Deputat: “ABŞ-ın səmimi siyasətinə kölgə düşür”
Bizi izləyin

Nida.az

Deputat: “ABŞ-ın səmimi siyasətinə kölgə düşür”

Milli Məclisin deputatı Musa Qasımlı ABŞ Konqresinin Nümayəndələr Palatasının Dövlət və Xarici Əməliyyatlar üzrə altkomitəsinin separatçı Dağlıq Qarabağ rejiminə 5 milyon dollar maliyyə yardımı ayırmasına münasibət bildirib.

Publika.Az-a danışan millət vəkili söyləyib ki, terroru dövlət siyasətinə çevirmiş Ermənistana yardımlar edilməsi ABŞ-a başucalığı gətirmir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Dövlət və Xarici Əməliyyatlar üzrə altkomitəsi 2013-cü maliyyə ilində ABŞ-ın strateji tərəfdaşı olan Azərbaycana cəmi 16 milyon, Ermənistana isə 40 milyon ABŞ dollarından az olmayaraq yardım ayrılmasına qərar verib.

Bundan başqa erməni separatçı rejiminin nəzarəti altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ABŞ-dan 5 milyon dollar məbləğində yardım alacaq.

Millət vəkili Musa Qasımlı altkomitənin qərarının ABŞ dövlətinin siyasəti ilə ziddiyyət təşkil etdiyi qənaətindədir: “Ölkəmiz özü-özünü təmin edə bilir. Bu mənada Azərbaycanın Ermənistandan fərqli olaraq ianələrə ehtiyacı yoxdur. Məsələ burasındadır ki, ABŞ bütün dünyada terrorizmə qarşı mübarizə apardığını bəyan edir. Lakin bunun qarşılığında terroru dövlət siyasətinə çevirən Ermənistana və separatçı rejimə maliyyə yardımları ayırır.

Bütün bunlar ABŞ-ın səmimi siyasət yürütdüyünə dair fikirləri alt-üst edir. Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq münasibətləri var. Belə olduğu təqdirdə adını çəkmək istəmədiyim digər dövlətlər də Azərbaycanı haqlı dilemma qarşısında qoyurlar. Onlar ABŞ-ın Azərbaycanla müttəfiqliyi fonunda belə bir qərarını dərhal diqqət mərkəzinə gətirirlər”.

Millət vəkili hesab edir ki, bu, ümumilikdə ABŞ iqtidarının mövqeyi deyil: “Bu, bir qrup ermənipərəst konqresmenin təşəbbüsüdür ki, onların indiyə qədər heç bir nəticəyə nail olmadığı da tam çılpaqlığı ilə ortadadır. Nəzərə almaq lazımdır ki, bu cür qərarlar ABŞ-ın regiondakı mövqeyinə və nüfuzuna sarsıdıcı zərbələr vurur”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm