“Barak Obama onun qulağına pıçıldayıb ki...” – Qarabağla bağlı AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Barak Obama onun qulağına pıçıldayıb ki...” – Qarabağla bağlı AÇIQLAMA

“Barak Obama onun qulağına pıçıldayıb ki, 2015-ci ildə Rusiya çökəcək. O da Rusiya çökəndən sonra Qarabağ məsələsinin həll olunacağına ümid edir”.


Bunu Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “2015-ci il Dağlıq Qarabağda sülh və uzunmüddətli həlli ili olmalıdır” sözlərini şərh edərkən deyib.

V. Quluzadəyə görə, 2015-ci ildə Dağlıq Qarabağla bağlı fərqli fikir söyləmək çətindir: “Çünki yenə Rusiya faktoru var. Rusiya bu işğalın arxasında dayanır və hazırda həll olunmasına maneələr yaradır. Çünki bununla Azərbaycan və Ermənistanı əlində saxlaya bilir. Hesab edirəm ki, Rusiya imperiyası çökməyənə qədər Qarabağ məsələsi həll olunmayacaq. Ya Rusiyada liberal qüvvələr hakimiyyətə gəlib imperiya maraqlarından əl çəkməlidir, ya da hazırda davam edən iqtisadi çöküş nəticə etibarilə bu ölkəni dağıtmalıdır. Birinci variant çətin görünür. Lakin Ukrayna hadisələrindən sonra Rusiyanın üzləşdiyi iqtisadi böhrana ümid etmək olar. Biz bu proseslərin nə ilə nəticələnəcəyini gözləməliyik. Amerikalı həmsədr də buna ümid edərək belə çıxış edir”.


Sabiq dövlət müşaviri ermənilərin bayram ərəfəsində də atəşkəs rejimini pozmaqda davam etməsini Rusiya amili ilə bağlayıb.


“Azərbaycana hazırda da hərbi basqı davam edir. Çünki Rusiya Azərbaycanın Gömrük İttifaqına daxil olacağına ümid edirdi. Rəsmi Bakı isə bu oyuna getmədi. Ona görə də bizi atəşkəsi pozmaqla qorxudur. Öz əlaltılarına kəndlərimizi güllə yağışına tutmaq tapşırığı verib. Lakin biz qorxmamalıyıq. Əminəm ki, Rusiya burda ikinci cəbhəni aça bilməyəcək. Əgər müharibəni başlatsa və Ermənistan tərəfindən çıxış etsə, Qərb Azərbaycanı müdafiə edəcək. Çünki Qərb və Türkiyənin burda öz maraqları var. Hələlik Rusiya başımızı yağlı sözlərlə aldatmaq istəyir, digər tərəfdən də cəbhədə gərginliyi artırır. Rəsmi Bakı belə vədlərə heç vaxt inanmayıb”, - deyə V. Quluzadə vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm