Lalə Şövkət seçkiyə təkbaşına gedir: “Acıq etməyə səbəb yoxdur”
Bizi izləyin

Nida.az

Lalə Şövkət seçkiyə təkbaşına gedir: “Acıq etməyə səbəb yoxdur”

“Müxalifət daxilində formalaşmış münasibətlərin tarixini nəzərə alaraq hər hansı seçki blokuna qoşulmayacağıq”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib.


Onun sözlərinə görə, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin parlament seçkilərinə hesablanmış seçki bloku ilə bağlı apardığı danışıqlarda iştirak etmirlər.


“Liberal Partiyanın seçkilərlə bağlı təklifi daha məqbuldur. Hesab edirəm ki, ən yaxşı variant hər dairədən bir müxalifət namizədinin olmasıdır. Başqaları blok kimi getməyi düşünürlərsə, onlara uğurlar diləyirik”, - deyə o bildirib.


Ə. Temirxan ALP-nin hazırda hansısa bloka qoşulmaq niyyətində olmadığını bildirib: “ALP-nin hər dairə üzrə namizədi var. Lakin bütün müxalifətin razılaşdırılmış qaydada hər dairədən bir namizəd verməsini təklif edirik. Əgər hər hansı müxalif partiyanın bir dairədən namizədi varsa, ikincisi olmamalıdır. Müxalifət qüvvələrinin parçalanmaması üçün namizədlərin razılaşdırılmasının müzakirəsinə hazırıq. Hər bir partiya razılaşdırılmış qaydada ayrı-ayrılıqda və yaxud bir neçə blok ayrı-ayrılıqda iştirak edə bilər. Əsas odur ki, hər bir seçki dairəsindən müxalifətin bir namizədi olsun”.


ALP sədri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “ALP Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindən acıq edib getdi” sözlərinə münasibət bildirib: “Mərkəzdən acıq etmək üçün səbəb yox idi. Sadəcə toplantı İntiqam Əliyev və digər həbsdə olan hüquq müdafiəçilərinin müdafiəsi ilə bağlı idi. Lakin müxalifətin parçalandığını gördük və bu parçalanmada tərəfə çevrilmək istəmədik. Biz mövqe parçalanmasında tərəf ola bilmərik. Bir araya gəlsəydilər, orada olmağımız mümkün idi. Amma gəlmədilərsə, nə bir araya gələ bilməmə səbəbini müzakirə etdik, nə də hər hansı tərəfin tədbirində iştirak edirik”, - deyə o vurğulayıb.


Qeyd edək ki, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi seçki blokunun yaradılması üçün fəaliyyətə başlayıb. Mərkəzin təklifinə Müsavat istisna olmaqla digər partiyalar müsbət rəy verib. Müsavatın müzakirələrin sonunda seçki blokuna qoşulacağı gözlənilir. AXCP daxil olmaqla Milli Şura prosesə qoşulmur. AMİP və ALP isə seçkilərə təkbaşına getməyin tərəfdarıdır.


Ə. Temirxan ALP-nin lideri Lalə Şövkət haqda da danışıb. Hazırda L. Şövkətin səhhətində heç bir problem olmadığını deyən ALP sədri bu barədə iddiaları təkzib edib.


“Lalə xanımın səhhəti yaxşıdır. Hər gün onunla ünsiyyətdəyəm, tərəfdarlarımız heç narahat olmasınlar”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm