Ali Baş Komandan kimə işarə edirdi: Qərb, yoxsa Rusiya?
Bizi izləyin

Nida.az

Ali Baş Komandan kimə işarə edirdi: Qərb, yoxsa Rusiya?

Prezident, Ali Baş Komandan İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına həsr olunan iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi məqama toxundu. Ali Baş Komandan münaqişənin həll olunmamasında maraqlı tərəflərin olduğunu diqqətə çatdırdı.


“Münaqişənin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz”


Dövlət başçısı bildirib ki, işğalçı dövlətə təzyiq göstərilməli, o, işğal olunmuş torpaqlardan çıxmağa məcbur edilməlidir: “Yoxsa bu da riyakarlığın bir növüdür. Bir bəyanat verilir, onun arxasında iş görülmür. Necə ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib, 20 ildən çoxdur ki, icra edilmir. Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Görünür, elə qüvvələr var ki, bu münaqişənin dondurulmuş, yarımdondurulmuş vəziyyətdə qalmasında və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə edilməsində maraqlıdırr. Son illərdə müxtəlif bölgələrdə - Avropada, Yaxın Şərqdə gördüyümüz mənzərə bax bu mövqeyi, bu yanaşmanı daha da gücləndirir. Proseslərdən belə nəticə çıxır. Ona görə, buna da aydınlıq gətirilməlidir ki, biz nə vaxta qədər bu ikili standartlarla üzləşəcəyik?!”


Ali Baş Komandanın işarə etdiyi qüvvələr haqda müəyyən ehtimallar yaranır. Ortaya çıxan sual belədir: söhbət kimdən gedir? Qərb, yoxsa Rusiya...


“Beynəlxalq hüquqa əməl etməyənlər, Minsk qrupu, Ermənistanın hərbi müttəfiqləri...”


Milli Məclisin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin üzvü Asim Mollazadə Publika.az-a açıqlamasında bildirib ki, söhbət həmsədrlərin bu münaqişənin həllində beynəlxalq hüquq normalarından istifadə etməməsindən gedir: “Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq olundu. Lakin BMT-nin Ermənistana qarşı qəbul etdiyi qətnamələrdən 23 il keçir. Lakin indiyə qədər bu işğalçı ölkəyə qarşı qınaq, sanksiya, təzyiq kimi heç bir addım atılmayıb, onu sülhə məcbur edəcək davranışlar sərgilənməyib. Deməli, beynəlxalq hüquq normaları pozulur, hüquqi nihilizm var. Belə olanda münaqişə həll olunmur”.


A. Mollazadə Prezident İlham Əliyevin buna işarə etdiyini qeyd edib.


“Beynəlxalq hüquqa əməl etməyənlər, Minsk qrupu, Ermənistanın hərbi müttəfiqləri, bu ölkəni silahlandıranlar münaqişənin həll olunmasına qarşıdır. Ermənistan sülh istəmir və ona qarşı heç bir addım atılmır. Deməli, bu prosesdə olan qüvvələrin hər biri müəyyən mənada məsuliyyət daşıyır”, - deyə komitə üzvü bildirib.


“İstər Rusiya, istər Fransa, istərsə də ABŞ burada öz maraqlarından çıxış edir


Sabiq təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin eksperti Arzu Nağıyev Publika.az-a açıqlamasında münaqişənin dondurulmuş vəziyyətdə qalmasına görə ABŞ, Rusiya və Fransanı günahlandırır. Onun sözlərinə görə, Minsk qrupunun həmsədr ölkələri bu məsələdə öz maraqlarından çıxış edir: “Dağlıq Qarabağ münaqişəsinin bu qədər uzanması, stasus-kvonun bilərəkdən bu vəziyyətdə saxlanması Azərbaycan üçün arzuolunmazdır. Çünki istər iqtisadi, istər siyasi, istərsə də hərbi layihələrin həyata keçirilməsində Dağlıq Qarabağ məsələsi böyük faktordur. Məhz belə bir vəziyyət həmin layihələrin həyata keçirilməsinə bir əngəldir. Bu gün demək olar ki, Dağlıq Qarabağ münaqişəsini həlli ATƏT-in Minsk qrupunun həmsədrlərinə və onları təmsil edən dövlətlərə həvalə olunub. İstər bu qrup, istərsə də həmin dövlətlər sülhün qorunmasından başqa bir addım irəli atılacaq heç bir təklif vermirlər, beynəlxalq səviyyədə qəbul edilən qətnamələrin yerinə yetirilməməsinə göz yumurlar. İstər Rusiya, istər Fransa, istərsə də ABŞ burada öz maraqlarından çıxış edir. Çünki bu gün münaqişənin Azərbaycanın xeyrinə həll edilməsi bu dövlətləri və digərlərinin hegemonluq prinsiplərinə ziddir”.


“Kimisi qoşun yeritmək istəyir, kimisi də neft-qaz layihələrinə şərik olmaq”


Sabiq təhlükəsizlik zabiti bu dövlətlərin münaqişənin həllindən müəyyən dividentlər qazanmaq istədiyini qeyd edib.

“Kimisi sülhməramlı qüvvə adı altında regiona öz qoşunlarını yeritmək, kimisi də Azərbaycanı hansısa quruma daxil etmək, neft və qaz layihələrinə şərik çıxmaq və s. kimi şərtlər irəli sürür. Açıq şəkildə bildirməslər də, atılan hər bir addımda bu özünü büruzə verir. Düşünürəm ki, cənab Prezident həm də bu məqamlara bir eyham vurdu”, - deyə A. Nağıyev vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm