Həftənin sensasiyası: enerji xəritəsində “pat” vəziyyət - Növbəti gediş necə olacaq?
Bizi izləyin

Nida.az

Həftənin sensasiyası: enerji xəritəsində “pat” vəziyyət - Növbəti gediş necə olacaq?

Bu həftənin siyasi hadisələri arasında “Nabucco”nun yenidən dirildilməsi xəbəri xüsusi diqqət çəkdi. Halbuki, iqtisadi baxımdan rentabelli hesab olunmayan bu layihəyə iki il öncə xitam verilmişdi. Əvəzində Azərbaycan Avropanın enerji təminatında xüsusi rolunu qorumaq üçün TANAP+TAP kəmərlərini təklif etdi. Kifayət qədər cəsarətli olan bu addım Avropada müsbət qəbul olundu və ötən il Bakıda Cənub Qaz Dəhlizi layihəsinin təməli atıldı.

Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı bu ölkənin baş naziri Boyko Borisov gözlənilmədən yenidən “Nabucco”nu gündəmə gətirdi. Ekspertlərə görə, bu daha çox Sofiyanın Avropaya mesajıdır və nəhəng layihənin dirildilməsi qeyri-mümkün görünür. Xüsusilə Ukrayna böhranından sonra enerji xəritəsində bütün daşların qarışması fonunda bu haqda danışmaq mənasızdır.

Lakin Türkmənistan qazının Transxəzər boru kəməri vasitəsilə Bakıya çatdırılması ideyaları gerçəkləşərsə, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi bazasında böyük “Nabucco”da həyata keçirilə bilər. Hələlik məsələ açıq olaraq qalır.


Rusiyanın “Vedomosti” nəşri son enerji manevrlərinin “Cənub axını”ndan imtina etdikdən sonra Moskvanın irəli sürdüyü “Türk axını”na qarşı olduğunu yazıb.

Təbii ki, enerji savaşında zaman-zaman Bakı və Moskvanı üz-üzə qoymaq cəhdləri olur. İnformasiya təbliğatı burda xüsusi diqqət çəkir. Belə ki, Rusiya nəşrləri Bakı qazının Avropaya yetəri qədər bəs etməyəcəyini əsas gətirir, yaxud hansısa layihənin digərinə qarşı olduğu kimi fikirlər səsləndirir.

Lakin “Vedomosti” nin nəşrində maraqlı məqamlar da var. Xüsusilə “Nabucco”nun yenidən bərpa edilməsi və TAP-a birləşdirilməsi məsələsi diqqət çəkir.


Rusiyanın FNEB konsaltinq qrupunun direktor müavini Aleksey Qrivaç TANAP və TAP kəmərlərinin “Nabucco”ya birləşdirilməsinin yalnız “Şahdəniz” yatağının resursları hesabına mümkün olmayacağını hesab edir. Onun sözlərinə görə, bu yataqdakı ehtiyatlar məhduddur.


“Türkmənistan qazını almaq üçün isə Xəzərin dibindən kəmər çəkmək tələb olunur. Lakin Xəzərin statusu bəlli olmadığından bu kəmərin tikintisi də mümkün olmayacaq”- deyə Qrivaç bildirib.


Nəşr Sofiyada “Nabucco”nun bərpası haqda müzakirələrlə eyni vaxtda Bakıda Xəzərin statusu məsələsi ətrafında müzakirələrin keçirilməsinə diqqət çəkir.


“Avropa Birliyi Azərbaycan və Türkmənistan qazının Avropaya nəqlində maraqlıdır. Birlik bu məsələdə siyasi və hüquqi dəstək verməyə də hazırdır”, - deyə adının açıqlanmasını istəməyən Avropa Komissiyasının rəsmisi bildirib.

Lakin o, “Nabucco”nun yenidən dirildilməsi məsələsini şərh etməkdən imtina edib.


Rusiya isə bunu daha çox siyasi bəyanat hesab edir. Nəşr yazır ki, Bakı “Nabucco”nun bərpası məsələsinə o qədər də ciddi yanaşmır. Bütün hallarda Azərbaycan üçün vacib olan öz qazını Avropa bazarına çıxarmaqdır. Lakin bu məsələnin gündəmə gəlməsi enerji xəritəsində “pat” vəziyyəti yaradır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm