Nizami Cəfərov: “Öz sənətimdən Aqil Abbas kimi istifadə etməmişəm”
Bizi izləyin

Nida.az

Nizami Cəfərov: “Öz sənətimdən Aqil Abbas kimi istifadə etməmişəm”

Mətbuat çox zaman Milli Məclisin deputatı Nizami Cəfərovun rəsmi fikirlərini, ictimai-siyasi məsələlərlə bağlı mövqeyini işıqlandırır. Millət vəkilinin şəxsi həyatı, qeyri-rəsmi fəaliyyəti bir qədər kənarda qalıb. Bu mənada, Nizami Cəfərovla görüşüb, onunla siyasətdən kənar söhbət etmək qərarına gəldik.

Publika.az-ın “Siyasətsiz siyasətçi” layihəsinin növbəti qonağı Azərbaycan Atatürk Mərkəzinin müdiri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovdur.

– Nizami müəllim, adətən millət vəkili, rəsmi şəxs kimi xatırlanırsınız...

– Təbii ki, mənim əsas işim millət vəkilliyidir və Atatürk Mərkəzində görülən işlərdir. Amma bütün bu işlər əslində mənim yazıb-pozduğum işləri istiqamətləndirir. Ümumiyyətlə, mən hansı sahədə çalışmışamsa, yazılarım da o sahə ilə bağlı olub. Yəni, bir vaxtlar dilçilik və sırf ədəbiyyat məsələləri ilə məşğul idimsə, indi daha çox ideoloji yazılar yazmağa marağım var. Çünki mən indi o mühitdəyəm və o mühiti yaxşı görürəm. Bir vaxtlar daha çox türk dünyası tarixi, dili və ədəbiyyatı ilə maraqlanırdımsa, indi əsasən ictimai-siyasi və ideoloji məzmunlar çıxarmağa məcburam. Yeni kitablarım nəşr olunur. Ötən il irili-xırdalı 10 kitabım nəşr olunub. Bu, hərdən özümə də təəccüblü gəlir ki, bəlkə də bu qədər kitaba ehtiyac yoxdur. Düzdür, o kitabların bəzisi eynidir və sadəcə ingilis, ərəb və Azərbaycan dillərindədir. Kitab yazmaq mənim təbiətimdən irəli gəlir. Həmin kitablardan bir neçəsində yazıçı və şairlərimiz haqqında mülahizələrim də var. Hesab edirəm ki, buna da ehtiyac yaranıb. Əslində, həmişə yaxşı yazmaq da olmur. Yəqin ki, 10-a qədər kitabımdan ancaq 2-si və ya 3-ü maraqlıdır.

– Sizi yaxından tanıyanlar deyirlər ki, yeyib-içən və zarafatı sevən adamsınız...

– Vallah, yeyib-içmək bir qədər şərti anlayışdır. Bəlkə də cavan vaxtları yeyib-içmək maraqlı idi, ancaq indi bu mənim üçün elə də maraq kəsb etmir. Digər tərəfdən də, çox yeyib-içməkdən söhbət gedə bilməz. Doğrudur, mən məclis adamıyam, dostların məclisində elm adamları, şair və yazıçılarla oturub-durmaq xoşuma gəlir. Bu zaman da çox maraqlı söhbətlərimiz olur. Elə fikirlər və mülahizələr olur ki, həmin məclislərdə meydana çıxır. Onu demək istəyirəm ki, elmi konfransların və müzakirələrin mənə vermədiyi maraqlı fikirləri və impulsları bəzən həmin o məclislərdə tapa bilirəm. Belə məclislərdə oturub söhbət edirsən, heç kəs heç kəsdən çəkinmir, xüsusi yasaqlar gözlənilmir, hər kəs sərbəst fikrini deyə bilir və sairə. Əsl müzakirə də onda olur. Amma elmi konfranslarda, hətta dissertasiya müdafiələri zamanı bu cür müzakirələr edilmir.

Mənim elmi rəhbərim var - akademik Tofiq Hacıyev. Tofiq müəllim müdafiələrin birində üzünü müdafiə edən şəxsə tutub qayıtdı ki, vallah bu o qədər ağıllı və səviyyəli danışır ki, adam buna sual verməkdən də çəkinmir (gülür). Yəni, rəsmi müzakirələrdə bu cür normativlər istər-istəməz gözlənilir. Amma dostlar məclisi sərbəst olur. Burada insanlar və elm adamları haqqında sərbəst və geniş söhbət etmək mümkün olur. Bu adamın arxasınca danışmaq deyil. Bəzən adamın kefi düzələndən sonra hansısa şairlə üz-üzə oturub deyə bilirsən ki, sənin filan əsərin ciddi deyil və sairə. Yəni, bu qədər açıq danışmaq mümkün olur.

– Bəs belə açıq danışandan sonra həmin şairin reaksiyası necə olur?

– Adətən bu cür dost məclislərində reaksiya yaxşı olur. Amma həmin fikri rəsmi məclisdə deyəndə, o insan bunu qəbul etmək istəmir. Dost məclisində sərbəstlik və qarşı tərəfi zəif şəkildə tənqid etmək imkanların yaranır. Yaxud tərifləyəndə də ürəkdən tərifləyə bilirsən.

Rəhmətlik Hüseyn Ariflə hər hansı məclisdə oturub söhbət etmək məktəb keçməyə bərabər idi. Doğrudur, o rəhmətə gedəndə mən cavan idim. Bir də görürdün rəhmətlik elə sözlər deyir ki, adama ləzzət edirdi. Hüseyn Arifin xeyli kitabı çıxıb, orada məqalələri və fikirləri yer alıb. İndi mən onları oxuyuram, amma həmin ləzzəti ala bilmirəm. Çünki o fikirlər şifahi, ürəkdən və ani deyilməyib, yazılıb. Yazı yazan adam da adətən özü özünün senzoru olur, öz fikirlərini redaktə edir. Ona görə də onun danışdığı həmin ləzzəti yazılarda almaq mümkün olmur.

– Deyilənə görə, xeyli maraqlı və gülməli əhvalatlar bilirsiniz və şəxsən şahidi də olmuşunuz.

– Son vaxtlar bu cür əhvalatlar bir qədər az olur. Amma qabaqlar çox olurdu. Bir vaxtlar bizim bir sıra deputatlarımız millət vəkili olduqlarını yaxşı dərk etmirdilər. Tam yetişməmişdilər. Yadıma gəlir ki, o zaman ağsaqqal deputatımızdan biri iqtisadi və sosial məsələ ilə bağlı Milli Məclisdə çıxış edirdi. Yaşlı adam idi, təbii ki, çıxışın mətni də onun üçün yazılmışdı, özü də bir qədər hazırlaşmışdı. Bizdə belə bir xüsusiyyət var ki, nə Milli Məclisdə, nə də digər yerlərdə yazıdan çıxış etmək yaxşı qəbul edilmir. Yəni, nəyi bilirsənsə, onu demək daha yaxşı olar. Həmin millət vəkili də yazılan mətndən çıxış edirdi və birdən çıxışında belə bir ifadə işlətdi: “Bunu oxuma”. Sən demə, həmin sözü mətni hazırlayan adam yazıb kağızın altına ki, bunu oxumasın. Bu ağsaqqal deputat da tərslikdən həmin fikri də oxudu. Bunu eşidənlərin hamısı güldü. O dövrdə bu cür hallar olurdu.

– Yəqin ki, Hüseyn Ariflə də maraqlı əhvalatlarınız olub?

– Rəhmətlik Hüseyn Ariflə də maraqlı və gülməli əhvalatlar olub. Mən onların xeyli hissəsini kitab kimi yazmışam. Onların arasında biri daha çox diqqətim çəkib və başıma gələn əhvalatdır. Deməli, mən “Ədəbiyyat və İncəsənət” qəzetinin tənqid şöbəsinə yeni müdir təyin olunmuşam. Həmin vaxt Hüseyn Arif redaksiyaya gəlmişdi. Məni onunla tanış etdilər ki, Hüseyn qağa, bu filankəsdir, bizim yerlimizdir və sairə. Bunu deyəndə, Hüseyn Arif mənə tərəf baxıb soruşdu ki, sən şeir yazırsan? Mən də cavab verdim ki, xeyr yazmıram, amma tənqidlə məşğulam. Hüseyn Arif də qayıdıb mənə dedi: “Tənqiddən zəhləm gedir. Tənqid nədir? Yenə, şeirdən zaddan yazırsansa yaz, yazmırsansa, get özünə bir peşə tap”. Bu söhbətin üstündən bir müddət sonra mən yenə Hüseyn Ariflə bir yerdə görüşdüm. Həmin vaxt bilirdim ki, Hüseyn Arif xalq şairi adı almaq istəyir. Özü də həmin vaxtı 80-ci illərin sonu idi, ara qarışmışdı, ölkədə vəziyyət yaxşı deyildi, Anar müəllim də Yazıçılar Birliyinə yeni sədr gəlmişdi. Mən də bilərəkdən qayıdıb Hüseyn Arifin yanında dedim ki, Anar müəllim sizə tezliklə xalq şairi adı verdirə bilməsə, o zaman Yazıçılar Birliyi hörmətdən düşəcək. Belə deyəndə, Hüseyn Arif mənə baxıb kövrəldi və dedi ki, bu adamı qoruyun, bu böyük tənqidçidir (gülür). O dövrdə Hüseyn qağa subyektiv maraqlarına görə mövqeyini dərhal dəyişdi (gülür). Yəni, qağanın bu cür xüsusiyyətləri var idi.

– İndi də şeir yazmırsınız?

– Yox, indi də yazmıram. Mənim uşaq və cavan vaxtlarımda şeirlərim rayon qəzetində və “Pioner” jurnalında çap olunurdu. Universitetin filologiya fakültəsinə daxil olandan sonra da bir şeir yazdım. Amma başa düşdüm ki, mənim üçün ən yaxşısı elmlə məşğul olmaqdır. Mən orta məktəb illərində də jurnalist olmaq istəmişəm, məqalələr yazmışam. Amma o dövrdə sənədlərimi universitetin jurnalistika fakültəsinə götürmədilər. Çünki 2 illik iş stajı tələb olunurdu. Mən də 2 ili gözləmədim, filologiya fakültəsinə sənədləri verdim. İmtahanlar da eyni idi.

– Bəs aşıq ədəbiyyatı və sazla aranız necədir?

– Təbi ki, mən saza çox qulaq asmışam. Sazla yaşamaq Qazax mahalının xüsusiyyətidir. Amma nədənsə saz çalmağı öyrənməyə məndə heç vaxt maraq olmayıb. Mən uşaq yaşımdan “Koroğlu” dastanını öyrənmişəm. Hətta, əlifbanı öyrənməyi də bu dastanla başlamışam. Bir vaxtlar mən rəhmətlik Məmmədhüseyn Təhmasibin tərtib etdiyi “Koroğlu” kitabındakı bütün şeirləri əzbər bilirdim. İndi də həmin şeirlərin çox hissəsi yadımda qalıb. Yəni, aşıq sənəti və ədəbiyyatı barədə də çox yazılar yazmışam. Təsadüfi deyil ki, doktorluq işim də 18-ci əsr Azərbaycan dili ilə bağlı mövzusunu götürmüşəm və 16-19-cu əsrlərdə aşıq şeirinin yazılı ədəbi dilə təsiri və digər bu kimi məsələləri diqqətlə öyrənmişəm. Ümumiyyətlə, mənim üçün aşıq sənəti həddindən çox maraqlıdır. Aşıq sənətini yaxşı hiss edə, duya və təhlil edə bilirəm. Muğam sənəti də mənim üçün çox maraqlıdır, hiss edirəm, duyuram, amma təhlil edə bilmirəm. Muğam sənətinin arxasında qəzəl dayanır. Qəzəl yaradıcılığı və sənəti mənə aşıq sənəti qədər yaxın deyil. Ümumiyyətlə, mən o fikirdəyəm ki, insana nə yaxındırsa, mütləq sənin hisslərin və inersiyan səni o sahəyə aparacaq. Yəni, burada təkcə intellekt deyil, hisslər də əsasdır. Bir sahənin arxasınca yalnız intellektinlə gedərsənsə, səhv edərsən. Bu gün bizim xeyli sayda alimlərimiz var ki, onların sahəsi hissələrinə yaxın deyil. Çünki intellekt ilə o sahəyə gediblər. Ona görə də kim deyirsə ki, elm üçün yalnız “soyuq ağıl” lazımdır, bu doğru deyil. Mütləq sənin orada hissin işləməlidir.

– Dediniz ki, saz ifa etməyi bacarmırsınız. Evinizdə sazınız da yoxdur?

– Əslində, mənə 1-2 saz bağışlamışdılar. Amma mən də o sazları başqalarına bağışlamışam. Həmin alətləri sazı ifa edənlərə vermişəm.

– Deputat həmkarınız olan Aqil Abbas müsahibələrindən birində deyirdi ki, o, uşaq vaxtı oğlanlar üçün sifarişli sevgi şeirləri yazırmış və bu yolla qızları ovsunlaya bilirmiş. Sizdə necə, bu cür hallar olubmu?

- Yox, mən heç vaxt belə etməmişəm. Mən öz sənətimdən dostum Aqil Abbas kimi “konyuktur” məqsədlər üçün istifadə etməmişəm (gülür). Amma ola bilər ki, bu, adamın ürəyindən keçsin. Məndə elə təcrübə olmayıb. Hətta, hər hansı dostumun adından onun sevdiyi qıza məktub yazmamışam. Elə bir müraciət olanda da demişəm ki, pis-yaxşı özün yaz, bunun sabahı da var.

– Aqil Abbas “konyuktur”dur ki?

– Doğrudan da Aqil Abbas mənim ən çox sevdiyim yazıçı dostlarımdan biridir. Aqil insan kimi də çox səmimidir, yazıçı kimi də istedadlı adamdır. Ondakı istedad çox az adamlarda var. Aqil kiminsə könlünü xoş etmək üçün bu cür jestlər etməyi bacarır. Amma məndə bir az quruluq var. Bu da mənim çox gənc yaşlarımdan müəllimlik etməyimdən irəli gəlir. Görünür, müəllimlik və elm mənə ciddi olmağa təsir edib. Amma Aqil müəllim olmayıb, o sərbəst olub. Bir dəfə Milli Məclisdə deputatlar arasında mübahisə düşdü, bir-birlərinə artıq-əskik söz dedilər. Bu zaman rəhmətlik Murtuz Ələsgərov həmin millət vəkillərindən birinə qayıtdı ki, heç olmasa sən danışma, yola ver. Həmin deputat dedi ki, niyə mən? Rəhmətlik Murtuz müəllim də ona dedi ki, sən müəllimsən, ona görə. Ona görə də müəllimlikdə bu cür xarakter var.

– Ən çox xoşladığınız yemək hansıdır?

– Mənim xoşalmadığım yemək yoxdur. Xüsusilə də ac olanda hər yeməyi xoşlayıram. Xəngəl və digər bu cür yeməklər isə biz tərəfin mətbəxinə aid olduğu üçün çoxları mənim daha çox xəngəli xoşladığımı düşünür. Deyirlər ki, hər yeməyin öz dövrü və vaxtı olur. Ancaq mənim üçün yeməyin vaxtı və dövrü yoxdur. Nə vaxt ac oldumsa, xoşladığım yeməyi yeyirəm.

Mən yemək-içmək işində ən çox Türkiyədə rahat oluram. Çünki Türkiyədə yeməklər kalorisiz olur, ona görə də adam ləzzətlə yeyir. Biz də isə yeməkxanalarda soruşanda ki, nə var yeməyə, bir cavabı eşidirsən: tikə, lülə, balıq. Bu söz artıq atalar misalına çevrilib.

Düzdür, öz istədiyimiz yeməyi də tapa bilirik. Ancaq bu gün mövcud olan yeməkxanalar daha çox öz variantlarını bizə diktə edir.

– Övladlarınız nə işlə məşğul olur?

– Oğlum Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib, indi də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirir. O, hazırda Milli Məclisdə işləyir, daha çox təsərrüfat və idarəçilik sahəsinə meylli insandır. Oğlum məndən daha çox praktik adamdır. Ünsiyyətçildir, yaxşı dostluq edə bilir, oğlumun dostları mənim dostlarımdan çoxdur.

Qızım isə mənim yolumu davam etdirir, hazırda Dilçilik İnstitutunun doktorantıdır. Hara qədər yolumu davam etdirəcək, bunu zaman göstərəcək. Adətən, qadınların sona qədər elmlə məşğul olmasında problemlər olur.

Mən övladlarımın peşə və ixtisas seçməsində hər hansı təsir göstərməmişəm. Özləri yollarını sərbəst seçiblər. Ümumiyyətlə, övladın ixtisas seçiminə təsir göstərmək mənim xasiyyətimdə yoxdur. Əgər uşaq qabiliyyətdirsə, o istər-istəməz bu münasibəti hiss edir. Yəni, burada böyük müzakirəyə ehtiyac yoxdur. Bu baxımdan da uşaqlarım ağıllı və tərbiyəli övladlardır, onlar nəyin pis, nəyin doğru olduğunu mənsiz də bilirlər.

Vasif Həsənli

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm