“Ermənistan da Georgi Marqvelaşvilinin səfərindən məhz bu mesajları oxumalıdır”
Bizi izləyin

Nida.az

“Ermənistan da Georgi Marqvelaşvilinin səfərindən məhz bu mesajları oxumalıdır”

Bu baxımdan da Azərbaycan-Gürcüstan-Türkiyə oxu strateji bir oxdur və burada həm ABŞ, həm də Avropanın maraqları var. Azərbaycan mütləq mənada Avropa ilə inteqrasiyanı gücləndirməli, assosiativ saziş və azad ticarət zonası haqqında müqaviləni imzalamalıd

Publika.Az –a müsahibəsində Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana səfəri, Gürcüctan-Azərbaycan münasibətləri və ölkələrin regional əməkdaşlığını dəyərləndirib.

-Gürcüstan prezidenti ilk xarici səfərlərini ardıcıl olaraq Türkiyə və Azərbaycana etdi. Georgi Marqvelaşvilinin belə bir səfər marşrutu necə qiymətləndirilə bilər?

-Bu səfəri ölkələrin bir-birinə olan ehtiyacı ilə izah edirəm. Azərbaycan və Gürcüstan geosiyasi və geoiqtisadi, hətta hərbi baxımından bir-birinə bağlı ölkələrdir. Azərbaycanın Gürcüstana nə qədər ehtiyacı varsa, Gürcüstanın bundan da artıq Azərbaycana ehtiyacı var. Bu birliyin geostrateji anlamı var. Azərbaycan-Gürcüstan birliyi Rusiyanın təzyiqlərinə qarşı olan bir birlikdir. 2008-ci il müharibəsində Gürcüstana yardım əlini məhz Azərbaycan uzatdı, Gürcüstanın çökməməsi üçün kömək etdi. Bunu Gürcüstan da yaddan çıxarmayıb. Bundan başqa regionda Türkiyə-Azərbaycan-Gürcüstan üçlüyü regional və qlobal layihələri həyata keçirir. Bu üçlüyün birliyi bir çox baxımdan stratejidir və vacibdir. Azərbaycanın Qərbə qapısı məhz Gürcüstandır.

-Gürcüstan prezidentinin ilk xarici səfərlərini ardıcıl olaraq Türkiyə və Azərbaycana etməsindən Ermənistana yönəlmiş hansı mesajlar var?

-Əlbəttə ki, Ermənistana verilən mesajlar var. Ermənistan və Gürcüstanı dini baxımdan bir-birinə yaxın olsa da, Azərbaycan Ermənistan ilə müqayisədə Gürcüstan üçün strateji ölkədir. Regiondakı Azərbaycan-Gürcüstan-Türkiyə strateji üçbucağı nəinki Cənubi Qafqazı, həmçinin Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək bir birlikdir. Bu xətt həm strateji, həm də iqtisadi əhəmiyyət kəsb edir. Xatırlatmaq lazımdır ki, Bakı-Tiflis-Qars dəmir yolu tikilir və bu qlobal əhəmiyyət daşıyacaq. Amma Gürcüstanı Ermənistanla nə iqtisadi, nə də siyasi baxımdan heç bir faktor bağlamır. Əksinə, Ermənistan Gürcüstandan çox ciddi şəkildə asılılığı var. Ermənistan Rusiya ilə əlaqəni məhz Gürcüstan vasitəsilə saxlayır. Gürcüstan seçim edəndə də məhz Azərbaycan və Türkiyəni düşünərək edir. Gürcüstanın ayaqda durması üçün bu iki ölkə ilə münasibətlərdə olması həyati əhəmiyyət daşıyır. Ermənistan da Georgi Marqvelaşvilinin səfərindən məhz bu mesajları oxumalıdır.

-“Gürcü arzusu” koalisiyası hakimiyyətə yeni gələndə verilən bəyanatlar Azərbaycanda narahatlıqla qarşılandı. Həmin narahatlıq tamamilə aradan qalxıbmı?

-Mən həmin vaxt da bildirmişdm ki, bu bəyanatlar sadəcə olaraq balans yaratmaq, Rusiya ilə münasibətləri tənzimləmək üçün verilmiş bəyanatlar idi. Yeni seçilmiş prezident Qərbə inteqrasiya tərəfdarlarının önündə gedən bir şəxsdir. İnanmırdım ki, o, öz prinsiplərinə zidd gedəcək. Gözləntilər də özünü doğrultdu. Gürcüstanda elə bir siyasi oyun oynadılar ki, ölkənin bütün siyasi elitası Rusiyanın monopoliyasından çıxdı. Bu gün Rusiyanın Gürcüstanın siyasi hakimiyyətinə təsir edə biləcək heç bir imkanı yoxdur. Bidzina İvanişvili istefa verməklə bu təhlükəni tamamilə aradan qaldırdı. Sadəcə olaraq Rusiya ilə düşmənçiliyi aradan qaldırmaq və gələcəkdə ərazi bütövlüyün təmin etmək üçün Tiflisin Moskva ilə müəyyən münasibətlər saxlamasına ehtiyac var idi. Bu bəyanatlar diplomatik jestlərdən o yana keçmirdi. Narahatlığa bu gün də əsas yoxdur. Azərbaycan və Türkiyə Gürcüstanın dəyişməz strateji müttəfiqləridir.

-Regionla bağlı Qərb mətbuatında yazılan siyasi təhlillərində tez-tez Rusiya-Ermənistan-İran və Azərbaycan-Gürcüstan-Türkiyə oxlarının yarandığı qeyd olunur. Gürcüstanın prezidentinin ilk xarici səfərləri də bu iddiaları gücləndirdimi?

-Azərbaycan-Gürcüstan-Türkiyə strateji bir oxdur. Həm də bu oxun içinə yalnız Azərbaycan, Gürcüstan və Türkiyənin strateji maraqlarını daxil etmək olmaz. Bu strateji oxda dünya güclərinin də geosiyasi maraqları var. Bu dünya gücləri isə Avropa İttifaqı və ABŞ-dır. ABŞ məhz Avropa vasitəsilə Cənubi Qafqazı nəzarəti altına almaq istəyir. ABŞ Avropa ilə ticarəti tədricən asanlaşdırmaq və dünya maliyyəsinin 80 faizini özündə ehtiva edən bir bazar yaratmaq istəyir. Bu maliyyəni formalaşdırmaqla tamamilə yeni standartlar əsasında sürətli inkişafa nail olmaq istəyirlər. Ona görə də yaxın iyirmi ildə bu bazara girə bilməyən, yaxud bunu istəməyən ölkələr yaxın 50 ildə inkişafdan kənarda qalacaqlar. Bu baxımdan da Azərbaycan-Gürcüstan-Türkiyə oxu strateji bir oxdur və burada həm ABŞ, həm də Avropanın maraqları var. Azərbaycan mütləq mənada Avropa ilə inteqrasiyanı gücləndirməli, assosiativ saziş və azad ticarət zonası haqqında müqaviləni imzalamalıdır. Strateji mənada qərarlar doğru olarsa, alternativ hesab edilən Rusiya-Ermənistan-İran oxu çox zəif qalacaq. Çünki, inkişaf məhz Azərbaycan-Gürcüstan-Türkiyə strateji oxu üzərindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm