli olacaq.
Açığını deyim ki, sual veriləndə ki, Müsavatda kimi özünüzə rəqib
görürsünüz, bu mənə qəribə gəlir. Çünki Müsavat Partiyasına
övladlarımdan biri kimi yanaşıram. Ona görə bu partiya içində mənim
hansısa rəqibimin olacağını düşünmürəm. Müsavatdakı şəxslər,
onların iddialarından asılı olmayaraq mənim dostlarım və
silahdaşlarımdır.
“Yeni adamların partiyanın rəhbər strukturlarına
gəlməsi mümkündür”
-Siz başqan seçiləcəyiniz təqdirdə hansı islahatları aparmaq niyyətindəsiniz?
-İstənilən halda hətta eyni şəxsin yenidən seçilməsi, eyni
şəxslərin növbəti dəfə seçki prosesindən keçərək öz səlahiyyət
müddətlərini artırması belə yeniliklərlə nəticələnir, təşkilatın
fəaliyyətinə yeni nəfəs gəlir. Müsavat Partiyasının qurultayından
danaşılarkən yalnız onun başqanının seçilməsi qeyd edilməməlidir.
Eyni zamanda bir çox strukturları dəyişmək lazımdır. Nəzarət-Təftiş
komissiyası, Divan, Məclis üzvləri qurultayda yenidən
seçiləcək.
İstər-istəməz hazırda fəaliyyət göstərən şəxslərin təmsil
olunduğun strukturlara yenidən seçilməsi, yeni adamların partiyanın
rəhbər strukturlarına gəlməsi mümkündür. İstər-istəməz Müsavatın
həyatında da növbəti bir mərhələ başlayacaq. Lakin konkret olaraq
başqan seçiləcəyim təqdirdə hansı işləri görmək niyyətində olduğum
barədə indidən danışmağım düzgün olmazdı. Çünki əvvəla Müsavatın
qurultayının vaxtı hələ dəqiq təyin olunmayıb. Seçki kampaniyası
hələ başlamayıb. Təbii ki, başqan seçiləcəyim təqdirdə hansı
islahatları həyata keçirməyimi zəruri hesab etdiyim barədə həm
partiya üzvlərinə, həm Azərbaycan ictimaiyyətinə məlumat vermək
niyyətindəyəm. Çünki Müsavat Partiyası Azərbaycan tarixində, siyasi
həyatında mühüm rol oynayan təşkilatlardan biridir. Hər bir
Azərbaycan vətəndaşı üçün Müsavatın gələcək taleyinin necə olacağı,
hansı istiqamətdə siyasət aparacağı məsələsi maraqlıdır. Cəmiyyəti
maraqlandıran suallara cavab vermək də hər bir siyasətçinin
borcudur.
Asif Nərimanlı
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır