Fəzail Ağamalı: “Azərbaycanda “stəkanda fırtına” yaratmağa çalışırlar”
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı: “Azərbaycanda “stəkanda fırtına” yaratmağa çalışırlar”

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bir sıra xarici təşkilatların Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etmə çağırışına münasibət bildirib.

Publika.az-ın məlumatına görə, deputat deyib ki, bəzi xarici QHT-lər və təşkilatlar anti-Azərbaycan koalisiyasında yer alırlar və Azərbaycana davamlı olaraq iftiralar və böhtanlar yağdırmaqda öz fəaliyyətlərini davam etdirirlər: “Təbii ki, demokratiya böyük bir prosesdir. Heç bir ölkədə ideal demokratiya mühiti yoxdur. Azərbaycan da bu gün demokratik cəmiyyətin qurulması yolunda çox mühüm addımlar atır. Bu da dövlətimizin fundamental prinsipidir. Lakin bununla bərabər, demokratiya pərdəsi arxasındakı fikirlərlə müxtəlif təşkilatların çətiri altında dalğalanaraq, Azərbaycan qanunlarını pozanlar varsa, təbii ki, onlar Azərbaycan qanunlarına uyğun olaraq məsuliyyətə cəlb olunmalıdırlar və olunurlar. Məhkəmələr tərəfindən də onların əməllərinə hüquqi qiymət verilir. Bu, dünyanın bütün demokratik, hüquqi dövlətlərində belədir. Bizdə də belədir və bu cür də olmalıdır.

Təəssüf ki, öz ölkələrində insanların qətlinə göz yuman, vəhşiliklərə laqeyd olan belə təşkilatlar Azərbaycan kimi ölkələrdə “stəkanda fırtına” yaratmağa çalışırlar. Əlbəttə, bütün bunların arxasında Azərbaycanı istəməyən anti-azərbaycançı qüvvələr var. Heç şübhəsiz ki, burada da erməni izi var. Erməni lobbisinin bütün mənalarda özünü ifadə etməsi var. Düşünürəm ki, bu deyilənlərin heç bir əsası yoxdur”.

F.Ağamalı qeyd edib ki, Azərbaycanda qarşıdan gələn I Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək. Onun sözlərinə görə, “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçiriləcəyi müddət ərzində bu cür təşkilatlar ən müxtəlif üsullarla Azərbaycanda bu müsabiqənin səviyyəsini aşağı salmaq, onu boykot etmək və keçirilməsinə mane olmağa cəhdlər etsələr də, onlar buna nail ola bilməyiblər: “Bu müsabiqə ölkəmizdə çox yüksək səviyyədə keçdi. Bu gün də bu müsabiqədə Azərbaycan fenomeni təkrarlanmaqdadır. I Avropa Oyunlarının keçiriləcəyi ərəfədə bu cür təşkilatların yaxasını cıraraq Azərbaycana qarşı böhtanlar yağdırması, tam əminəm ki, heç bir nəticə verməyəcək. Bu oyunlar ölkəmizdə yüksək səviyyədə keçiriləcək. Bir tərəfdə bu cür təşkilatların Azərbaycana qarşı iftiraları, digər tərəfdə isə hörmətli həmkarımız, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə İtaliyada və Avropanın digər ölkələrində keçirilən təqdimatlar. Daha möhtəşəm və yüksək səviyyədə Azərbaycanın tanıdılmasında onun etdikləri. Bu cür iftiralar ona görə də bundan sonra da davam edəcək. Biz onlara qarşı təkcə mətbuatla deyil, onların başa düşəcəyi dildə cavab verməliyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm