Niyaməddin Orduxanlı: “Bunların Xədicə İsmayıl qədər də hörməti yoxdur” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Niyaməddin Orduxanlı: “Bunların Xədicə İsmayıl qədər də hörməti yoxdur” - MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlının Publika.az-a müsahibəsi


- Niyaməddin bəy, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2015-ci illə bağlı hədəfləri, planları nədən ibarətdir?

- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2015-ci ildəki planları və gördüyü işlərlə bağlı deyə bilərəm ki, partiyamızı bu il daha böyük uğurlar gözləyir. Bütün fəaliyyətimizi bu istiqamətdə aparacağıq. Maksimum dərəcədə çalışacağıq ki, noyabr da keçirilən parlament seçkilərində BAXCP parlamentin ən çox yer qazanan müxalifət partiyası olsun. Bunun üçün partiyamızın kifayət qədər potensialı da var. Partiyamızın rəhbərliyində təmsil olunan şəxslərin nüfuzu imkan verir ki, daha çox mandat qazanaq. Həmçinin partiya kimi həm daxili siyasətə, həm də partiyamızın beynəlxalq təşkilatlarda təmsil olunmaq səylərini artıracağıq. Bu istiqamətdə partıyamızın lideri, millət vəkili Qüdrət Həsənquliyevin indiyə qədər gördüyü xeyli işlər var. Keçən il bu yönümdə ciddi işlər aparıb. Düşünürəm ki, bu il BAXCP daha böyük uğurlara imza ata biləcək. BAXCP 2014-cü il bələdiyyə seçkilərindən dərhal sonra cari ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlıq işlərinə start verib. BAXCP-nin son bələdiyyə seçkilərində 300-ə yaxın namizədi olub və artıq demək olar ki, 100-dən artıq BAXCP namizədi seçilən lider namizədlər arasında qərarlaşıb. Hazırda Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələrini gözləyirik. Bələdiyyə seçilənlər arasından partiya sədrinin müavini vəzifəsini daşıyan şəxslər də var. Artıq 4 dəfədir ki, bələdiyyə seçkilərində uğur qazanıram. Özüm də noyabr seçkilərində parlament seçkilərinə qatılacam. Bu artıq mənim parlament seçkilərində üçüncü seçkim olacaq. Sonuncu parlament seçkilərində ikinci yeri tutmuşdum. Böyük bir seçki təcrübəm var və yaşadığım ərazinin seçiciləri məni kifayət qədər tanıyır.


- Partiya parlament seçkilərində müstəqil şəkildə, yoxsa hər hansı bir partiya ilə əməkdaşlıq formasında iştirak edəcək?


- 2010-cu il parlament seçkilərində BAXCP blok şəkilində seçkiyə qatılmışdı. Vətəndaş Həmrəyliyi, Ədalət, Böyük Quruluş və Təkamül Partiyasının birgə seçki bloku olan “İslahatçı” seçki bloku ilə seçkiyə qatılmışdıq. Bu blokun yenidən seçkiyə birgə getməsi ilə bağlı indidən hər hansı bir fikir bildirmək tezdir. Bu və başqa bir formatda seçkiyə qatılmağımız zamanın işidir. BAXCP 2007-ci ildə və 2011-ci ildə 4 partiyanın - VHP, Ədalət, BAXCP və BQP-nin birgə hazırladığı “Konstitusiya islahatları haqqında” qanun layihəsini Milli Məclisə təqdim edib. Qanunda parlament seçkilərində birmandatlı seçki dairəsi ilə yanaşı, proporsional seçki sisteminin bərpası və Milli Məclis üzvlərinin sayının artırılması, seçkidə qalib gəlmiş partiyanın hökuməti formlaşdırmasına qədər dəyişidirilməsi təklif edilib. Məncə, ölkədə çoxpartiyalı sistemi inkişaf etdirməyin ən yaxşı yolu budur. Demək olar ki, artıq keçmiş SSRİ-nin 15 respublikasından yalnız Azərbaycan və bir neçə ölkədə proporsional seçki sistemi yoxdur. BAXCP uzun illərdi ki, bu təşəbbüslə çıxış edir.


- Ümumilikdə, partiya olaraq 2015-ci illə bağlı gözləntiləriniz nədən ibarətdir? Bu il müxalifət, xüsusilə bu düşərgənin radikal qanadı üçün nə dərəcədə uğurlu və ya uğursuz olacaq?


- Düşünürəm ki, hər dəfə olduğu kimi, bu dəfə də beynəlxalq təşkilatlar siyasi cameənin radikal hissəsindən Azərbaycan hakimiyyətinə qarşı təzyiq kimi istifadə etməyə çalışacaq. Son 20 il seçkisində bu özünü açıq şəkildə göstərib. Uzun illər bir-birini təhqir edən, öz mətbuat orqanında ən aşağılayıcı fikirləri yazan və yazdıran Əli Kərimli mümkündür ki, yenidən Müsavat Partiyası ilə “qardaşlaşsın”. Son parlament seçkilərinin hamısında bu baş verib. Bu Əli Kərimli və ya İsa Qəmbərin təşəbbüsü olmayıb. Buna həmin adamları beynəlxalq təşkilatlar məcbur edib. Onlar da heç bir etiraz etmədən bu addımı atıblar. Gözlənilir ki, bu il keçiriləcək seçkidə tarix təkrar olunsun. Ancaq mənim şəxsi qənaətim odur ki, Azərbaycan cəmiyyəti heç bir halda radikal siyasəti aparan bu şəxslərə ciddi dəstək verməyəcək. Bu düşərgə daha böyük itkilərlə seçkidən ayrılacaq. Son bələdiyyə seçkilərində Əli Kərimlinin partiyasından 100 nəfər namizəd verə bilmədi. Çünki bunun üçün kifayət qədər yerlərdə təmsilçilərin və bölgələrdə ciddi dəstəyin olmalıdır. Kim Əli Kərimlinin partiyasından namizəd olmağa razılıq verər? Özünə hörmət edən və gələcəyini düşünən şəxs Əli Kərimlinin partiyasında qalmaz və neçə ki, Əbülfəz Elçibəydən sonra Əli Kərimlinin yanında “matros” Faiqdən başqa heç kim qalmayıb. Başında olan 5-10 gənc də vaxtı gələndə onun kim olduğunu bilib, düşərgəni tərk edəcək.


- Bir qayda olaraq seçki ərəfəsində ölkədə siyasi sabitliyi pozmağa cəhdlər edilir. Parlament seçkiləri ərəfəsində belə bir prosesin baş verməsi mümkün görünə bilərmi?


- Bəli, mümkün hesab edirəm. Bu gün Azərbaycanın milli maraqlarını sevməyən bir çox təşkilatlar və dövlətlər var. Onlar istəmirlər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqil dövlət siyasətini aparsın. Onlar Azərbaycan dövlətini bu cür görmək istəmirlər. 2013-cü il prezident seçkilərində Rusiya açıq şəkildə Rüstəm İbrahimbəyovu ortalığa atmaqla Azərbaycan hakimiyyətinə “təzyiq” etmək yolunu seçdi. Ancaq sonda gördülər ki, bu yolla ciddi bir uğur qazana bilməyəcək. Hətta radikal müxalifətdən dəstək almalarına baxmayaraq Azərbaycan xalqından kifayət qədər dəstək ala bilmədilər. Sonda geri çəkildilər. Noyabr seçkilərində də Qərbin belə bir təşəbbüsdə bulunmasını gözləmək olar. Bir məqamı diqqətinizə çatdırım: son 20 ildən artıq müddətdə Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev, Eldar Namazov və digərləri bütün çıxışlarında bəyan edirlər ki, onlar Qərbyönümlü siyasətçilərdir və Azərbaycanın gələcəyini də Qərbdə görürlər. Ancaq adi bir jurnalist Xədicə İsmayılın həbsi onu göstərdi ki, sən demə, Qərbin siyasi dairələrinin Xədicə İsmayıla verdiyi dəyərin heç birini nə Əli Kərimliyə, nə İsa Qəmbərə, nə Rəsul Quliyevə, nə də Eldar Namazova verir. Bu adamların heç birinin Xədicə İsmayıl qədər hörməti yox imiş.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm