Qubad İbadoğlu: “Nominal başqan real başqanın tapşırığını icra etdi”
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu: “Nominal başqan real başqanın tapşırığını icra etdi”

“Müsavat Partiyası Divanı vədinə xilaf çıxdı. Müzakirələrin açıq şəkildə aparılmasına, videoçəkilişin reallaşdırılmasına əvvəlcədən verdiyi razılığı son anda pozdu. Saxta rəhbərlik, qondarma Divan üzvləri xalqın, sıravi müsavatçıların 100 ildən çox tarixi olan bir partiyada qərarların necə avtoritar, necə ədalətsiz qəbul edildiyini görməsindən çəkinərək, saxta demokrat kimliklərinin aşkara çıxmasından, maskalarının cırılmasından qorxdular”.


Publika.az xəbər verir ki, bu barədə dünən Müsavat Partiyası sıralarından çıxarılan ADR təsisçisi Qubad İbadoğlu deyib.


O, partiyadan çıxarılacağını əvvəlcədən bildiyini qeyd edib: “Bağlı qapılar arxasında toplaşan saxta hakimlər mənim partiyadan uzaqlaşdırılmağıma fərman verdilər. Mən məhz bu qərarın çıxarılmasını əvvəlcədən gözlədiyimdən “divantutma”nın açıq şəkildə keçirilməsinə çalışırdım. Bir neçə gün əvvəl sosial şəbəkə vasitəsilə bu idbar məhkəmənin üzvlərini və onların əlaltılarını kişi kimi mübarizə aparmağa çağırmışdım. Lakin nə fayda, onlarda olmayanı onlardan ummağa dəyməzmiş!”


Q. İbadoğlu qeyd edib ki, o, xeyli əvvəldən bu sifarişin nominal başqanın yox, real başqanın verdiyini bilirmiş.


“Bu gün, sadəcə, üstdən aldığı sifarişi icra etmək üçün toplaşan altdakılar götürdükləri öhdəliyi icra etdilər. Görəsən, bu adamlar qurultaydan sonrakı 4 ay ərzində Müsavat başqanlığına namizədlərdən ikincisini partiyadan uzaqlaşdırdıqlarının fərqindədirlərmi? Görünən kəndə nə bələdçi. Bu qərar Müsavatda aparılan repressiyaların tərkib hissəsidir və çox şübhəsiz ki, sonuncu olmayacaq. Bu gün Müsavat Partiyasında bir kabus dolaşmaqdadır. Bu kabusun adı avtoritarizmdir. Bu kabusun adı müstəqil fikirləşənin, düşündüyünü deyənin “dilini kəsmək siyasətidir”. Bu kabusun adı Müsavatı manqurtlaşdırmaq cəhdidir”, - deyə o bildirib.


Q. İbadoğlu tərəfdarlarını ruhdan düşməməyə çağırıb: “Qətiyyən ruhdan düşməyin. Bu qondarma, qeyri-legitim rəhbərlik istədiyinə nail ola bilməyəcək. Bütün kabuslar kimi onların da küləklə sovrulacağı gün gələcək və o gün uzaqda deyil. Biz Məhəmməd Əmin Rəsulzadənin bu xalqa miras qoyduğu milli məfkurənin bir tayfanın, bir qrupun əlində oyuncağa çevrilməsinə imkan verməyəcəyik. “İlan ulduz görməsə, ölməz” deyib atalarımız. Ulduzun görünməsinə, parlament seçkilərinə elə də çox qalmayıb”.


Q. İbadoğlunun çıxarılmasına münasibət bildirən başqanlığa keçmiş namizəd Səxavət Əlisoy Publika.az-a açıqlamasında Müsavatın demokratiyadan, söz azadlığından danışmağa haqqının olmadığını bildirib: “Vaxtilə Əşrəf Mehdiyev və Etibar Məmmədov Heydər Əliyevə prezident seçkilərində rəqib oldular və hər ikisi, xüsusən Əşrəf Mehdiyev Heydər Əliyev barəsində çox sərt ifadələr işlətdi. Heydər Əliyev prezident seçildikdən sonra çoxları onun alternativlərinə qarşı sərt olacağını təxmin edirdi. Lakin olmadı. İsa Qəmbər və Cəmil Həsənli prezident seçkilərində İlham Əliyevə rəqib oldu.

Ancaq İlham Əliyev də rəqibləri barədə cəza tədbiri seçmədi. Ancaq “Demokrat” Hacılı Müsavatın VIII qurultayında saxta yolla başqan olduqdan sonra görün hansı oyundan çıxdı. Başqanlıq seçkisində rəqibi olan 3 müsavatçıdan ikisini partiya sıralarından xaric etdi. Onun göstərişi ilə neçə müsavatçı partiya cəzası aldı. Bu faktlar ortadadırsa, Müsavat hansı haqla demokratik dəyərlərdən danışa bilər? Bir anlığa təsəvvür edin ki, ona hakimiyyətdə hər hansı bir vəzifə həvalə edilib (hərçənd ki, bunu Hacılı yalnız yuxusunda görə bilər). Adam nələr etmək eşqinə düşərdi. Tanrı dağına baxıb qar verər. Hacılı cılız adamdır, onu yaxından tanıyanların hər biri onun nə qədər cılız olduğunu gözəl bilir. Zat cılız olduğu üçün Müsavatı da özünə oxşatmaqda qərarlıdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm