“Müsavatda yenilik lazımdır”-Tural Abbaslı da başqan olmaq istəyir
Bizi izləyin

Nida.az

“Müsavatda yenilik lazımdır”-Tural Abbaslı da başqan olmaq istəyir

“Müsavatda yenilik lazımdır”-Tural Abbaslı da başqan olmaq istəyir

“Müsavatın başqanlığına namizədliyimi vermək fikrindəyəm. Hesab edirəm ki, yenilik lazımdır”.

Bu barədə Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Publika.Az –a açıqlamasında deyib. Lakin o bildirib ki, yenilik əvvəlki üzvlərin rəhbərlikdən getməsi kimi başa düşülməməlidir: “Qətiyyən bununla razı deyiləm. Yenilik “silbaştan” demək deyil. Sadəcə olaraq yeni simalar, yeni fikirlər, yeni yanaşmalar olmalıdır. Alternativ çıxış yolları axtarılmalıdır.

Müsavat 100 illik partiyadır və əbədi olaraq müxalifətdə qalmaq üçün yaranmayıb. Artıq hakimiyyətə gəlməyin digər yollarını da sınaqdan keçirmək lazımdır. Digər yolları da digər insanlar həyata keçirməlidir. Biz bu fikirdə olduğumuza görə namizədliyimi verəcəm”.

T. Abbaslı qeyd edib ki, Müsavat gənclərə şərait yaratmaqda digər partiyalara da nümunə olmalıdır.
“Müsavat bu məsələlərdə öncül olduğuna görə, digər partiyalara da nümunə olsun ki, artıq yeni simalara, yeni insanlara, gənclərə şərait yaradılmanın zamanıdır. Ən azından onlar da öz bacarıqlarını göstərmək üçün uyğun platforma tapmalıdır.

Mənim və ətrafımızdakı gəncləri bəzi fikirləri, ideyaları var və bunların həyata keçirilməsi üçün namizədliyimi irəli sürmək qərarına gəldim. Çalışacağıq ki, seçkidə layiqincə təmsil olunaq və uğur qazanaq”-deyə o vurğulayıb.


“Yeni yanaşmalar, ideyalar lazımdır”


T. Abbaslı başqan olacağı təqdirdə aparacağı islahatlara da toxunub. Bildirib ki, Müsavatın mükəmməl proqram və nizamnaməsi var və ora yeniliklər əlavə etməyə, bir növ yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur: “Sadəcə olaraq bu proqramın, nizamnamənin tətbiqində, partiya quruculuğunda yeni yanaşmalar, ideyalar qatmaq lazımdır. Yəqin ki, bundan çıxış edəcəyik.

Partiya strukturlarının yenilənməsi, yeni insanların təmsilçiliyi, respublika üzrə strukturların gücləndirilməsi, gənclərin aktiv iştirakı, cəmiyyət daxilində müxtəlif qrupların partiyaya çıxışlarının təmin edilməsi və ən əsası partiyanın xalqla bütövləşməsidir. Hakimiyyətin 20 ilik siyasəti nəticəsində partiyalar və cəmiyyət aralı düşüb. Xalq elə gəlir ki, siyasət onların işi deyil.

Bu tendensiyanı aradan qaldırmalıyıq ki, insanların partiyanın onların həyatının tərkib hissəsi olduğunu görsünlər və aktiv iştirak etsinlər. Zamanı gələndə bu istiqamətdə təkliflərimiz olacaq və bunları həm qurultaya, həm də ictimaiyyətə təqdim edəcəyik”.


“İsa Qəmbərin şəxsi mövqeyinə görə bu məsələ aktuallığını itirir”


T. Abbaslı İsa Qəmbərin başqanlıqdan getməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Müsavatın daxilində 95 faiz İ. Qəmbərin getməsinin əleyhinədir: “Bəzən deyirlər ki, İsa bəy gedir. İsa bəy başqanlıdan gedə bilər, lakin bu, siyasətdən getməsi demək deyil. O, partiyada fəaliyyətini davam etdirəcək və müvafiq orqana seçiləcək. Əminəm ki, Müsavat böyük məmnuniyyətlə buna səs verəcək. Digər tərəfdən Müsavat daxilindəki proseslərə yaxşı bələd olan biri kimi deyə bilərəm ki, İsa bəyin getməsini, yaxud getməməsini istəyən qruplar yoxdur. Partiyanın böyük əksəriyyəti, hardasa 95 faizi İsa Qəmbərin başqanlığa davam etməsini istəyir. Bunun üçün nizamnaməyə dəyişikliyin edilməsini, yaxud digər çıxış yolları təklif edirlər. Amma sırf İsa Qəmbərin şəxsi gücü və mövqeyinə görə bu məsələ aktuallığını itirir”.


“Heç bir namizəd favorit deyil”


Divan üzvü Müsavat başqanlığına namizədlərdən heç kimin favorit olmadığını bildirib. Qeyd edib ki, Müsavat daxilində seçkini öncədən müəyyənləşdirmək mümkün deyil.

“Qurultayın 600-dən çox nümayəndəsi var və bütün Azərbaycanı əhatə edir. Azərbaycan üzrə rayon təşkilatlarında keçirilən konfranslarda qurultay nümayəndələri seçilib. Yəni seçkiləri əvvəlcədən müəyyənləşdirmək mümkün deyil.

Təbii ki, başqanlığa namizədlər partiya daxili elektoratlarına və güclərinə bələddir. Lakin deməzdim ki, kimsə favoritdir, yaxud şansları daha çoxdur. Kimin nə deməyindən asılı olmayaraq partiya daxilində hər bir namizədin şansları kifayət qədərdir. Kimin qalib gələcəyini isə qurultay göstərəcək”-deyə Divan üzvü diqqətə çatdırıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm