Səfir: “Ermənistan müstəqil dövlət kimi davrana bilmir”
Bizi izləyin

Nida.az

Səfir: “Ermənistan müstəqil dövlət kimi davrana bilmir”

“Öz yanlış siyasəti nəticəsində regionun inkişafından kənarda qalan Ermənistan 20 ildən artıqdır müstəqil dövlət kimi davrana bilmir. Bu isə rəsmi İrəvanın öz xalqının gələcəyini nə qədər düşündüyünü şübhə altına qoyur”.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.az-a verilən məlumata görə, bu barədə səfirimiz Elin Süleymanov Cənubi Kaliforniya Universitetinin Vaşinqton şəhərində fəaliyyət göstərən bölməsində professor-tələbə heyəti qarşısında “Azərbaycan: Enerji Siyasəti və Geosiyasət” mövzusunda çıxış zamanı deyib.

Səfir çıxışında Azərbaycan dövlətinin tarixi nailiyyətləri, geostrateji mövqeyi və Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verib. O, xüsusilə ölkəmizin iqtisadi inkişafı, enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanın iştirakı ilə həyata keçirilən iri regional layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Avrasiya Super İnformasiya Magistralı layihələri auditoriyanın diqqətinə çatdırıb.

Azərbaycanın regionda məhz müstəqil və praqmatik dövlət kimi etibarlı tərəfdaş olduğunu qeyd edən diplomat Azərbaycanın həmçinin regionda müstəqil siyasət aparan, beynəlxalq hüquqa riayət edən, heç bir dövlətin daxili işlərinə qarışmayan, özünü təmin etmək imkanında olan, bərabər hüquqlu tərəfdaşlığa üstünlük verən ölkə olduğunu vurğulayıb.


Onun sözlərinə görə, bir tərəfdən Avrasiya məkanında baş verən proseslər, digər tərəfdən isə Azərbaycanın son iki dekadada keçdiyi müstəqillik dövrü və inkişafı sübut edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zamanında qəbul etdiyi qərarlar özünün strateji yanaşması və uzaqgörənliyi ilə fərqlənir. Xəzərin zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına açmış “Əsrin müqaviləsi”ndən 20 il sonra Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, bölgənin ümumi siyasi transformasiyasına təsir edib, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verib: “Bunun nəticəsi olaraq Azərbaycan Cənubi Avropanın yeni coğrafiyasının formalaşmasının müəllifinə çevrilib. Eyni zamanda, Azərbaycan Bakı-Supsa kəməri ilə Qara dəniz regionuna, Bakı-Tbilisi-Ceyhan kəməri ilə Aralıq dənizi regionuna çıxıb, Cənub Qaz Dəhlizi vasitəsilə isə Xəzər, Qara, Aralıq və Adriatik dənizi məkanı yaradılıb”.

E.Süleymanov qeyd edib ki, Azərbaycan müstəqilliyin məsuliyyətini tam anlayaraq özünün inkişafı ilə bərabər regionun digər ölkələrinin inkişafına töhfə verir ki, bu xüsusiyyət regionda lider ölkələrə məxsus mövqeyi əks etdirir.

Diplomat son vaxtlar Şərqi Avropada, eləcə də Yaxın Şərqdə baş verən münaqişələrin yenidən kəskinləşməsinə istinad edərək böyük dövlətlərin daha məsuliyyətli yanaşmasının vacibliyini bildirib: “Sabitlik və inkişaf olmayan yerlərdə radikallaşma meylləri daha çox nəzərə çarpır ki, Qərb dövlətləri, o cümlədən rəsmi Vaşinqton tərəfindən daha strateji, düşünülmüş və mövcud reallıqları nəzərə alan yanaşma əhəmiyyətlidir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm