Azərbaycanda yeni partiya yarana bilər – Qubad İbadoğlu təməlləri atır
Bizi izləyin

Nida.az

Azərbaycanda yeni partiya yarana bilər – Qubad İbadoğlu təməlləri atır

Müsavat Partiyasının VIII qurultayının nəticələrindən narazı qalanlar Qubad İbadoğlunun rəhbərliyi altında yeni partiya yarada bilər. Artıq gələcək partiyanın təməllərinin Azərbaycan Demokratiya və Rifah (ADR”) hərəkatının nəzdində atıldığına dair ehtimallar var.


Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da Publika.az-a açıqlamasında narazıların partiya yaratması ehtimalını istisna etməyib.


“İndidən gələcəkdə qurmaq istədikləri partiyanın təməllərini atmaqla məşğuldurlar”, - deyə Müsavat yetkilisi bildirib.


ADR Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu da partiya yaratmaq variantının olduğunu deyib: “Hərəkatın siyasi partiyaya çevrilməsi bu ilin proqram fəaliyyətində nəzərdə tutulmayıb. Amma strateji plan və müzakirələr başa çatmayıb, partiya yaradılması da alternativ variantlardan biridir. Partiya məsələsi nə vaxtsa gündəmə gələ bilər”.


Lakin ADR daxilində partiya yaratmaq ideyasına tərəfdar olmayanlar da var.


“Partiya yaradıldığı barədə şaiyələr yayaraq bizim fəaliyyətimizə don geyindirilir”


Hərəkatın üzvü, Müsavat Qadınlar Birliyinin (ADR) sədri Ellada Məmmədli Publika.az-a açıqlamasında Müsavatdan getməyin tərəfdarı olmadığını bildirib. MQB sədri bir sıra məqamlara da aydınlıq gətirib: “Təşkilat Komitəsinin yanvarın 3-də olan iclasında kifayət qədər məsələlər müzakirə olunmuşdu. O ərəfədə rayonlardan olan müsavatçılar və fərdi insanlar ADR-ə qoşulmaq istəyirdilər. Bu müraciətləri nəzərə alaraq qrafik tutmuşuq, cədvəl üzrə hərəkət edirik. İlk təşəbbüs Salyandan olduğu üçün orada ilk təşəbbüs qrupu yaratdıq. Bu gün Suraxanı rayonunda yaradacağıq, Səbail, Xətai rayonu da daxil olmaqla cədvəlimizdə 6 rayonun adı var. Lakin biz partiya yaratmaq niyyətində deyilik. Bizə qoşulanlar müxtəlif partiyalardan olan adamlardır. KXCP, AXCP, XAP, Ümid partiyalarından müraciət edib qoşulanlar var. Amma müsavatçılar üstünlük təşkil edir. Partiya yaradıldığı barədə şayiələr yayaraq bizim fəaliyyətimizə don geyindirilir. Bu, birmənalı olaraq belə deyil. Gələcək perspektivdən asılı olaraq qərar veriləcək. Mən müsavatçıyam və bu partiyanın üzvü olaraq da qalacağam”.


E. Məmmədli qeyd edib ki, Azərbaycan dövlətçiliyində Azərbaycan Xalq Cəbhəsi bir hərəkat olaraq müstəqillik gətirdi: “İndi isə demokratik cəmiyyətə doğru hərəkatdır. ADR yaratmaqda məqsədimiz budur, partiya qurmaq yox. Millətimizə xidmət edərək demokratiya və əhalinin rifahına çalışırıq. Ona görə də bütün partiyalar bizə qoşulub onu yönləndirmək istəyir. Müəyyən şəxslərin ürəyindən o keçir ki, Qubad İbadoğlunun tərəfdarları partiyanı tərk eləsinlər. Biz müsavatçıyıq və partiyada qalacağıq. Bizi xəyanətkar demək istəyirlər, ancaq heç də belə deyil. Biz Müsavatda demokratik durumun olmasını istəyirik, ona görə də fikirlərimizi irəli sürürük”.


MQB sədri Gülağa Aslanlının icra aparatının rəhbəri təyin olunmasına da münasibətini bildirib.


“Arif Hacılının komandası deyilən bir şey varsa, təbii ki, burada ona yaxın olan insanlar iş başında olacaq. Əvvəldən proqnozlaşdığımız, Qubad İbadoğlunun dediyi fikirlər öz yerini aldı. Bir adamın həm Divan, həm Məclis, həm də İcra Aparatına sədrlik etməsi demokratik qayda-qanuna uyğun deyil. Bu yaxınlarda Sabir Məmmədlinin də fikri olmuşdu ki, icra aparatının nümayəndələri gərək Divanda iştirak etməsinlər. Məncə, eyni adamların həm qanunvericilikdə, həm də idarəçilikdə təmsil olunması yaxşı hal deyil. Məndən əvvəl bunu söyləmiş insanlar var. Bu artıq reallıqdır. Bu təyinat bizim üçün qəribə olmadı, çünki gözlənilən idi”, - deyə o, vurğulayıb.


“Gülağa Aslanlı nostradamusluq edir ... partiya yaratmırıq”


ADR-in Təşkilat Komitəsinin üzvü Hüseyn Məlik də Publika.az-a açıqlamasında partiya yaratmaq məsələsinin gündəmdə olmadığını bildirib: “Biz ADR-in təsis konfransına hazırlaşırıq. Bir ay ərzində bu konfransı keçirmək niyyətindəyik. Mən Təşkilat Komitəsinin üzvü kimi bütün iclaslarda iştirak etmişəm. Lakin indiyə qədər Təşkilat komitəsində bu məsələ nə müzakirə olunub, nə də təklif verilib. Bunun haradan qaynaqlandığını dəqiq deyə bilmərəm. Sadəcə olaraq, bu ideya Səxavət bəy tərəfindən irəli sürülüb. Lakin hazırda gündəmdə deyil”.


H. Məlik Gülağa Aslanlının “indidən gələcək partiyalarının təməllərini atmaqla məşğuldurlar” fikrinə sərt reaksiya verib.


“Gülağa bəy qabaqcadan proqnozlar verməklə nostradamusluq edir. Gələcəkdə nə olacağını indidən demək çox çətindir”, - deyə o bildirib.


“Tərəzinin siyasi tərəfi əyilir”


Səxavət Əlisoy isə ADR-in partiyaya çevrilməsini dəstəkləyir. Publika.az-a açıqlamasında o, bu imkanların böyük olduğunu deyib: “ADR-in təşkilatlanması tempini siyasi arenaya çıxan ciddi partiyaların tempi ilə müqayisə etmək olar. Ancaq biz ADR-in partiyaya çevrilməsi, yaxud hərəkat kimi qalmasını qarşıya məqsəd qoymamışıq. Hələlik müzakirələr gedir. Bu, gələcəyin söhbətidir. Burada qərarlar kiminsə fikri ilə deyil, kollegial qaydada qəbul edilir. İndi bütün fikrimizi hərəkatın rayonlarda təşkilatlarının yaranmasına yönəltmişik. Müxtəlif siyasi partiyaların təmsilçiləri var. Bu da onu göstərir ki, tərəzinin siyasi tərəfi əyilir. Birbaşa partiya yaratmaq məqsəd deyil. Nizamnaməmizdə də siyasi partiya haqqında söhbət yoxdur. Bəlkə də hərəkat kimi qalıb fəaliyyət göstərəcəyik, yaxud siyasi partiyaya keçəcəyik. Bütün bunlar gələcək müzakirələrin nəticəsində bəlli olacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm