Berlin üçün Bakının önəmi: “Azərbaycan etibarlı partnyordur”
Bizi izləyin

Nida.az

Berlin üçün Bakının önəmi: “Azərbaycan etibarlı partnyordur”

“Azərbaycan və Almaniyanı yalnız energetika sahəsində və Cənubi Qafqaz və onun hüdudları xaricində sabitliyin, təhlükəsizliyin qorunması maraqları bağlamır. 2009-cu ilin mayında Bundestaq tərəfindən qəbul edilən və bu günə qədər öz qüvvəsini itirməyən qətnamə var. Bu qətnamədə dövlətlərin ərazi bütövlüyü məsələsi xüsusi vurğulanır”.


Publika.az xəbər verir ki, bu barədə Bundestaqın vitse-prezidenti Yohannes Zinqhammer deyib.


Onun sözlərinə görə, Bakı və Berlin arasında ikitərəfli əməkdaşlığın tarixi böyükdür: “Azərbaycan müstəqilliyini bərpa edəndən sonra səfirlik açdığı xarici ölkələr arasında Almaniya ilk sıralarda idi. Bu, bizim dövlətlər arasında sıx dostluq əməkdaşlığının olmasına nümunədir. Prezident İlham Əliyevin Berlin səfəri, Angela Merkellə görüşü, həmçinin, Münhen təhlükəsizlik konfransında iştirakı bizim əlaqələrimizin yaxınlığından xəbər verir. Hesab edirəm ki, Almaniya – Azərbaycan münasibətlərinin potensialı böyükdür. Cənubi Qafqaz ölkələri ilə Almaniyanın ticarət dövriyyəsinin əsas hissəsi Azərbaycanın payına düşür”.


Vitse-prezident geosiyasi vəziyyət baxımından da Bakı və Berlin arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Almaniya birləşmənin 25 illiyinə hazırlaşır: “Biz müharibələrin Avropadan uzaqlaşdığını düşünürdük. Lakin təəssüflər olsun ki, bu gün müharibələr yenidən qapımızı döyür. Bununla yanaşı, Yaxın Şərq və Afrikada terror qruplaşmalarının fəallaşması da ümumi təhlükəsizliyə qarşı birgə hərəkəti vacib edir”.


Y. Zinqhammer Azərbaycanın zəngin xammal resurslarına malik olmasına, həmçinin, geosiyasi əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan Almaniyanın da enerji təhlükəsizliyində əhəmiyyətli paya sahibdir: “Almaniya Azərbaycandan 2 milyard avro dəyərində neft idxal edir. Bununla yanaşı, Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi də Avropa, eləcə də bizim üçün olduqca əhəmiyyətlidir. Bu faktiki olaraq enerji təhlükəsizliyimizə töhfə olacaq. 4 ildən sonra Azərbaycan qazı Avropaya çıxarılacaq. Almaniya Federal hökuməti Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini rəsmi şəkildə dilə gətirib”.


Bundestaqın vitse-prezidenti Azərbaycanın Avropa dəyərlərinə önəm verdiyini xüsusi vurğulayıb və bundan məmnun olduqlarını dilə gətirib.


“Biz Azərbaycana Qərbin etibarlı partnyoru kimi baxırıq. Bu ölkə mürəkkəb mühitdə yerləşməsinə baxmayaraq, etnik və dinlərarası tolerantlığına görə qürrələnə bilər. Mən Azərbaycanda qadınlara seçim hüququnun ötən əsrin əvvəllərində verildiyini xatırlatmaq istəyirəm. O zaman Almaniyada belə bir hüquq yox idi. Hesab edirəm ki, beynəlxalq səhnədə mövcud olan bu çətin vəziyyətdə biz əməkdaşlığımızı intensivləşdirməli, dünyanın inkişafı üçün birgə çalışmalıyıq”, - deyə Y. Zinqhammer diqqətə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm