Müşfiqabad məscidi imamının həbs xəbəri yayıldı
Bizi izləyin

Nida.az

Müşfiqabad məscidi imamının həbs xəbəri yayıldı

Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən və sələfi camaatının ən çox toplaşdığı məscidinin imamı Mübariz Qaçayev həbs olunub.

“Yeni Müsavat”a məscid ətrafında yaşayan sakinlərdən birinin verdiyi məlumatda deyilir ki, M.Qaçayevi məscidin qarşısında başına torba keçirməklə saxlayıb naməlum istiqamətə aparıblar. Mənbə deyib ki, məsciddə hər həftənin cümə günləri keçirilən mərasimlərdə M.Qaçayev xütbə ilə çıxış etsə də, ötən həftənin cümə gününün xütbəsi onsuz keçirilib.

Məlumatı dəqiqləşdimək üçün Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqə Mərkəzi ilə əlaqə saxladıq. Mərkəz rəhbəri Arif Babayev M.Qaçayevin həbsi haqda hər hansı bir məlumata malik olmadığını dedi.

Qeyd edək ki, məscidin imamı Mübariz Qaçayev 2011-ci il aprelin 15-də polisə çağırılıb. Həmin vaxt o, “Azadlıq” radiosuna deyib ki, onu ayda iki dəfə Qaradağ Rayon Polis İdarəsinə aparıb məscidi bağlamağı tələb edirlər: “Bunu edə bilmərəm. Məni təhdid də edirlər ki, əgər məscidi bağlamasan, sənə müəyyən cəzalar da veriləcək. Belə basacağıq, belə kəsəcəyik. Bizim icmamız qeyri-qanuni fəaliyyət göstərirsə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) onun ləğvi haqda qərar çıxarmalıdır. Ondan sonra məhkəməyə getməlidir, ondan sonra o icma qeyri-qanuni hesab olunmalıdır”.

Son günlər azərbaycanlı dindarların Suriyaya döyüşməyə yollanması ilə bağlı çağırışlar səslənib. Yerli mediada Suriyaya döyüşçülərin göndərilməsində daha çox İçərişəhərdəki Aşurbəy və Müşviqabad məscidlərinin adlarının hallandığı ilə bağlı xəbərlər verir. Ötən həftə Masallı Rayon sakini Qurbanəli Vəlişov mediaya müraciət edərək oğlanları Seymur və Həbibin məhz Müşviqabad məscidindən Suriyaya göndərildiyini iddia etmişdi. Hətta KİV nümayəndələri ilə məscidə gedən Q.Vəlişov oğullarını döyüşə göndərdiyi üçün məscidin imamı Mübariz Qaçayevi ittiham etmişdi.

Bundan başqa, QMİ Müşviqabad məscidinin qeyri-qanuni fəaliyyət göstərdiyini, məscidə imamın idarə tərəfindən təyin olunmadığını bəyan edib. M.Qaçayev 3 il əvvəl 2011-ci ilin aprelində də məscid icması ilə bağlı yaranan problemlərə görə polisə aparılıb. M.Qaçayevin MTN əməkdaşları tərəfindən saxlanılması son günlər məscid ətrafında yaranan iddialar, o cümlədən oğlanları Suriyaya gedən valideynin şikayəti əsasında da ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm