Deputat: “Azərbaycanda həkimlərin peşəkarlıq problemi var” - Açıqlama
Bizi izləyin

Nida.az

Deputat: “Azərbaycanda həkimlərin peşəkarlıq problemi var” - Açıqlama

“Azərbaycanda səhiyyə normal inkişaf edir, amma bundan da artıq inkişaf edə bilərdi”. Bu fikirləri Publika.Az-a açıqlamasında Milli Məclisin deputatı, tibb elmləri namizədi Hikmət Atayev Azərbaycanda səhiyyənin durumunu şərh edərkən deyib.

Azərbaycanda xəstələrin müalicə üçün xarici ölkələrə, sosial durumu aşağı olanların İrana, imkanlı təbəqənin Qərb dövlətlərinə üz tutması bununla bağlı müzakirələri yenidən gündəmə gətirib. Əksəriyyət hesab edir ki, xəstələrin nicatı xarici ölkələrdə axtarması Azərbaycan səhiyyəsinin müasir standartlara cavab verməməsinin göstəricisidir.

Bəs görəsən bunu doğuran səbəblər nədir?

Millət vəkili bildirdi ki, Azərbaycanda minlərlə tibb müəssisəsi fəaliyyət göstərir, həmin xəstəxanalar da ən müasir avadanlıqlarla təhciz edilib: “Tam səmimi deyirəm ki, Azərbaycanda tibb aləminin ən son avadanlıqlarından istifadə edilir. Dünyanın aparıcı ölkələrində hansı tibb avadanlıqlarından istifadə edilirsə, Azəbaycanda da bu var. Problem tibbi təhcizatla bağlı deyil, əsas məsələ yerli həkimlərin müasir avadanlıqlarla işləmək bacarıqlarını lazımi səviyyədə mənimsəməsidir.

Etiraf etmək lazımdır ki, bununla bağlı işlər gedir. Həkimlərin tibbi biliklərini artırmaq məqsədilə xarici ölkələrə ezam olunması, orada təcrübəli həkimlər tərəfindən aparılan kurslara cəlb olunması bu sırada qeyd oluna bilər. Yəqin ki, yaxın illərdə yerli xəstələr bütün xəstəliklərin müalicəsini ölkə daxilində həyata keçirə biləcəklər”.

Regionlarda səhiyyənin durumundan danışan millət vəkili deyib ki, çalışdığı Zaqatala Mərkəzi Xəstəxanasında yalnız bir neçə ağır əməliyyat növü var ki, xəstələr bunu Bakıda həyata keçirmək məcburiyyətində qalırlar: “Bizim rayonda yalnız ürək, ağciyər və beyin cərahiyyələri ilə bağlı xəstələr Bakıya üz tutur. Yerdə qalan bütün əməliyyatlar rayonun özündə keçirilir”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm