“Ankara və Tehransız mümkün olmayacaq” – Dağlıq Qarabağ üçün yeni model – ŞƏRH
Bizi izləyin

Nida.az

“Ankara və Tehransız mümkün olmayacaq” – Dağlıq Qarabağ üçün yeni model – ŞƏRH

“Hazırda Finlandiya Minsk qrupunun üzvüdür və Qarabağ münaqişəsinin nizamlanması prosesinin əvvəlki dövrlərində o, qrupa həmsədrlik də edib. Bu ölkənin Aland muxtariyyəti ilə bağlı müsbət təcrübəsi var və bu maraq doğura, Cənubi Qafqaz regionu üçün nümunə ola bilər”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov ATƏT-in Minsk qrupu həmsədrlərinin ötən həftə regiona səfərini şərh edərkən deyib.


Politoloq Azərbaycanın da dəstəklədiyi Böyük sülh sazişində bu modeldən istifadənin mümkünlüyünü istisna etməyib: “Lakin erməni tərəfi adəti üzrə tam əks-mövqe ortaya qoyub. Bu göstərir ki, İrəvan son illərdə dalana dirənmiş danışıqlar prosesinin canlanmasında maraqlı deyil”.


R. Musabəyov həmsədrlərin regiona səfərini münaqişə tərəflərinin prezidentləri arasında dialoqun reanimasiya edilməsinə növbəti cəhd kimi qiymətləndirib.


“Onların danışıqlar prosesinə dinamika qazandırmaq iqtidarında olmadıqları aydındır. Buna görə də, Azərbaycan tərəfi haqlı olaraq həmsədrlərin ünvanına tənqidlər səsləndirir, onların tərkibinin genişləndirilməsinə və ya dəyişdirilməsinə dair təkliflər irəli sürür. Məsələn, Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının qış sessiyası zamanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin sayının 3-dən 5-ə qaldırılması məsələsini gündəmə gətirib. O, yeni həmsədrlərin Türkiyə və Almaniya təmsilçiləri olmasını təklif edib.

1991-ci ilin fevralında ATƏT-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin Praqada keçirilən və Minsk qrupunun yaradılması ilə nəticələnən toplantısında Azərbaycan nümayəndə heyətinə başçılıq etmiş, sonrakı illərdə Minsk qrupunun vasitəçilik səylərini daim müşahidə etmiş şəxs kimi mən bu təklifin məhsuldar olacağına inanmıram. Birincisi, tərəflər həqiqətən də münaqişənin həlli prosesinin başlanğıcı ola biləcək substansional danışıqlara, yəni Böyük sülh sazişinin mətni üzərində diskussiyalara keçməkdənsə, nəticəsiz prosedur mübahisələrinə cəlb olunurlar. İkincisi, vasitəçilərin sayının 5-ə qaldırılmasının onların fəaliyyətində effektivliyi artıracağına dair heç bir tutarlı dəlil yoxdur. Əksinə, sayın bu cür artırılacağı təqdirdə hələ vasitəçilərin öz aralarındakı fikir ayrılıqlarını çözmək üçün xüsusi moderator təyinatına ehtiyac yarana bilər. Üstəlik, namizəd kimi Almaniya və Türkiyənin göstərilməsi Ermənistan tərəfindən birmənalı etirazla qarşılanır. Bundan başqa, Türkiyənin vasitəçiliyə namizədliyinin müzakirəsi belə, Ankaranın Qarabağ münaqişəsinin həllindən əvvəl Ermənistanla diplomatik əlaqələri bərpa etməsi, sərhədləri açması zərurətini yaradacaq.

Bu, Azərbaycanın xeyrinədirmi? Türkiyə ilə Almaniya Minsk qrupunun üzvləri qismində sülh prosesinə müsbət təsir göstərmək iqtidarındadırlar. Onlar Minsk konfransının çağırılmasına, bununla da orada yaranmış vəziyyətin kollektiv müzakirəsinə, həmçinin tərəflərin razılığa gələ bilmədikləri baza prinsiplərinin formalaşdırılmasına nail ola bilərlər. Maraqlı regional fövqəldövlət olan Türkiyə Moskva, Paris və Vaşinqtonla ikitərəfli dialoqlar vasitəsilə vasitəçilərin işinə öz təsirini göstərə bilər. Almaniya isə Avropa İttifaqının nüfuzlu üzvü olaraq, nizamlama prosesinin stimullaşdırılması üçün Aİ-nin iqtisadi-maliyyə və siyasi resurslarını cəlb edə bilər. Üstəlik, 2016-cı ildə Almaniya ATƏT-ə sədrliyə başlayacaq və nəticədə Minsk qrupu ilə paralel şəkildə tam rəsmi vasitəçilik səyləri göstərmək imkanı qazanacaq. Bir sözlə, Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olunması üçün onu sürətləndirməyə qadir olan fövqəldövlətlərin praktiki səylərinə ehtiyac var. Bunun üçün vasitəçi strukturda dəyişikliklər getmək vacib deyil”, - deyə millət vəkili qeyd edib.


R. Musabəyov “İsveçrə protokolları”nın Ermənistan parlamentindən geri çağırılmasına da münasibət bildirib: “Protokolların parlamentdən geri çağırılması ilə İrəvan və onun xarici himayədarları, əslində, Türkiyəni Azərbaycandan ayırmaq üçün qurulmuş hiyləgər planın iflasa uğradığını etiraf ediblər. Onlar bu planı həyata keçirməklə Bakını ərazi güzəştlərinə, ermənilərə sərf edən sülhə razı salmağı düşünürdülər. Ermənistanın və onun xaricdəki diasporunun xoşuna gəlsə də, gəlməsə də, nüfuzlu regional fövqəldövlət olan Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən kənarlaşdırmaq mümkün deyil. Bu sözlər İrana da aiddir. Onun özü beynəlxalq təcrid vəziyyətində olsa da, ATƏT-də yer almasa da, vasitəçilik səylərində iştirak etməsə də, Tehranın prosesindən tam kənarda tutulması mümkün deyil. İran Qarabağ münaqişəsi zonası ilə bilavasitə sərhədə malikdir. Problemin nizamlanmamış qalması, hərbi əməliyyatların bərpası ehtimalı bu nəhəng regional fövqəldövlətin maraqlarına birbaşa təsir göstərir”.


Politoloqun fikrincə, azərbaycanlı girovların azadlığına nail olunması, erməni tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində təxribatçı hərbi təlimlərdən imtinaya razı salınması vacibdir: “Bu, nəinki prezidentlərin görüşü üçün müsbət fon yaradar, həm də təmas xəttində atəşkəs rejiminin möhkəmlənməsinə təkan olar. İstənilən halda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bir halda məna kəsb edəcək ki, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə böyük sülh sazişi üzərində işə başlanmasına start versin”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm