Vəfa Quluzadə: “Yeganə ümid Rusiya-ABŞ müharibəsinədir”
Bizi izləyin

Nida.az

Vəfa Quluzadə: “Yeganə ümid Rusiya-ABŞ müharibəsinədir”

“Burada itirən Poroşenko olacaq və Ukrayna “II Qarabağ"la üzləşəcək”.


Bunu Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Minsk danışıqlarını şərh edərkən deyib.


Onun sözlərinə görə, Fransua Ollandla Angela Merkel qələbə çalmaq istəyir: “Onlar sülh olmasını, yaxud ən azından müvəqqəti olsa belə, atəşkəsin elan olunmasını istəyirlər. Burda da itirən Ukraynadır. Çünki atəşkəs olarsa, Poroşenko torpaqlarını separatçılardan azad etmək hüququndan məhrum olur. Putin separatçıları de-fakto müstəqillik qazanır. Baxmayaraq ki, Moskva Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirir. Rusiya Azərbaycanın da ərazi bütövlüyünü tanıyır. Amma Dağlıq Qarabağın azad olunmasına imkan vermir və 20 ildir atəşkəs rejimi tətbiq olunub. Rusiya olmasa, biz ermənilərlə bir saatın içində danışıqlar apara, ya sülh, ya da müharibə yolu ilə ərazi bütövlüyümüzü bərpa edə bilərik. Amma Rusiya burda qılınc kimi göydən asılıb. Ukraynada da eyni Qarabağ ssenarisidir”.


V. Quluzadə hesab edir ki, Ukraynada atəşkəs olarsa, bu, müvəqqəti olacaq.


“Çünki müharibədə atəşkəs mənasız prosesdir. Rusiya Ukraynadan çıxmalı, Proşenkoya Donesktdəki ruslarla danışıqlar aparmağa imkan yaratmalıdır. Lakin Putin buna imkan vermir və deyir ki, Poroşenko oradakı rusları qıracaq. Yəni belə təcavüzkar, imperialist siyasət yürüdür. Göründüyü kimi, hazırda Ukraynada Azərbaycan ssenarisi tətbiq olunur. Ruslar bu ssenariləri uzun illər öncə icad ediblər. İşğal edir, öz canişinlərini gətirir. Heç nə dəyişməyib. Sadəcə olaraq, bircə ümid var”, - deyə politoloq qeyd edib.


Sabiq dövlət müşavirinin fikrincə, yeganə ümid Rusiya ilə özündən daha böyük imperiyanın – ABŞ-ın savaşmasıdır. Onun sözlərinə görə, Ukraynada Qərb və Rusiyanın maraqları toqquşdu: “Qərb geri çəkilməyəcək. İlkin varianta görə, atəşkəs olacaq. Bunun köməyi ilə Ukrayna Avropa ölkəsinə çevriləcək. Belə olarsa, bu, Rusiyanın xeyrinə deyil. Putinin məqsədi Ukraynanı tamamilə qarışdırmaqdır. Ora Yanukoviçin özünü, yaxud onun tipli rəhbər gətirmək istəyir. Hazırda Ukraynada heç bir müsbət proses görmürəm. Ukrayna ilə sərhəddə Rusiya qoşun saxlayır və mütəmadi olaraq atəş açır. Hazırkı situasiya olduqca təhlükəlidir. Çünki Putin nüvə şantajına qədər gedir. İndi Qərb-Rusiya qarşıdurmasının nəticələrinin necə olacağı vacibdir. Rusiya imperiyasından bütün zərərçəkmişlər ABŞ-ı dəstəkləyir. Amma hansının qələbəsinin bizə nə gətirəcəyi məlum deyil”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm