Hədəf 2015: DADP adı altında yenidən aktivləşirlər
Bizi izləyin

Nida.az

Hədəf 2015: DADP adı altında yenidən aktivləşirlər

Vaxtilə ikiyə bölünmüş Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) ikinci qolu yenidən aktivləşib. Əlisahib Hüseynovun özünü DADP-nin sədri olaraq təqdim etməsi partiyadan ciddi narazılıqla qarşılanıb.


Məsələ ilə bağlı Publika.az-a danışan DADP-nin Analitik Araşdırma qrupunun rəhbəri Elnur Məlikov baş verənlərə aydınlıq gətirib.

17 ildir DADP üzvü olan E. Məlikov Əlisahib Hüseynovu saxtakar adlandırıb: “DADP-də olduğum 17 il ərzində özünə yaxın internet saytında özünü partiyanın sədri kimi təqdim edən Əlisahib Hüseynovu heç vaxt bu partiyada görməmişəm. DADP-nin qurucusunun Məmməd Əlizadə olduğu faktdır. Partiyanın qəzeti olub və mən də həmin qəzetdə şöbə müdiri işləmişəm. O vaxtlar Məmməd bəyin müavini Sevda Xurşudova olub. O da Gürcüstan vətəndaşı olduğundan qeyri-formal fəaliyyət göstərib və əsas vəzifəsi Məmməd bəyə çay gətirmək idi. Düzdür, sonradan Esmira Şükürova adlı bir xanım partiyamıza gəlib. O, çox iddialı olduğundan Sevda Xurşudova Esmiranı partiyadan qovub. Məmməd Əlizadənin istefasından sonra DADP-yə Mirkazım Seyidov sədrlik edib. 2012-ci ildə keçirilən qurultayda isə Fatma Əliyeva bu partiyanın sədri seçilib”.


Onun sözlərinə görə, 2013-cü ildə DADP-nin qondarma sədri - Əlisahib Hüseynov peyda olub.


“Əlisahib Hüseynovun “DADP sədr seçkisi” keçirilən “qurultayında” cəmi 62 nəfər iştirak edib. Onun 12-si partiyadan qovulanlar, bir neçəsi qul bazarından tutulub gətirilənlər, qalanları isə guya partiyanın icraçı direktoru, həm də sədr müavini Gürcüstan vətəndaşı olan Sevda Xurşudova adlı qadının özü, qızı, bacısı, oğlu və gəlinidir. Bunu təsdiqləyən həmin “qurultayın” videogörüntüləri var. Bu gün həmin videogörüntülər bizim əlimizdədir”, - deyə o bildirib.


DADP rəsmisi Əlisahib Hüseynovun DADP-nin sədrliyinə iddiasının məqsədli şəkildə oyun olduğunu bildirib: “Onun rəhbərlik etdiyi “DADP”-nin təxribatla, araqarışdırma və parçalanma ilə məşğul olması hamıya bəllidir. Mən 2013-cü ildə keçirilmiş prezident seçkiləri ərəfəsində onların qarşıdurma cəhdlərini xatırlatmaq istərdim. Əlisahib Hüseynovun başçılıq etdiyi dəstə YAP-ın prezidentliyə namizədi, Azərbaycan xalqının və başda sədr Fatma Əliyeva olmaqla Demokratik Azərbaycan Dünyası Partiyasının bütün üzvlərinin dəstəklədiyi namizədə - cənab İlham Əliyevə alternativ namizəd irəli sürmüşdü. Əlisahib Hüseynov və onun əlaltılarına kim icazə vermişdi ki, başqa bir partiyanın sədr müavinin, özünün və təmsil olunduğu partiyanın razılığı olmadan namizədliyini irəli sürsün? Bilirsinizmi buna kim icazə vermişdi? Azərbaycanda prezident seçkilərini pozmağa çalışan qüvvələr, respublikada qarşıdurma, çaşqınlıq yaratmaq istəyən xəyanətkar qruplar. Onlar Əlisahib və onun dəstəsindən bir vasitə kimi istifadə edirdilər. Prezident seçkisi ərəfəsində Əlisahib Hüseynov və onun dəstəsi ifşa olundu və hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən qanuni cəzalarını aldılar. Sevda Xurşudova isə Gürcüstana deportasiya olundu və hazırda öz vətənindədir. Əlisahib Hüsynov isə qanuni cəzasını aldı. Partiyamızın adından istifadə edən bu təxribatçıların ifşa olunmasında həm DADP sədri Fatma Əliyeva, həm də partiyamızın sabiq mətbuat katibi Esmira Şükürovanın böyük xidmətləri olub”.


E. Məlikov DADP-nin əsl sədrinin Fatma Əliyeva olduğunu bildirib: “DADP olaraq son illər keçirdiyimiz tədbirlər çox zəngin olub. Fatma Əliyevanın sədrliyi ilə Xocalı qaçqınlarına yardım edilib. Qubada soyqırımı qurbanlarının abidəsini ziyarət etmişik. Ulu öndərin anım mərasimini keçirmişik, 20 Yanvar faciəsinin ildönümünü qeyd etmişik, respublikamızın müxtəlif regionlarında icra hakimiyyətinin razılığı əsasında tədbirlər keçirmişik və icra hakimiyyəti işçilərinin vasitəçiliyi ilə imkansız ailələrə yardımlar etmişik. Öz maddi maraqları naminə qondarma DADP sədri Əlisahib Hüseynovun ətrafına toplaşanlar, onun puluna, var-dövlətinə tamah salanlar qarşıdan gələn parlament seçkilərində kimlərinsə sifarişləri əsasında 2013-cü ildə keçirilən prezident seçkilərində olduğu kimi yenidən qarşıdurma və çaxnaşma yaratmaq istəyirlər. Məlumat üçün bildirirəm ki, bizim partiyamız bu araqarışdırmada heç bir məsuliyyət daşımır”.


E. Məlikov Əlisahib Hüseynovun Gürcüstanda təhsil müəssisəsi açdığını bildirib. Onun sözlərinə görə, bu şəxsin DADP-yə heç bir aidiyyəti yoxdur.


“Fatma Əliyeva partiyanı normal idarə edir. Əgər Əlisahib Hüseynov legitim partiya sədri olmaq istəyirsə, 2017-ci ildə keçiriləcək növbəti qurultayda namizədliyini irəli sürə bilər. Səs toplayarsa, DADP sədri olar. Lakin qondarma sədr kimi fəaliyyət göstərməyi ona heç kim icazə vermir. Kimlərsə, DADP adından istifadə edib parlament seçkilərin ərəfəsində hər hansı bir təxribat törədə bilməyəcəklər. Görünür, sonuncu prezident seçkilərində aldıqları qanuni cəza onlara bəs olmayıb”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm