Kəşfiyyatçı olduğu iddia edilən partiya sədri kimə işləyir?
Bizi izləyin

Nida.az

Kəşfiyyatçı olduğu iddia edilən partiya sədri kimə işləyir?

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qeyri-legitim olduğu deyilən qanadı ilə legitim qanadı arasında qalmaqal səngimir.

Məsələ ilə bağlı Publika.az-a danışan DADP-nin Analitik Araşdırma Qrupunun rəhbəri Elnur Məlikov Əlisahib Hüseynovun özünü qeyri-legitim olaraq partiya sədri kimi təqdim etdiyini deyib: “Son vaxtlar bəzi saytlarda özünü DADP sədri kimi təqdim edən Əlisahib Hüseynovun adından məqalələr dərc olunur. Bu adamın bizim partiyamızın adından çıxış etmək səlahiyyəti yoxdur. Əslində həmin məqalələrdən Əlisahib Hüseynovun özünün də məlumatı yoxdur. Bu məqalələri təşkil edib yayanlar bizim partiyamızdan qovulan bir neçə adamın işidir.

Onlar Əlisahib Hüseynovun pulundan yararlanmaq üçün bunu edir. Yaxşı deyiblər ki, “Milçək şirəyə toplaşar”. Milçəyin isə ürək bulandırmaqdan başqa ayrı peşəsi yoxdur. 2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində də belə bir təxribatla qarşılaşmışdıq. O zaman hüquq-mühafizə orqanlarına müraciət edərək bildirmişdik ki, partiyamızın sıralarından qovulanlar bir yerə toplaşaraq Azərbaycanda sabitliyi pozmaq və prezident seçkiləri ərəfəsində ölkəmizdə qarşıdurma, parçalanma yaratmaq istəyirlər. Bu işdə partiyamızın keçmiş mətbuat katibi Esmira Şükürova fəallıq göstərərək qondarma DADP sədri Əlisahib Hüseynov və onun guya icraçı katibi olan Gürcüstan vətəndaşı Sevda Xurşudovanının ifşa olunmasında və Nəsimi rayon polis idarəsi tərəfindən zərərsizləşdirilməsində böyük rol oynadı. İndi isə Esmira Şükürova bir vaxtlar ifşa etdiyi Əlisahib Hüseynovun yanındadır və bu gün onun təxribat xarakterli əməllərini təbliğ etməklə məşğuldur. Esmira Şükürovanın Əlisahib Hüseynov haqqında “DADP Əlisahib Hüseynov qanadı dağıdılıb. Partiyanın sədri Əlisahib Hüseynov həbs olunub. DADP-nin icraçı katibi Sevda Xurşudova isə Gürcüstana deportasiya edilib” deyə bildirirdi. Vaxtilə Əlisahib Hüseynovun qrupu Azərbaycan prezidenti İlham Əliyevə iqtidarın içindən alternativ namizəd irəli sürərək ölkədə xarici qüvvələrin əli ilə sabitliyi pozmağa çalışırdı. Bununla bağlı məlumatlar mediada dəfələrlə yayılıb. Hətta 2013-cü ildə radikal müxalifət qəzetində “İqtidar düşərgəsində namizəd davası” adlı məqalədə Ə. Hüseynovun təxribatlarını ifşa edən E. Şükürova bu gün onun ətrafında fırlanır, partiya sədri kimi təqdim edir. Bununla yanaşı, Ramiz Orucov və Sevda Xurşudova da bu gün DADP-a qarşı təxribatda əsas rol oynayır.

Vaxtilə Ramiz Orucov mediaya açıqlamasında “13 oktyabr 2012-ci ildə partiyamızın qurultayı keçirilib və Fatma xanın sədr olduqdan sonra qısa müddətdə partiyanın daxilində təxribatçı qüvvələrin olduğu üzə çıxıb. Fatma Əliyeva təmizləmə işləri aparıb və həmin qüvvələr partiyadan uzaqlaşdırılıb. Bu gün həmin qüvvələr yenə DADP –nin adından təxribatla məşğuldur” deyə bildirib. Sevda Xurşudova isə “2012-ci ildə Məmməd Əlizadə partiyadan istefa vermişdi. DADP-nin icraçı katibi kimi bütün işləri də mənə tapşırmışdı. Biz onda qurultay keçirdik, Fatma Əliyevanı sədr seçdik” deyə qeyd edib. Bu sözləri deyənlər bir il sonra qondarma partiya sədrin ətrafına toplaşaraq bu dəfə DADP sədrinin Əlisahib Hüseynov olduğunu iddia edirlər. Bunun da əsas səbəbi Əlisahib Hüseynovun pulunun çoxluğudur”.

DADP rəsmisi qeyd edib ki, Ə. Hüseynov və onun dəstəsinin 2013-cü ildə prezident seçkiləri ərəfəsində Azərbaycanın inkişafını gözü götürməyən qrupların ölkədə qarşıdurma, çaxnaşma və parçalanma yaratmaq cəhdlərini heç kim unutmayıb: “Bu il keçiriləcək parlament seçkiləri ərəfəsində həmin təxribatçı qüvvələr yenə də antimilli qrupların sifarişlərini yerinə yetirməklə məşğuldurlar. Qondarma partiya sədrinin ətrafına toplaşanlar deyirlər ki, guya artıq hakimiyyətlə razılaşma əldə olunub və Əlisahib Hüseynov Qubadlı rayonundan deputat seçiləcək. Onların iddiasına görə bu ilin sonunda keçiriləcək seçkinin elə bir əhəmiyyəti yoxdur. Saxta DADP-çilər iddia edirlər ki, artıq payızda keçiriləcək parlament seçkilərində kimlərin qalib olacağı guya indidən müəyyənləşdirilib. Təbii ki, bu da növbəti təxribatdır. Azərbaycanda keçirilmiş parlament seçkiləri həmişə beynəlxalq aləmin diqqət mərkəzində olub və seçkinin qalibləri də səsvermənin nəticələrindən sonra müəyyənləşdirilir. Ona görə də belə təxribat xarakterli məlumatlara inanmayın və bunun DADP-yə heç bir aidiyyəti yoxdur”.

E. Məlikov əlavə edib ki, E. Şükürova Ə. Hüseynovun Qarabağ qazisi olduğunu iddia edib.

“Məlumat yaydı ki, Əlisahib Hüseynov Qarabağ qazisidir və o, ermənilərin tankını partladıb. Sonra hiss etdilər ki, bu ağ yalan oldu və xəbəri təkzib etdilər. Daha sonra bildirdi ki, Əlisahib Hüseynov kəşfiyyatçı olub. Biz sonuncuya inanmaq istərdik. Əlisahib Hüseynov Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan xəyanətkarların ölkəmizdə aranı qarışdırmaq üçün göndərdiyi kəşfiyyatçı ola bilər. Halbuki “kəşfiyyatçı” olaraq təqdim etdikləri bu şəxs artıq ifşa olunub”, - deyə partiya rəsmisi vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm