Müxalifətin namizədi qeyri-siyasi şəxs olacaq?
Bizi izləyin

Nida.az

Müxalifətin namizədi qeyri-siyasi şəxs olacaq?

Son günlər KİV-də müxalifət liderlərinin 2013-cü il prezident seçkilərində tanınmış bir ziyalının namizədliyini dəstəkləməyə hazırlaşdığı haqqında məlumatlar yayılıb.

Adları hallanan namizədlər arasında “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin, akademik Rafiq Əliyevin və keçmiş təhsil naziri Firudin Cəlilovun adları var.

Publika.Az məsələ ilə bağlı rəylər öyrənib.

Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu bildirib ki, nə partiyada, nə də İctimai Palatada bu cür müzakirələr getmir:

“Zaman-zaman bizə kənardan belə təkliflər olub. Bu barədə vaxtı gələndə düşünmək olar. Hazırda bu və ya digər namizəd barədə müzakirələri yersiz hesab edirəm. Mövqeyimiz ondan ibarətdir ki, ilk növbədə demokratik şəraitdə prezident seçkiləri keçirilməlidir. Ölkədə demokratik seçki mühiti yaradılsa, namizədlərin azlığı-çoxluğu önəm daşımır. Müxalifət partiyalarının hər birinin lideri potensial olaraq namizəd sayıla bilər, amma hələ ki, iri müxalifət partiyalarının bu məsələdə bir-birinə təsir edəcəyini düşünmürəm”.

Tofiq Yaqublu qeyd edib ki, Müsavat Partiyasında lider olaraq İsa Qəmbər qəbul olunur və partiya üzvlərinin də favorit namizədi odur: “Seçkilərdə İsa Qəmbərin namizədliyi məsələsi gündəmə gəlsə, birmənalı olaraq müsavatçıların dəstəyini o qazanacaq”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Razi Nurullayev deyib ki, gündəmə belə bir məsələ çıxarsa, təmsil etdiyi partiya və onun sədri güzəştə gedə bilər: “Bu yöndə konkret müzakirələr aparılmayıb. Düzdür, müəyyən müzakirələr olub, amma hər hansı qərarın qəbulu hələ gündəmdə deyil. Hesab edirəm ki, gələn ilin əvvəlinə kimi bu istiqamətdə müəyyən qərara gəlinəcək. Cəmiyyətin istəyi olacaqsa, daha şanslı bir namizəd ortaya çıxacaqsa, AXCP sırf xalqın maraqları naminə özünün hakimiyyətə olan iddialarından əl çəkməyə hazırdır”.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan qeyd edib ki, adı hallanan namizədlərin hər üçünə hörməti var, amma ALP-nin öz lideri var: “Biz hələ Lalə Şövkətin namizədliyini də müzakirə etmirik. Mənim fikrimcə, siyasi və ya qeyri-siyasi şəxsin uğur qazanması məsələsi gündəmdə durmamalıdır. Əsas məsələ demokratik seçki mühitinin yaradılmasıdır. Əvvəlcə imkanlara baxaq, sonra qərar verək”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyib ki, bu şəxslərin namizədliyi partiya liderləri tərəfindən müsbət qarşılansa, o da öz dəstəyini verə bilər:

“Qanun çərçivəsində istənilən şəxsin namizədliyini müsbət qarşılayıram. Əgər müxalif partiyalar dəstək versə, düşünürəm ki, seyri-siyasi şəxsin vahid namizəd kimi seçkilərə getməsi uğur gətirə bilər”.

Novella Cəfəroğlu onun özünün namizədliyinin irəli sürülmə ehtimalını belə şərh edib: “Bilmirəm bu nə dərəcədə realdır, amma mən Müsavat Partiyasının üzvü kimi İsa Qəmbəri namizəd görürəm”.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm