XİN: "Ermənistan girovlarımızı dərhal azad etməlidir"
Bizi izləyin

Nida.az

XİN: "Ermənistan girovlarımızı dərhal azad etməlidir"

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev işğal olunmuş ərazilərimizdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin separatçı rejim tərəfindən qurama “apelyasiya prosesi”nin başa çatmasına münasibət bildirib.

Publika.az-ın məlumatına görə, XİN rəsmisi deyib ki, Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin qurama “apelyasiya prosesi”nin başa çatması barəsində məlumat verilib. Onun sözlərinə görə, Ermənistan tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində təşkil olunmuş “məhkəmə prosesi”nin heç bir hüquqi əsası yoxdur və qəbul edildiyi iddia edilən “qərar”lar da heç bir hüquqi mahiyyət kəsb edə bilməz: “Qondarma məhkəmə prosesi vasitəsilə öz üzərinə düşən məsuliyyəti gizlətməyə çalışan Ermənistan tərəfi anlamalıdır ki, Cenevrə Konvensiyalarına əsasən nə zaman və harada olmasından asılı olmayaraq, mülki şəxslərin girov götürülməsi qadağandır.

Dilqəm Əsgərov və Şahbaz Quliyevi ən qəddar fiziki işgəncələrə məruz qoyan Ermənistan bu kimi qurama məhkəmə prosesi vasitəsilə onları eləcə də mənəvi və psixoloji işgəncələrə məruz qoyur.

Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə və beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin girovların azad edilməsi barəsində çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir.

Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş şəxsləri dərhal azad etməlidir.

Ermənistan silahlı qüvvələri tərəfindən girov görürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə təmaslar davam etdiriləcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm