
"Müxalifətin mitinq keçirməsi elə də böyük hadisə deyil".
Bu sözləri Publika.Az-a millət vəkili, Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, mitinq məsələsini elə də şişirtməyə ehtiyac
yoxdur:
"Müxalifətin mövqe bildirmək üçün kütləvi aksiyadan da başqa
kifayət qədər imkanları var. Amma mitinq məsələsini uzun müddətdir
problemə çeviriblər. Aprelin 8-nə təyin olunan aksiya ilə bağlı
İctimai Palatanın verilən yerə getməyə razılaşmasını müsbət addım
kimi qiymətləndirirəm. Ancaq buna da narazılıq bildirməyi yersiz
hesab edirəm".
Aydın Mirzəzadə hesab edir ki, İctimai Palatanın rəhbər şəxsləri
20-ci sahədə ayrılmış yerlə bağlı narazılıq etməkdənsə, özlərindən
narazılıq etsinlər:
"Müxalifətin nə formada tədbir keçirəcəyinə mitinqdən sonra qərar
vermək olar. Amma bu aksiyanın müxalif liderlərin dediyi kimi
kütləvi alınacağını gözləmirəm. Uzun müddət siyasi meydanda
görünmürlər, sosial bazaları, əhalini arxalarınca apara biləcək
şüarları yoxdur və cəmiyyətdə söz sahibi olan ziyalılar müxalifətdə
yer almır. Eyni şüarlar, eyni liderlər, gənclərlə işləməmək... İlk
növbədə narazılıqları özlərindən olmalıdır. Digər tərəfdən, əsas
məsələ yer məsələsidirmi? İnformasiya cəmiyyətində yaşayırıq və
insanların diqqətinə çəkmək, təbliğat aparmaq üçün hər cür şərait
var. Mitinq mübarizə formasının sadəcə bir formasıdır, əgər bu
varianta üstünlük verilirsə, onlar qiymətlərini də buna görə
alacaqlar".
YAP-çı deputat son zamanlar müxalifət mətbuatında hakimiyyətin
cavab mitinqləri keçirəcəyi barədə məlumata da münasibət
bildirib:
"Mitinq siyasi fəaliyyətin yeganə və vacib atributu deyil. Bunu
atributa çevirən müxalifətdir. Amma iqtidar üçün siyasi fəaliyyətin
digər formaları var və bu formalardan çox uğurla istifadə
olunur".
Rüfət Əhmədzadə
Publika.Az