Sofiyanın son həmləsi: “Nabucco”nu kimlər dirildir? - Enerji savaşında müəmma
Bizi izləyin

Nida.az

Sofiyanın son həmləsi: “Nabucco”nu kimlər dirildir? - Enerji savaşında müəmma

“Bolqarıstan perspektivlərinin reallaşması nə qədər əlverişsiz görünsə də, Sofiya Avropanın enerji bazarında əsas rol oynamaq ambissiyalarından imtina etmir. Azərbaycan Prezidenti İlham Əliyevlə Boyko Borisovun Sofiyada “Nabucco”nu yenidən diriltməklə bağlı müzakirələri bunu deməyə əsas verir”.


Publika.az xəbər verir ki, Bolqarıstan radiosunun saytında Azərbaycan Prezidentinin Bolqarıstana rəsmi səfəri zamanı bu ölkənin rəhbərliyi ilə apardığı danışıqlar şərh edilib.


Bolqarıstan radiosu yazır ki, Sofiya Xəzər qazının Avropaya çatdırılması layihəsinin yenidən dirildilməsinə Brüsseldən əvvəl təsir etmək niyyətindədir: “Bu Rusiya qazından asılılığı azaldacaq. Hazırda Brüssel və Moskva arasında kəskin geosiyasi qarşıdurma ciddi problemlər yaradıb”.


Bolqar ekspertləri Sofiyanın indiyə qədər uğursuzluğa düçar olduğunu hesab edirlər.


“Əvvəlcə “Nabucco”dan imtina Bolqarıstanın imkanlarını azaltdı. Daha sonra “Cənub axını”na pul qoyuldu, lakin Ukrayna böhranından sonra Brüsselin təzyiqi ilə Sofiya bundan da imtina etdi. Belə olanda Qara dənizinin bolqar sahilində qazbölüşdürücü mərkəzin tikintisi ideyası irəli sürüldü. Bu Mərkəzi və Şərqi Avropanın bütün istehlakçılarının mavi yanacaq almasına hesablanmışdı. Lakin bu ideya da Brüsselin xoşuna gəlmədi. Maroş Şefçeviç bu plana Avropanın dəstəyini diplomatcasına rədd etdi. Boyko Borisov Bolqarıstanın Avropanın qaz təchizatında əsas ötürücü olmağa layiq olduğunda sonuna qədər israr etdi və hazırda ümidlərini “Nabucco”ya bağlayır. Azərbaycan isə görünür şəxsi qazının satışında şaxələndirməyə və müştərilərin əhatəsini genişləndirməyə qarşı deyil. 2,5 trilyon kubmetrdən çox qaz ehtiyatı Bakıya inamlı danışmağa imkan verir.

O da qeyd olunmalıdır ki, Sofiya və Bakının yeni planı ağıllı iqtisadi amillərə söykənir. Burda ilk növbədə Rusiya qazının Avropaya çatdırılmasının dayandırılması haqda qərara söykənir. Digər tərəfdən, Azərbaycan Xəzər, Bolqarıstan isə Qara dənizindəki mavi yanacağın çatdırılmasında ən unikal marşrutlardır”, - deyə Bolqarıstan KİV-i vurğulayır.


Rusiyanın “Nezavisimaya qazeta” nəşri isə iddia edir ki, Rusiya qazından imtina Avropada fikir ayrılığı yaradıb.


“Bu, müəyyən mənada Cənub Qaz Dəhlizi layihəsinə də təsir edə bilər. Prosesləri yaxşı izləyən Bakı manevrlər edir. Bu baxımdan, “Nabucco West” layihəsinin yenidən dirildilməsi Avropaya enerji resurslarının çatdırılması marşrutlarına diversifikasiyanı təmin edəcəyi fikri məntiqlidir. Gələcəkdə Türkmənistan qazının bura qoşulması perspektivləri var. Bu isə Avropanın qaz probleminin həllində mühüm rol oynaya bilər. Ankaranın Aşqabadla danışıqları sürətləndirməsi və bu il Türkmənistan paytaxtında Bakı – Aşqabad – Ankara üçlüyünün TANAP-ı müzakirə edəcəyi də diqqət çəkir”, - deyə nəşr qeyd edib.


Rusiyalı ekspert Vyaçeslav Kulaqin hesab edir ki, “Nabucco West” layihəsinin dirildilməsi gündəmə gəlsə də, Azərbaycan öz qazını Avropaya TAP-la çıxaracaq: “Ölmüş layihənin yenidən canlandırılması məntiqsizdir. Çünki belə olsaydı məsələ Sofiya-Bakı arasında yox, Bakı-Moskva arasında müzakirə olunardı. Mən Cənub Qaz Dəhlizi ilə “Türk axını”nın qarşı-qarşıya gələcəyi fikri ilə də razı deyiləm. Hər iki layihə Türkiyə ərazisindən keçsə də, bunun üçün istifadə olunacaq ərazi və xərclər o qədər də böyük deyil”.


Energetika üzrə ekspert İlham Şaban da hesab edir ki, “Nabucco” haqda bolqar hakimiyyətinin bəyanatı hələlik heç nə ifadə etmir.


“Əslində, Azərbaycan və Rusiya layihələri arasında təmas nöqtəsi yoxdur. Rusiya üçün boru kəmərini Serbiya, Makedoniya, Macarıstan və Yunanıstan vasitəsilə aparmaq daha rahatdır. Ukrayna vasitəsilə Rusiya qazının çatdırılmasına son qoyulandan sonra Ruminiya vasitəsilə Türkiyəyə gedən Bolqarıstan boru kəmərindən istifadə olunacaq. Yəni “Nabucco”nu bərpa etməyin mənası yoxdur. Bolqarıstan baş nazirinin bu barədə açıqlaması daha çox siyasi bəyanat idi. Buna görə də Azərbaycan Prezidenti bu məsələyə o qədər də ciddi yanaşmadı”, - deyə ekspert bildirib.


İ. Şabanın fikrincə, bu bəyanat Avropa Komissiyası və Rusiyaya təzyiq məqsədi daşıyır: “Hazırda Transxəzər boru kəmərindən bəhs edilir və bununla Avropanın təminatının həll ediləcəyi deyilir. Lakin Avropa Rusiya qazından da tam imtina etməyəcək. Məqsəd, Rusiyadan alınan qazın qiymətinin minimuma endirilməsidir. Bolqarıstanın iqtisadi vəziyyəti hazırda pisdir. Sofiya, sadəcə olaraq, Avropa Komissiyasına mesajlar verir. Məqsəd yeni addımlar atmaq və Brüsseldən pul almaqdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm