Partiya sədrinin təkliflərinə reaksiyalar
Bizi izləyin

Nida.az

Partiya sədrinin təkliflərinə reaksiyalar

Publika.Az xəbər verir ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyaların büdcədən maliyyələşdirilməsi ilə bağlı təklifinə BQP və Aydınlar Partiyası münasibət bildirib.

Milli Məclisin Hüquq və Dövlət Quruculuğu Komitəsinin son iclasında “Siyasi partiyalar” haqqında qanuna əlavə və dəyişikliklər müzakirə olunub, sənəd plenar iclasa təqdim edilib.

Qanun layihəsinə görə, partiyalara ayrılacaq vəsaitin 10 faizi Milli Məclisə (MM) keçirilmiş son seçkilərdə etibarlı səslərin 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında proporsional qaydada, 40 faizi MM-də təmsil olunan partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına bərabər bölünür.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev APA-ya müsahibəsində bildirib ki, parlamentdən kənarda qalan partiyalar 3 faizdən çox səs toplaya bilmədiyi halda həmin 10 faiz də parlamentdəki partiyalar arasında bərabər bölüşdürülsün. Millət vəkili eyni zamanda parlamentdə yer alan partiyalara ayrılan vəsaitin 40 faizdən 60 faizə qaldırılmasını da təklif edib.

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Publika.Az-a açıqlamasında deyib ki, 10 faizin 3 faizə endirilməsi daha münasib olardı: “Bununla da ölkədə dövlətin partiyalara münasibətinin dəyişməsi prosesi başlaya bilər. Təkcə parlamentdə olan partiyalar üstünlük qazansa, bu, parlamentdən kənar partiyaların hüquqlarının pozulması anlamına gələr”.

Fazil Mustafa etibarlı səslərin 3 faizini əldə etməyən və parlamentdən kənarda qalan partiyalar üçün nəzərdə tutulan vəsaitin parlament partiyaları arasında bölüşdürülməsini düzgün hesab edir.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə qanun layihəsini ümumilikdə qəbuledilməz: “Büdcədən ayrılacaq vəsaitin 40 faizinin parlament partiyaları arasında bərabər bölünməsinin özü də ədalətsizlikdir. Milli Məclisdə elə partiyalar var ki, parlamentdən kənarda qalan partiyalardan az səs toplayıb. Hesab edirəm ki, ən ədalətli bölgü vəsaitin seçkilərdə iştirak edən namizədlərin sayına görə bölünməsidir”.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm