Qarabağ üçün yeni format: ATƏT qəbul edəcəkmi?
Bizi izləyin

Nida.az

Qarabağ üçün yeni format: ATƏT qəbul edəcəkmi?

ATƏT PA-nın Vyanada keçirilən sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev Dağlıq Qarabağ münaqişəsinin həllinə məsul olan Minsk qrupunun formatının dəyişməsi təklifi ilə çıxış etdi.


“Minsk qrupunun uğursuzluğu daha effektiv mexanizmlər və yeni yanaşmalar axtarmağa vadar edir. Belə hesab edirəm ki, hər şeydən öncə biz həmsədrlik institutunun tərkibini nəzərdən keçirməli və formatı digər iştirakçı dövlətlərin cəlb edilməsi ilə genişləndirməliyik. Bu baxımdan, ən münasib ölkələrin Almaniya və Türkiyə ola biləcəyini nəzərə alaraq hər iki dövlətin cəlb edilməsi ilə biz Minsk qrupunun hazırkı həmsədrlik institutunu “5-lik Sədrlər Şurası” ilə əvəzləyə bilərik. Niyə məhz Almaniya və Türkiyə? Almaniya hər iki münaqişə tərəfi ilə sıx əməkdaşlıq edir. Bundan əlavə onun hazırkı üç həmsədr dövlət olan ABŞ, Rusiya və Fransa ilə yaxın əməkdaşlıq çərçivəsində Avropa Birliyinin potensial imkanları və resurslarından, xüsusilə də Azərbaycan və Ermənistanın da üzv olduğu Şərq Tərəfdaşlıq proqramından effektiv şəkildə istifadə imkanları var. Bu təşəbbüslə çıxış edərkən sizə Almaniya kansleri xanım Angela Merkelin Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişənin həllində öz ölkəsinin fəal rol oynamasında maraqlı olduğu və buna hazır olması barədə bəyanatını xatırlatmaq istəyirəm. Türkiyənin isə Qafqazda çoxəsrlik tarixi əlaqələri və təsir imkanları var. Türkiyə bu imkanları yuxarıda adları çəkilən digər 4 ölkənin resursları ilə birləşdirməklə tərəflərin qısa müddət ərzində sülh sazişini imzalanmasına öz töhfəsini verə bilər”, - deyə millət vəkilinin təklifində deyilir.


Azərbaycanlı deputatın bu təklifi ATƏT rəhbərliyi tərəfindən müzakirə olunmaq üçün qəbul edilib.

20 il ərzində fəaliyyətsizliyi ilə fəaliyyət göstərən Minsk qrupunun formatında hər hansı yenilik münaqişənin həllinə töhfə verə bilər. Lakin bu, prosedur olaraq mümkün olacaqmı?


Publika.az məsələnin mümkünlüyünü araşdırıb.


Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bu təklifin xarakter etibarilə proseslərə dinamika gətirə biləcəyini deyib: “Almaniyanın Dağlıq Qarabağ məsələsinə yanaşmasını nəzərə alsaq, bu ölkənin Minsk qrupunda təmsilçiliyi prosesə ədalət gətirə, beynəlxalq hüququn tətbiqi ilə nəticələnə bilər. Bu məsələdə Türkiyə də maraqlıdır. Regionun həlledici və daha güclü ölkələrindən olan Türkiyə qlobal səviyyədə oynaya biləcək faktora çevrilir. Həm Avropada, həm də Avrasiyada Ankaranın regional gücü münaqişənin həllinə impuls verə bilər. Lakin bu məsələnin beynəlxalq situasiya baxımından praktiki olaraq mümkünlüyü sual altındadır”.


Politoloqun fikrincə, Minsk qrupunun “5-Sədrlər Şurası”na çevrilməsində tormozlayıcı faktorlar var: “Bu da Ermənistan və Rusiya faktorudur. Ermənistan indiki şəraitdə Türkiyənin Dağlıq Qarabağ probleminə spesifik yanaşmasına razılıq verməyəcək. Həmçinin, Almaniyanın iştirakına qarşı çıxacaq. Minsk qrupu formalaşarkən münaqişə tərəflərinin bilavasitə razılığına ehtiyac var. ATƏT-də bütün məsələlər konsensus yolu ilə qəbul olunur. Hər hansı ölkənin razılığı yoxdursa, bunun baş tutması mümkün deyil”.

N. Miri Rusiya faktorunun da xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

“Rusiya bu proseslərdə hələ də moderator kimi dominant rolunu heç kimə təhvil vermək istəmir. Son zamanlar, məhz Rusiya problemin həllində konkret addımlar atacağını vəd edir. Amma bu şərtlər daxilində mümkündür. Yəni Azərbaycan Avrasiya İttifaqına daxil olur, əvəzində Dağlıq Qarabağda müsbət irəliləyişlərə nail olunur. Amma bu Azərbaycan üçün məqbul məsələ deyil”, - deyə o bildirib.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, bu təklifin səslənməsi əvvəldən razılaşdırılıb: “Azərbaycan Prezidenti Almaniyaya səfəri zamanı güman ki, bu məsələlər müzakirə olunub. Merkelin mətbuata bəyanatı da təsadüfi deyildi. Eyni müzakirələr Türkiyə ilə də keçirilib və nəticədə bu təklif gündəmə gəlib. Bunun münaqişənin həllində irəliləyişə səbəb olacağını hesab etmək olar. Sadəcə olaraq, bundan sonra da daim üzərində işləmək lazımdır. ATƏT rəhbərliyi məsələni müzakirə edəcəklərini açıqlayıb. Amma gərək Azərbaycan tərəfi məsələnin üzərinə getsin”.


Politoloqun fikrincə, Ermənistanın güzəştə getməsi üçün Qərb üzərinə gedilməlidir.


“Ukraynadan sonra post-sovet məkanındakı dondurulmuş münaqişələrə Avropanın baxışı dəyişib. Bunun özü də müsbət yenilikdir. Belə olduğu halda Qərb həqiqətən də münaqişənin həllini və regionda sabitliyin bərqərar olmasını istəyirsə, İrəvana təzyiqlər etməlidir”, - deyə o bildirib.


Rusiya faktoru fonunda İrəvana təzyiq mümkün olacaqmı?


Qərbin Ermənistanı sülhə məcbur etməsi şübhəli görünür. Hər halda münaqişənin davam etdiyi uzun illər ərzində BMT qətnamələrinin olmasına rəğmən, Ermənistana heç bir söz deyilməyib. Bu baxımdan məsələ sual altındadır.

Tutaq ki, Ukrayna böhranı Qərbin gözünü açdı və eyni yanaşma Dağlıq Qarabağa da tətbiq olunacaq. Bunun özü də hələlik qaranlıq məsələdir. Çünki Rusiya-Qərb qarşıdurması müstəvisində ən aktual məsələ Ukraynadır. Hələlik Rusiyanın zəiflədiyi görünsə də, Ukraynadan kimin “sağ” çıxacağını demək çətindir. Digər tərəfdən, Kiyevdə “bataqlığa düşən” Moskva Cənubi Qafqazda əsas dayaq nöqtəsi Ermənistandan əl çəkəcəkmi? Azərbaycanlı deputatın bu təklifi olduqca təqdirəlayiqdir. Ən azından problemi beynəlxalq müstəvidə bir daha diqqətə çatdırmaq baxımından mühümdür. Lakin ümumi kontekstdə hələlik açıq qalan suallar var.


Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc da məsələnin kifayət qədər mürəkkəb olduğunu hesab edir. Onun sözlərinə görə, Azərbaycan tərəfinin təklifi beynəlxalq aləmdə rəsmi Bakının münaqişəni güc yox, sülh yolu ilə həll edilməsi mövqeyini bir daha sübut etdi: “Bunu avropalı siyasətçilər görməlidir. Prosedura görə, Minsk qrupunun formatının dəyişməsi nə qədər çətin olsa da, ən azından, təcavüzkar tərəfin tanıdılması baxımından da bu təklif önəmli idi. İndi söz ATƏT-ə qalır. Qurumun rəhbərliyi Ermənistanı razı sala biləcəkmi? Ermənistan rəhbərliyi də öz növbəsində arxasındakı gücü razı salacaqmı? Bunlar cavabsız suallardır”.


Asif Nərimanlı




Oxumağa davam et
Reklam
Reklam

Gündəm