Putinin adamından Azərbaycana xəbərdarlıq – Qafqaza hansı təhlükə var?
Bizi izləyin

Nida.az

Putinin adamından Azərbaycana xəbərdarlıq – Qafqaza hansı təhlükə var?

“Rusiyanın düşmənləri Qafqazda xaos yaratmaq niyyətindədir”.


Publika.az Dağıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi Sergey Melikov bir neçə gün öncə Dağıstanda keçirilən anti-terror komissiyasının iclasında çıxışı zamanı deyib.


S. Melikov iclasda Ukrayna hadisələrinin Rusiya hökumətinə pis təsir etdiyini bildirib: “Yaxşı bilirik ki, beynəlxalq arenada vəziyyət sabit deyil. Transmilli cinayətkar qruplar üçün Qafqazda əlverişli şərait var. Rusiyanın düşmənləri bu vəziyyətdən istifadə edərək, Qafqazda xaos yaratmaq niyyətindədir. Terrorçuluğa qarşı mübarizə komissiyası mümkün təhlükələri müəyyən edib lazımi tədbirlər görməlidir”.


S. Melikovun iştirak etdiyi anti-terror komissiyasının iclasında Dağıstanın bütün güc strukturları iştirak edib.


Dağıstandakı mənbələrdən Publika.az-a daxil olan məlumata görə, regionda terror təhlükəsi getdikcə artır. Belə ki, dini radikalizm və kənar müdaxilələr ümumi sabitliyi pozur: “Dağıstandan İŞİD-ə biət edənlərin olması faktoru Kremli ciddi şəkildə narahat edir. Hüquq-mühafizə orqanlarının səyinə baxmayaraq, radikal qruplaşmaların qarşısını almaq mümkün deyil”.


Mənbə qeyd edir ki, ümumi terror təhlükəsi azərbaycanlıların yaşadığı Dərbənd şəhərinə də təsirsiz ötüşmür.


“Əhali arasında ciddi narahatlıq var. Belə təhlükənin olduğu bir vaxtda Dərbənd şəhər Məclisinin sədri İmam Yarəliyevlə Dağıstan rəhbəri Ramazan Abdulatipov arasında qarşıdurmanın yaşanması Moskvada sərt tənqidlə qarşılanıb. Anti-terror komissiyasının iclasının keçirilməsi də ümumi təhlükələrin olduğu bir vaxtda daxili qarşıdurmanın pislənilməsi məqsədi daşıyıb. Bununla yanaşı, Ukraynadan sonra Qərb-Rusiya qarşıdurması fonunda federasiyada yerli qarşıdurmalar Kremli narahat etməyə bilməz. Ehtimallara görə, Kreml tərəfindən ya Abdulatipov, ya da Yarəliyev cəzalandırılacaq. Lakin indiki məqamda Moskva öz kadrlarını incidib üzərinə qaldırmaq istəmir”, - deyə məlumatda deyilir.


Şimali Qafqaz üzrə araşdırmaçı ekspert Müqəddəs Mehdiyev Publika.az-a S. Melikovun açıqlamasını belə şərh edib: “Melikov Şimali Qafqaz üzrə nümayəndədir və onun əsas işi bu regionla bağlıdır. Lakin onun “Qafqazda xaos yaratmaq niyyətindədirlər” deyərək Cənubi Qafqazın müstəqil ölkələrini də bura daxil etməsi diqqət çəkir. Mən razıyam, Şimali Qafqazda terror təhlükəsi bu gün də gündəmdədir. Bir müddət əvvəl Qroznıda baş verən terror aktları, buna paralel olaraq, İŞİD-ə edilən biətlər təhlükənin ciddiliyindən xəbər verir. Təhlükə bu və ya digər formada Qafqazın cənubuna da yönəlib. Lakin Şimali Qafqaza məsul olan bir şəxsin təhlükəni ümumi Qafqaza aid etməsi iki versiyanı ortaya çıxarır”.

Ekspertin fikrincə, Melikov təhlükənin ümumi olması mesajını verməklə Qərbə qarşı birliyə səsləyə bilər: “Bu, birinci versiyadır. Yəni Rusiya Qafqazda da eyni mənzərə ilə qarşılaşa bilər. Halbuki bunun baş verməsi Moskva üçün Ukraynadan da ciddi nəticələrə səbəb olar. Bu baxımdan, Melikovun dili ilə ümumi təhlükələrə qarşı birlikdə olmaq mesajı verilir. İkinci versiya isə həqiqətən də belə bir təhlükənin mövcudluğudur. Çünki Ukrayna münaqişəsindən sonra beynəlxalq analitiklər də növbədə qarşıdurma hədəfinin Qafqaz ola biləcəyi ehtimalını müdafiə edirlər. Burada vasitələrdən biri də terror təhlükəsidir. Bu gün Şimali Qafqazda buna tez-tez rast gəlinir. Melikovun hansısa məlumatlara istinadən bu cür fikirlər səsləndirməsini həqiqət hesab etsək, o zaman Azərbaycan anti-terror tədbirlərini gücləndirməli və ümumi fonda baş verə biləcək
hadisələrdən özünü sığortalamalıdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm