Rasim Musabəyov: “Bu vəziyyət Azərbaycan üçün də problemlər yarada bilər”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Bu vəziyyət Azərbaycan üçün də problemlər yarada bilər”

“Ukraynada baş verən hadisələrə görə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının daha da sərtləşdirilməsi gözlənilir. Eyni zamanda ABŞ yaxın vaxtlarda Ukraynaya müdafiə xarakterli silahların satışına başlaya bilər”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.

Onun sözlərinə görə, bütün bunlar Ukraynada NATO ilə Rusiya arasında müharibənin başlanması demək deyil. R.Musabəyov deyib ki, yaranan vəziyyət ilk növbədə Ukraynaya qonşu ölkələr olan Polşa, Belarus və Moldova üçün təhlükəlidir: “Eyni zamanda, bu vəziyyət Cənubi Qafqaz regionu ölkələri, o cümlədən Azərbaycan üçün də problemlər yarada bilər”.

Deputat Litva Prezidentinin Ukraynadan sonra ölkəsinin də Rusiya tərəfindən işğal ediləcəyi barədə söylədiyi açıqlamaya da toxunub: “Doğrudur, bu cür fikirlər səsləndirilir. Amma yaddan çıxartmaq lazım deyil ki, Baltik dənizi hövzəsi ölkələri NATO-nun üzvüdür. Ona görə də indidən həmin ölkələrin müdafiəsi istiqamətində işlər görülür. Amma bilavasitə Polşa üçün də hər hansı hərbi təhlükə yoxdur. Sadəcə olaraq, yaxın bölgədə gedən müharibə və ağır silahlar Polşa və digər ətraf ölkələr üçün təhlükəli sayılır. Düşünmürəm ki, Rusiyanın planlarında Polşaya və digər ölkələrə açıq şəkildə hərbi müdaxilə olsun”.

R.Musabəyov qeyd edib ki, Rusiya rəhbərliyinin Ukrayna ilə də açıq şəkildə müharibə etməyə ağlı çatmaz: “Doğrudur, indi Rusiya əsgərləri Ukrayna sərhədlərini keçirlər və separatçılarla gedən müharibədə iştirak edirlər. Ancaq Ukrayna tərəfinə Rusiya hərbi korpusu, diviziyası keçmir. Bütün bunlar lokal xarakter daşıyır. Rusiya çalışır ki, Ukraynada Proşenko hakimiyyətini təzyiq altında saxlasın və beləliklə, bu ölkədə hərbi və böhranlı iqtisadi vəziyyətdən bezən camaat ayağa qalxıb indiki iqtidarı devirsin. Rusiya da Proşenkonun yerinə öz adamını gətirsin. Amma bu Putinin əleyhinə də ola bilər. Çünki indi Rusiyanın özündə də iqtisadi vəziyyət yaxşı deyil. Doğrudur, indi Rusiyada millətçilik əhvali-ruhiyyəsi yaranmış böhranı ört-basdır edir. Ancaq bu çox davam edə bilməz”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm