Köçəri Nağıbəyli ifşa edir: “Bu, Fərhad Əliyevin partiyasıdır"
Bizi izləyin

Nida.az

Köçəri Nağıbəyli ifşa edir: “Bu, Fərhad Əliyevin partiyasıdır"

Əbülfəz bəy bizə deyərdi ki, iki kişinin arasında süfrə başında çörək kəsdiyiniz yerdə olan söhbəti kənara çıxarmayın. Çox təəssüf edirəm ki, bunlar Əbülfəz bəydən heç nə öyrənməyiblər.

“El” hərəkatının sədr müavini Köçəri Nağıbəyli Milli Şura sədri Cəmil Həsənlinin onu regionçuluqda ittiham etməsi barədə Publika.Az –a müsahibəsində danışıb.

“Fərhad Əliyevin kəndindən olan 8 nəfər rəhbərliyə salınır”

-Cəmil Həsənli sizi regionçuluqda ittiham edir. Bildirir ki, siz Məşvərət Məclisində ermənistanlıların daha çox təmsil olunmasını istəmisiniz.

-Bu, belə olmayıb. Mən sadəcə olaraq siyasi məhbuslar arasında olan ayrı-seçkiliyə etiraz etmişəm. Qəzetlərə diqqətlə baxsanız görərsiniz ki, bütün siyasi məhbusların fotoları verilir, lakin bir neçə mühümi adamların fotoları verilmir. Eləcə də Əli İnsanovun şəkli verilmir. Fərhad Əliyevin kəndindən olan 8 nəfər rəhbərliyə salınır, lakin ermənistanlılardan heç kim rəhbərliyə salınmır. Bunlara etirazımı bildirmişəm.



-Buna səbəb nə ola bilər?

-Bu ancaq hakimiyyətin tapşırığı ilə ola bilər. Rüstəm İbrahimbəyov rəhbər olanda bunların heç biri yox idi. Çünki Rüstəm bəy heç bir partiyanın sədr müavini olmayıb. O, görkəmli ziyalıdır, təmiz adamdır. Hər kəsə eyni gözlə baxır. Ümumiyyətlə, indiki Milli Şura Rüstəm İbrahimbəyovun, Eldar Namazovun və digər hörmətli insanların yaratdığı Milli Şura deyil. İndiki qurumun tərkibində hörmət etdiyim insanlar, dostlarım var. Ancaq Mili Şuranı təsis edən 6 siyasi təşkilatın 4-nünü rəhbərliyi bu qurumda yoxdur. Misal üçün, Lalə Şövkət kimi hörmətli adam Milli Şurada yoxdur. Lalə xanım tək-tək adamlardandır ki, bəziləri mandat alıb əqidəsini, partiyasını dəyişib deputat olanda, o, mandatdan imtina etmişdi. Necə ola bilər ki, professor Lalə Şövkəti Milli Şuradan elə-belə yol salırlar.

İsa Qəmbərin, Rəsul Quliyevin, Eldar Namazovun, Leyla Əliyevanın, Arzu Abdullayevanın və digərlərinin mənim anadan olduğun regiona aidiyyəti yoxdur. Sadəcə olaraq mən nə varsa, onu olduğu kimi görmək və demək istəyirəm. Lalə Şövkət tək insanlardan biridir ki, yüksək vəzifələrdən imtina etmiş adamdır. Əvəz Temirxan sessiyada bir xahiş etdi ki, Lalə xanımın adını bura salmayın.

Amma Cəmil müəllim Əvəz Temirxanın üstünə qışqırdı ki,sən mənə göstəriş verəcəksən kimin adını bura salım, ya salmayım. Bu cümlədən sonra bütün Liberal Partiyası qurumu tərk etdi. Yəni tarixçi olmaq olar, kitab yazmaq olar, ancaq siyasətçi olmaq üçün mütləq kitab yazmaq lazım deyil. Ziyalı tərəf olmamalıdır, bitərəf olmalıdır. Rüstəm İbarahimbəyov görkəmli ziyalıdır, çünki bu adam tərəf deyil. Hamıya eyni gözlə baxırdı.

“Fərhad Əliyevin həmkəndlisi Cəmil Həsənliyə də dəstək vermişik”

-Həqiqətən siz regionçuluğa səbəb ola biləcək nəsə demişiniz, yoxsa Cəmil müəllim bunu özündən deyir?

-Cəmil müəllim məni regionçuluqda ittiham edirsə, böyük səhv edir. Mən 25 il yol keçmiş bir adamam. Nə əqidəmi, nə bayrağımı, nə millətimi, heç nəyimi dəyişməmişəm. Həmişə situasiyaya uyğun olaraq qarabağlı İsa Qəmbərə də dəstək vermişəm, şirvanlı Rüstəm bəyə də. Səkkiz dəfə əfv diləmiş Fərhad Əliyevin həmkəndlisi Cəmil Həsənliyə də dəstək vermişik. Bunların heç birində region söhbəti olmayıb. Sadəcə, səkkiz dəfə əfv diləyən bir insanın müdafiə komitəsinin sədri olan Cəmil Həsənli qərəzli yanaşır. Həbsxanadan Cəmil Həsənliyə dəstək verən Əli İnsanovun adını Cəmil Həsənli bir dəfə də olsun nə sessiyalarda, nə də mitinqlərdə çəkməyib. Siyasi dustaq kimi tanıdığı adamın adını çəkmirsə, mən buna irad bildirirəmsə, bu, regionçuluqdurmu?
Mən seçki vaxtı İlqar Məmmədovun imzatoplama kampaniyasına bəyanatla dəstək vermişəm və gücüm çatanı eləmişəm. Yəni hər birinə dəstək vermək müxalifətdə olan hər bir insanın borcudur. Bu gün Qurban Məmmədov, İlqar Məmmədov, Tofiq Yaqublu və bir çoxları məhbusdurlar. Onlar arasında ayrı-seçkilik salmaq olmaz ki, Qurban Məmmədov naxçıvanlıdır, Tofiq Yaqublu gürcüstanlıdır, yaxud başqası haralıdır. Mən belə şeylərin əleyhinə olmuşam.

“İki kişinin arasında danışılan söhbət iki kişinin arasında qalar”

-Bu ajiotajın səbəbləri nədir?

-Mən ay yarımdan çoxdur ki, susuram, sakit dayanmışam, mətbuata heç nə demirəm. Cəmil müəllim professordursa, ziyalıdırsa belə şeyləri qəzet səhifələrinə çıxarmamalıdır. İki kişinin arasında danışılan söhbət iki kişinin arasında qalar. Mən Cəmil müəllimə iradlarımı ona üzbəüz bildirmişəm, mətbuat səhifələrində yox. Əbülfəz bəy bizə deyərdi ki, iki kişinin arasında süfrə başında çörək kəsdiyiniz yerdə olan söhbəti kənara çıxarmayın. Çox təəssüf edirəm ki, bunlar Əbülfəz bəydən heç nə öyrənməyiblər. Ancaq onun şəkilini başlarının üstündən asıb, adından istifadə etməklə məşğuldurlar.


-Amma bütün bu ziddiyyətlərin bir səbəbi olmalıdır.

-Cəmil Həsənlinin indiki Milli Şuraya sentyabrın ayından gələn dövrdən qurum dağıl-dağıla gedir. Çox görkəmli adamlar qurumdan getdilər. Bu gün Milli Şuranın rəhbərliyində olan adamlar vaxtilə Rüstəm İbrahimbəyovu Rusiyanın agenti, casusu adlandırırdılar. Cəmil Həsənli Rüstəm bəyi doğrudan belə istəyirdisə, bu adamları niyə yanına gətirir. Mən bunlara etiraz edirəm ki, Cəmil müəllim Rüstəm bəyin dostusunuzsa, onu “Rusiyanın casusu” adlandıran adamları rəhbərliyə niyə gətirirsiniz. Mən sadəcə olaraq bu fikirləri mətbuat səhifəsinə çıxarmaq istəmirdim. Çünki belə şeyləri özümə sığışdırmıram. Cəmil müəllim professor adamdır, amma bir partiya funksioneri kimi hər şeyi mətbuat səhifəsinə çıxarır. Eldar Namavozla nəyinsə var, otur problemi həll et. Məni niyə bu işlərə qatırsan? Mən partiya davası döyən adam deyiləm. Mən 25 ildə tək yol gəlmişəm, nə Mavzoley qabağında gül-çiçək qoymuşam, nə kiməsə kitab yazmamışam. Kitab da yazsam, Əbülfəz bəyə həsr edərəm.

“Cəmil Həsənlinin rəhbərlik etdiyi təşkilatda heç sıravi üzv kimi də qalmaq istəməmişəm”

-Siz dediniz ki, Fərhad Əliyevin kəndindən olan 8 nəfər rəhbərliyə salınıb, bu nə ilə bağlıdır?

-Mən bilmirəm, bilmirəm ki, bu, Fərhad Əliyevin partiyasıdır, qurumudur, yoxsa başqasının. Sadəcə olaraq, özünə bitərəf, ziyalı deyən adamın tərəf davası aparması, partiya funksioneri kimi davranmasını qəbul etmirəm. Yaxşı, Köçəri pisdir, Lalə Şövkət, Rəsul Quliyev, İsa Qəmbər, Eldar Namazov, Leyla Əliyeva və digərləri pisdir, bəs necə oldu ki, bu adamların birləşdirilməsi Rüstəm bəyin rəhbərliyi, Eldar Namazovun fəaliyyəti ilə oldu. Necə oldu ki, bu adamları biz bir yerə yığdıq, siz gəldiniz dağıtdınız. Mənim adımı hallandırmasın, mən türk kişisiyəm. Sözü üzbəüz daşınıram, mətbuat səhifələrinə çıxarmıram. Mənim nə “zombi”, nə də “Feysbuk” dəstəm var ki, yazı yazdıram. Sözümü də Cəmil müəllimə üzbəüz deyirəm. Mənim üçün Azərbaycan bütövdür. Ustadımız, böyüyümüz Əbülfəz Elçibəyin dediyi kimi: Həmədandan Dərbəndə qədər. Mən böyük yolun yolçusuyam. Bu xırda, tərəf, firqə üzvü deyiləm. Mən ömrümdə heç bir partiyanın üzvü olmamışam. Hər kəsin ağılı var və bilir ki, baş verənlər nəylə bağlıdır. Bu gün Əli İnsanovun məhkəməsi gedir, onu müdafiə etmək əvəzinə müxalifətin içinə yerləşdirilmiş adamlar cürbəcür söhbətlər danışırlar. Mənə sözün varsa Cəmil müəllim, telefonumu bilirsən, çağıra bilərsiniz, üzbəüz söhbətimizi edərik. Mən Cəmil Həsənlinin rəhbərlik etdiyi təşkilatda heç sıravi üzv kimi də qalmaq istəməmişəm, nəinki hansısa vəzifə tutmaq istəyəm.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm