“Suriyaya gedənlərə kimlərin yardım etdiyi aydındır” - Hacı Şahin Həsənli
Bizi izləyin

Nida.az

“Suriyaya gedənlərə kimlərin yardım etdiyi aydındır” - Hacı Şahin Həsənli

Çünki radikal dini qruplaşmaların tərkibində döyüşənlərin meyitlərinin fotolarının şahidi olmuşuq. Əgər şiələr də döyüşür və öldürülürsə, niyə onların fotoları yayılmır.

Suriyada döyüşən azərbaycanlıların təkcə sələfi təriqətinin içindəki radikal qruplaşmalar deyil, eləcə də şiə radikallarının da olduğu deyilir. Məlumatlara görə, bu günə qədər Suriya döyüşlərində öldürülən 44 Azərbaycan vətəndaşından 33 nəfəri sələfi, 11-i şiədir. Publika.Az-ın apardığı araşdırmalardan da (http://publika.az/p/5451 ) görünür ki, Bakı kəndlərindən, xüsusilə Nardarandan, həmçinin Cənub bölgəsindən olan şiələr Bəşər Əsəd tərəfindən vuruşmaq üçün Suriyaya gedirlər. Onlar müxtəlif səbəblərlə İrana gedir, orda qarşılanaraq təlim düşərgələrinə aparılır, daha sonra müxtəlif yollarla Suriyaya göndərilirlər.

Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli isə Publika.Az–a açıqlamasında şiələrin Suriyada döyüşmədiyini, belə məlumatların məqsədli şəkildə yayıldığını bildirib. Onun sözlərinə görə, mətbuatda yayılmış bu məlumatlar Daxili İşlər Nazirliyi tərəfindən də təkzib edilib: “Hesab edirəm ki, bu məlumatlar məqsədli şəkildə ictimai fikri çaşdırmaq üçün dövriyyəyə buraxılır. Mənim əlimdə indiyə qədər elə bir fakt yoxdur ki, şiə icmasından kimsə Suriyaya gedib vuruşsun. Mətbuatda bir siyahı da dərc olunmuşdu, lakin bu, qeyri-müəyyəndir. Çünki radikal dini qruplaşmaların tərkibində döyüşənlərin meyitlərinin fotolarının şahidi olmuşuq. Əgər şiələr də döyüşür və öldürülürsə, niyə onların fotoları yayılmır. Faktiki olaraq şiələrlə bağlı belə bir fotonun şahidi olmamışıq. Buna görə də hesab edirəm ki, belə məlumatların heç bir əsası yoxdur”.

Ş. Həsənli qeyd edib ki, Suriyada dövlət tərəfindən ordu vuruşur. Onun sözlərinə görə, konkret olaraq bu orduya əsasən “Hizbullah”dan ibarət döyüşçülər kömək edir: “Bu təşkilat olduqca qapalıdır. Orda başqa millətlərin nümayəndələrinin vuruşması çətin məsələdir. Müxalifət tərəfindən isə muzdlular döyüşür. Yəni şiələrin ora getməsi, Əsəd tərəfindən vuruşması doğru deyil. Nardaran, Maştağa ağsaqqalları da bununla bağlı danışaraq təkzib ediblər”.

Axund əsas radikalların sələfilərin içində olduğunu deyib. Bildirib ki, şiələrin içində radikal qruplaşmalar yoxdur. “Mən özüm təkcə şiə icmasını deyil, həm də sünni icmasını təmsil edirəm. Şiələrin daxilində radikal qruplaşma var deyəndə nəyi nəzərdə tuturlar, anlamıram. Əsas radikallar sələfilərin içindədir. Suriyaya gedənlərə də kimlərinsə yardım etdiyi aydındır”-deyə o diqqətə çatdırıb.

Ş. Həsənli şiələrlə bağlı belə məlumatların Qafqaz Müsəlmanları İdarəsinin toplantısından sonra ortaya çıxdığını bildirib: “QMİ-nintoplantısından sonra müəyyən kompromat xarakterli məlumatlar mətbuata ötürülür. Bunun şahidi olmuşuq. Hesab edirəm ki, bu məlumatlar həmin qruplaşmalara mənsub olan insanlar tərəfindən məqsədi şəkildə ortaya atılır ki, kimlərsə mənəvi baxımdan gözdən salınsın. Eyni zamanda Suriyada fərqli dini cərəyanlara aid insanların döyüşdüyünə dair fikir çaşdırmaq istəyirlər. Mən bunları əsassız hesab edirəm”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm