Moskvanı “şaxta vurdu”: azərbaycanlılar yeni məkana üz tutur
Bizi izləyin

Nida.az

Moskvanı “şaxta vurdu”: azərbaycanlılar yeni məkana üz tutur

Rusiya iqtisadiyyatı Qərbin tətbiq etdiyi sanksiyalardan sonra zəiflədikcə, bu ölkədə yerli əhali ilə birlikdə miqrantlar yeni məkan axtarışına çıxıb. Söhbət Çexiyadan gedir.


Publika.az xəbər verir ki, Çexiyanın “Praqa ekspress” qəzeti son vaxtlar əcnəbilərin bu ölkədə mənzil sahibi olmasını araşdırıb. Məsələ Azərbaycan üçün ona görə maraqlıdır ki, Çexiyada mənzil sahibi olmaq istəyənlər arasında azərbaycanlılar da çoxluq təşkil edir. Onlar həm Bakıdan olanlar, həm də Rusiyada miqrant kimi yaşayanlardır.


Nəşr yazır ki, Çexiyada mənzil alan əcnəbilər əsasən MDB ölkələrindən olanlardır. Ən çox mənzil alışı paytaxt Praqda və ölkənin şimalında qeydə alınıb. Mənzil bazarında canlanmaya səbəb olan iki amil var. Birincisi, Rusiya iqtisadiyyatının hazırkı vəziyyəti, ikincisi, mənzil qiymətlərinin münasib olması.


“Central Group” agentliyinin nümayəndəsi Milan Yankovski hazırda müştərilərinin 28 faizini əcnəbilər təşkil etdiyini deyib.


“Rusiyadan, Ukraynadan, Qazaxıstan və Azərbaycandan olanlar üstünlük təşkil edir”, - deyə o bildirib.


Tədqiqatlara görə, əcnəbi alıcılar sıralamaya görə belədir: slovaklar, ruslar, ukraynalılar, qazaxlar, azərbaycanlılar, vyetnamlılar, israillilər və amerikalılar.


“Levki” şirkətinin nümayəndəsi Viktor Lexman qeyd edir ki, Rusiya iqtisadiyyatı çətin anlar yaşadığı bir vaxtda bu ölkədə yaşayan xaricilərin də çex mənzillərinə marağı artıb: “Əcnəbi alıcılar ən çox yeni tikililərə maraq göstərir. Onların qiyməti bir kvadratmetrə 1800-2500 avro arasında dəyişir”.


“Reality Zivota” şirkətinin nümayəndəsi Vadim Fyodorov əcnəbi alıcıların daha çox metro yaxınlığındakı evlərə üstünlük verdiyini deyib.


“Alıcılar xüsusi çəkidə varlı insanlar deyil. Onlar orta təbəqənin nümayəndələridir. Misal üçün, Rusiyada yaşayan azərbaycanlı, yaxud digər millətin nümayəndəsi əlində olan pula Çexiyada xudmani və daha ekonomik ev alır. Bu, onun investisiyasıdır. İndiki məqamda eyni yatırımı Rusiyada etmək onlara sərf etmir”, - deyə o bildirib.


Qəzet yazır ki, əcnəbilərə Çexiyada mülk sahibi olmaq vizanın sadə olmasından da irəli gəlir. Onlar ən az altı ay adi viza ilə burda yaşaya bilərlər.


“Lakin xüsusilə Rusiyadan olan əcnəbilər aldığı mənzili yaşamaq üçün nəzərdə tutmur. Onlar daha çox evləri kirayə verərək pul qazanırlar”, - deyə məqalədə bildirilir.


Qəzet ukraynalıların da Çexiyaya üz tutduğunu qeyd edir: “Onlar daha çox sabitlik axtarırlar”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm