
"Hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlığı hüququ Azərbaycan Konstitusiyasında təsbit olunub və heç kimin şəxsi həyatına müdaxilə edilə bilməz".
Bu sözləri APA-ya açıqlamasında Prezident Administrasiyası
İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdirinin sözlərinə görə, kimin tərəfindən törədilməsindən
asılı olmayaraq, baş vermiş bütün belə hallarla bağlı müvafiq
orqanlar ciddi tədbir görməlidir və görür: "Şəxsi həyatın
toxunulmazlığı fundamental insan hüquqlarından biridir. Bu hüququ
pozanlar qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb
olunmalıdırlar. Jurnalist Xədicə İsmayılovanın məsələsinə gəldikdə
isə, deyə bilərəm ki, biz bu halı pisləyirik və vəzifəsindən,
sosial statusundan asılı olmayaraq insanlara qarşı belə davranışı
yolverilməz hesab edirik. Hazırda məsələ ilə əlaqədar müvafiq
orqanlar tərəfindən araşdırma aparılır və nəticə barədə əlavə
məlumat veriləcək".
Publika.Az