“Ölkənin parçalanması Moskvanın istədiyi gözəl ssenari olardı..”
Bizi izləyin

Nida.az

“Ölkənin parçalanması Moskvanın istədiyi gözəl ssenari olardı..”

Yanukoviç hakimiyyətə gələndə Ukraynada Konstitusiya Məhkəməsinin qərarı ilə parlament-prezident ölkəsindən prezident-parlament ölkəsi sisteminə keçildi. Bu gün gedən danışıqların məqsədi odur ki, Ukrayna konstitusiyasına biryolluq dəyişikliklər olsun.

GUAM Ölkələri Jurnalistlərinin Araşdırma Mərkəzinin direktoru, uzun müddət Ukrayna parlamentində aparıcı mütəxəssis olmuş Elxan Nuriyev Publika.Az – a müsahibəsində Ukraynadakı son durumu, bu ölkənin parçalanma təhlükəsi və Krım tatarlarının müstəqillik əldə etmə ehtimallarını dəyərləndirib.

-Ukraynada son durum, yaranmış böhrandan çıxış üçün hansı addımlar atılır?

-Yanukoviç hakimiyyətə gələndə Ukraynada Konstitusiya Məhkəməsinin qərarı ilə parlament-prezident ölkəsindən prezident-parlament ölkəsi sisteminə keçildi. Bu gün gedən danışıqların məqsədi odur ki, Ukrayna konstitusiyasına biryolluq dəyişikliklər olsun. Ancaq bunu üçün parlamentin yeddinci çağırışında iki sessiya lazımdır. Ona görə də cəmiyyətdə, barrikadada, meydanda da belə bir əhval-ruhiyyə var ki, 226 səslə, yəni adi səs çoxluğu ilə Konstitusiya Məhkəməsinin o vaxtı qərarı ləğv edilsin və köhnə qaydada Yuşşenko dövründə olan parlament-prezident hakimiyyət sistemini qurulsun. Lakin bu halda güc strukturları, XİN, Baş Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi prezidentin təqdimatı ilə təyin olunacaq. Müxalifət liderlərinin hesab etdiyi variant isə belədir ki, bu layihə yay sessiyasında birinci oxunuşda səs qoyulsun, payızda ikinci oxunuşda səsə qoyulsun, 2015-ci ilin prezident seçkilərinə qədər bütün nazirlərin, o cümlədən güc strukturu blokunun birbaşa parlament, yəni baş nazir komandası tərəfindən təyin olunması məsələsi həll olunsun. Vəziyyət belədir. Variantların biri budur ki, bu günki müxalifət müəyyən dairələrlə danışıqlara gedib, onlara nazir portfeli verir və parlament strukturu yaradır. Çünki nazirlik postuna müxalifət liderlərindən birinin namizədliyi məqbul sayılır. Amma o zaman da güc strukturları yenə prezidentə tabe olacaq. Digər variant da belədir ki, bu məsələ yay sessiyasında səs qoyulsun və radanın 450 deputatından 301 deputatının səsi ilə konstitusiyada dəyişiklik olsun. Bir ildən sonra güc strukturları da parlament tərəfindən təyin olunsun. Prezidentin kvotası olmasın. Çünki praktika göstərir ki, prezident tərəfindən namizədliyi irəli sürülən baş prokuror və digər namizədlər parlament tərəfindən təsdiq olunsa da, əvvəlcədən razılaşdırılır. Prezident tərəfindən təyin olunanlar da rəsmi, yaxud qeyri-rəsmi qaydada birbaşa prezidentin fərman və göstərişlərini yerinə yetirir. Buna görə də cəmiyyət istəyir ki, konstitusiyada dəyişiklik olsun və güc strukturlarının təyin olunması parlamentin səlahiyyətinə keçsin.

“24 vilayətdən 10-nun yerli hakimiyyəti müxalifətin əlindədir”

-İğtişaşlarda, o cümlədən hazırda davam edən barrikadalarda azərbaycanlılar iştirak edirmi?

-Azərbaycanlıların iğtişaşlarda birbaşa iştirakını deyə bilmərəm. Halbuki mən meydanlara ilki çıxanlardan olmuşam. Azərbaycanlıların iştirakını da şəxsən görməmişəm. Çünki Ukraynanın özünün lazımi qədər millətçi radikalları var. Onlar da gizlənmirlər. Hamısı televiziyada çıxış edir, mətbuata konfransı keçirirlər. “Sağ sektor” deyilən bir qurum var. Əvvəllər bu qurum patriot idmançılar klubu kimi olub. Onlar da etdiklərini gizlətmirlər.

Ukraynada bu gün real olaraq hər birinin administrativ qurumu olan 24 vilayətdən 10-nun yerli hakimiyyəti iflicdir. Bu da əsasən Qərbi və Mərkəzi Ukrayna hissəsindədir. Nominal olaraq aparat işləyir, lakin qubernatorların qərarları, yerli vilayət sovetlərinin fərmanları, qərarları qüvvədə deyil. Həmin ərazilərdə hakimiyyət müəyyən mənada müxalifətin əlindədir. Məncə küçələrdə də bütün format dəyişib. Əvvəl əslində xalq hərəkatı gedirdi. 2013-cü ilin may ayında parlament qərarı var idi ki, Ukrayna Avropa İttifaqına inteqrasiya olunur. Ən azı azad iqtisadi zona ilə bağlı sənədlərə imza atır. Noyabrın 28-də Vilnüsdə həmin sammitin olmasına bir həftə qalmış sabiq baş nazir birbaşa efirdə dedi ki, sənədə imza atmayacaqlar. Hər şey də burdan başladı. Nəyə görə bir il yarım idi ki, insanlara bu sənədi imzalayarıq deyirdilər.

Prezidentin dediyində də həqiqətlər var idi, lakin insanlara təsir edən onları il yarım kobud desək, qoyun kimi otarılmalarıdır. İmzalayarıq deyirlər, qanunvericilik hazırlanır, amma sonda imzalanmır. Aydındır ki, Ukraynanın ticarət dövriyyəsinin 40 faizi Rusiya ilə bağlıdır. O da sirr deyil ki, heç kəsə lazım olmayan ərzaq məhsullarının alıcısı Rusiyadır. Həqiqətən də Rusiyaya üz çevirməklə 100 minlərlə, milyonlarla insan işsiz qala bilər. Lakin prezident tərəfindən insanlara belə münasibət, sonra da müqavimət göstərmək istəyən tələbələrin vəhşicəsinə döyülməsi, ardınca da baş nazir tərəfindən döyənlərin müdafiə olunması tarıma çəkilmiş əsəblərin qırılması və sonrakı proseslərlə nəticələndi.

“Ukraynada 226 səslə müxalifət Yeni Nazirlər Kabineti formalaşdıracaq”

-Sizcə hazırki proseslərin nəticəsi necə olacaq?

-Mənim proqnozum budur ki, aralıq finiş bu yaxınlarda olacaq. 16 il parlamentdə işləmiş şəxs kimi dəqiq məlumatım var ki, 226 səslə müxalifətdən, yaxud da hakimiyyətin iştirakı ilə müxalifətdən yeni Nazirlər Kabineti formalaşacaq. Lakin bu hadisələrin ümumilikdə finişi yeni prezident seçkilərinə, yəni 2015-ci ilin fevral ayına qədər olacaq. O zaman qədər hadisələr uzanacaq.

-Yəni 2015-ci ilə qədər eyni vəziyyət davam edəcək?

-Eyni vəziyyət də deyə bilmərik. Meydanda hər cür adam var. Avropa tərəfdarları olan liberallardan tutmuş, solçular və ultra radikal sağçılara qədər. Bütün cəmiyyət meydanda təmsil olunur. Bu baxımdan, yeni Nazirlər Kabinetində meydanda hamının marağını qorumaq qeyri-mümkündür. Təbii ki, müəyyən qurumlar çalışacaq ki, meydanı tərk etməsinlər. Düz prezident seçkilərinə qədər cəmiyyətdə belə bir gərginlik olacaq. Bütövlükdə baş verən hadisələrin istiqaməti sovet hüquq-mühafizə sistemi ilə vidalaşma mərasimidir.

“140 milyard xarici borc var və üstünə gəlir, milli valyuta dəyərini 10 faiz itirib”

-Elxan müəllim, sizcə Ukrayna üçün ən yaxşı variant nədir?

-Mən 2010-cu ildə Yanukoviç hakimiyyətə gələndən qəbul edilən Konstitusiya Məhkəməsinin qərarı 226 səslə ləğv edilməlidir. Konstitusiyaya düzəliş üçün parlamentin 450 üzvündən 301-nin səsi lazımdır. Yəni üçdə ikisi səs verməlidir. Burda da məsələ uzanır, insanlar əziyyət çəkir, nəyin baş verdiyini dəqiq bilmirlər.

Buna görə də sadə çoxluqla bu dəyişikliyi etmək olar. Hazırda parlamentin 450 yerindən 4-ü boşdur, ümumi 446 üzvü var. Buna görə də 226 səslə sadə çoxluqla texniki hökumət yaradılmalıdır. Ukraynanın 140 milyard xarici borcu var və üstünə gəlir. Texniki hökumət yaratmaq lazımdır, paralel olaraq da konstitusiyanı referenduma çıxarmaq olar. Belə bir vəziyyətdə ölkəni saxlamaq qeyri-mümkündür. Milli valyuta dəyərini artıq 10 faizə qədər itirib.

“Problem müxalifət liderlərinin sona qədər bu yükün altına girə bilməməsidir”

-Bu günlərdə Polşa mətbuatı belə bir iddia irəli sürdü ki, Ukraynada prezidentin müxalifətlə danışıqlara getməsi Moskva tərəfindən tapşırılıb. Buna səbəbsə Soçi olimpiadasıdır. Moskva Yanukoviçə deyib ki, olimpiada başa çatan kimi barrikadaları dağıtsın.

-Barrikadaların dağıdılması böyük bir arı yuvasına çöp uzatmaq olar. Bütün telekanallar, hətta rəsmi televiziyalar belə meydanı efirdə göstərir. Ukraynanın hazırda özünümüdafiə dəstələri yaradılıb. Silahları yoxdur, amma qorumada, kaskalı, qılınclı, qalxanlı, rəsmi formalı dəstələrdir. Həftənin sonuna qədər o adamların sayı 20 minə çatmalıdır. Ukrayna cəmiyyəti Yuşşenko dövrünə qədər olan cəmiyyət deyil. Yəni hadisələrə cəmiyyət özü reaksiya verir. Hətta müxalifət liderləri bəzən cəmiyyətin tələbləri qarşısında geri çəkilməli olur. Mən inanmıram ki, müəyyən mənada adekvat xarakterli olan Yanukoviç onlarla konfliktə getsin. Belə bir addım atarsa, onun hakimiyyətinə birbaşa gün hesabı qalar.
Cəmiyyətdə doğrudan bir coşqunluq, yüksəliş var. İnsanlar hadisələrə birbaşa təsir edə bildiklərini anlayırlar. Burda problem hardasa müxalifət liderlərinin sona qədər bu yükün altına girə bilməməsidir. Heç kəs gözləmirdi ki, adi bir 50 nəfərin döyülməsi ilə cəmiyyət belə bir reaksiya verəcək. Müxalifətin açığı elə bir komandası da yoxdur. Həmçinin müxalifətin özü də bircinsli deyil. Bir tərəfdən solçu, liberal Yasenyukdursa, bir tərəfdə rusdilli Kliçkodursa, bir tərəfdə də ultrasağçı radikaldır. Buna görə də müxalifətin özündə də bir baxış yoxdur.

“Ölkənin parçalanması Moskvanın istədiyi gözəl ssenari olardı, amma...”

-Bildirdiniz ki, Qərbi və Mərkəzi Ukrayna müxalifətin idarəçiliyi altındadır. Belə proqnozlar var idi ki, Ukrayna Qərbi və Şərqi hissələrə bölünəcək. Dedikləriniz bu proqnozu doğrultmurmu, ümumiyyətlə, belə bir gözlənti varmı?

-Bu ssenari Şimal qonşuların, Moskvanın istədiyi gözəl bir ssenari olardı. Belə olsaydı daha çox sənaye inkişaf etmiş Şərq hissəsi ona qalardı. 85-90 faizin özünü avropalı hesab etdiyi o biri hissəsi isə Avropaya.
Lakin bu hadisələrin bir müsbət cəhəti də oldu. Hadisələr göstərdi ki, Ukraynanın Şərqində və Qərbində insanlar Avropa dəyərlərinə eyni mövqedən yanaşırlar. Son 20 ildə ukraynalıların təxminən 30 faizi Avropada olub, yaşayıb. Bu istiqamətdə keçirilən sorğuların nəticələri belədir: 47 faiz ukraynalı birmənalı olaraq avropalı olmaq istəyir. 80 faiz ukraynalı avropalı kimi yaşamaq istəyir. Avropanın tərkibində olmaq istəyir, əgər olmasa belə, avrostandartlarla yaşamaq istəyirlər. Gənclərin də 83-84 faizi deyir ki, mən Avropada yaşamaq istəyirəm.

Bu prosesin qarşısı alınmazdır. Sərhədlər açıqdır, müəyyən qədər gediş-gəliş asandır. Eyni zamanda Ukraynanın vilayət mərkəzlərində, şəhərlərində Avropa ölkələrinin konsulluğu var. Ukraynalılar özlərini avropalı kimi təqdim edə bilirlər. Buna görə də həmin ölkələr ukraynalılara viza verir. Avropadakı həyatı görən ukraynalı da keçmiş həyatı istəmir.
Ortada olan digər vəziyyətsə belədir ki, Ukraynanın maliyyə-kredit sisteminin 20 faizinə Rusiya bankları baxır. İqtisadçılar yaxşı bilir ki, maliyyədə 10 faiz payı olan qurumlar belə milli valyutaya təsir edə bilirlər. Yəni Rusiyanın əlində belə rıçaqlar var. Amma parçalanmaq məsələsi real deyil.

Krım tatarları müstəqilik əldə edəcəkmi?

-Krım tatarlarının müstəqillik məsələsi də gündəmə gəlib, bu gözlənilirmi?

-Krım tatarları əsas etibarilə kənd yerlərində yaşayırlar. Onlar bizim qardaşlarımızdır, amma etiraf etməliyik ki, orda savadlı kadr potensialı yoxdur. Digər tərəfdən Krımda tatarlar əhalinin 15-18 faizini təşkil edir. Ruslar Krımda əhalinin 50 faizidirsə, 25-30 faizə yaxını ukraynalıdırlar. İri şəhərlərin əhalisinin hamısı isə ya ruslardır, ya da rusdillilərdir. Tatarlar bir qayda olaraq qəsəbələrdə, böyük turizm mərkəzlərinin yanında yerləşirlər. Onların siyasətə təsiri o dərəcədə deyil. Amma rus blokunun və digər qrupların siyasətə birbaşa təsiri var. Çünki onların Krım Muxtar Vilayətinin Parlamentində fraksiyaları var. Eyni zamanda, Ukrayna yeganə demokratik ölkələrdəndir ki, ikili vətəndaşlıq yoxdur.

-Bu, parçalanmaq təhlükəsi ilə bağlıdır?

-Bəli, bu təhlükəyə görə. Çünki belə bir təhlükə hər zaman olub.

“Krım tatarları 1944-cü ili unutmayıblar”

-Ola bilərmi ki, Ukraynadakı proseslərdə Avropa üstünlük əldə etsə, Rusiya krımlı tatarlara müstəqillik vəd edərək öz tərəfinə çəksin və Ukraynadan ayırsın?

-Krım tatarlarının Məclisinin, hətta millətçiləri və radikal islamçılarının hamısının qərarı var ki, Krım tatarları Ukrayna respublikasının tərkibində qalır. Krım tatarlarının parlamentdə iştirakı həmişə Ukrayna milli demokratik qüvvələrinin fraksiyalarında olub. Ümumiyyətlə belə bir çağırış və gözlənti də yoxdur. Krım tatarları 1944-cü ilin mayında Krımdan necə vəhşicəsinə çıxarıldıqlarını unutmayıblar. Bu günki nəslin əksəriyyəti yollarda əziyyətlər çəkən, Qazaxıstanda, Sibirdə, Özbəkistanda doğulanlardır. Onların yaddaşında böyük bir iz var ki, Rusiya ilə yaxınlıq olmaz.

“Nə Yanukoviçin, nə də müxalifət liderlərinin qeyrəti çatmır”

-O zaman Rusiya üstünlük əldə etsə Avropa tatarlara eyni vədlər verə bilər və bu da Ukraynanın bölünməsinə gətirib çıxarar.

-Ukraynada qalib gəlmək anlayışı mücərrəd anlayışıdır. Söhbət sivilazasiya seçimindən, millətin gələcəyindən gedirsə, ukraynalıların əksəriyyəti özünü avropalı hesab edir. Burda 5-ci kalon, ruspərəst adamlar da var. Amma onlar marginaldır və Ukraynanın siyasi həyatında dönüş yarada bilməzlər. Ukraynanın 46 milyonuq əhalisinin hardasa 40 milyona yaxını birmənalı olaraq ukraynalıdır. Onların da böyük əksəriyyəti özünü Avropalı hesab edir və bu yolda gördüyümüz kimi canından da keçməyə hazırdır. Bunu da təbii ki, cənab prezident Yanukoviç, müxalifətin cənab liderləri də yaxşı bilir. Sadəcə olaraq heç birinin qeyrəti çatmır. Burda maliyyə qrupları var ki, həm siyasətdə, həm də cəmiyyətdə böyük gücə malikdir. Tutaq ki, müxalifətə yaxın olan oliqarx qruplar bir tərəfdə, prezidentə yaxın olan oliqarx qruplar digər tərəfdədir. Əslində isə böyük hesabla maliyyə qrupları Ukraynanın avrointeqrasiyasını istəyir. Çünki onlar öz bizneslərinə zəmanət istəyirlər. Rusiyadakı kimi Putinin xoşu gəlmədiyini həbsə atdırıb pulunu da əlindən almasını istəmirlər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm